№-li İngilis dili fakültəsinin kurs (qrup 121) tələbəsi Mövsümova Gülnarın Bakalavr təhsil pilləsi üzrə “AZƏrbaycan xalq cümhuriYYƏTİNİn xariCİ SİyasəTİ”



Yüklə 58,24 Kb.
səhifə3/7
tarix01.01.2022
ölçüsü58,24 Kb.
#105896
1   2   3   4   5   6   7
AZƏRBAYCAN GÜRCÜSTAN

MÜNASİBƏTLƏRİ VƏ BORÇALI MƏSƏLƏSİ
Sərhəd məsələsi tezliklə istiqlalını elan etmiş Cənubi Qafqazın üç yeni dövləti arasında münaqişəli problemə çevrildi. 1918-ci il iyun ayının 5-də Gürcüstan hökümətinin iclasında Borçalı qəzasında işlərin vəziyyəti və Gürcüstan dövlətinin dəqiq sərhədlərinin aydınlaşdırılması məsələsi qaldırıldı. Borçalı, Sığnax və Tiflis qəzalarının sərhədlərində silahlı qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edildi.

Bu qərardan bir neçə gün sonra alman hərbi dəstələrinin müşayiəti ilə Borçalıya gürcü qoşunları yeridildi. Onlara Poylu körpüsünə qədər dəmiryol xətti boyu ərazini tutmaq əmri verilmişdi. Borçalıya daxil olan hərbi hissələrin köməkliyi ilə gürcü məmurları öz idarələrini qurmaqla yanaşı, burada taxıl məhsulunu müsadirə edir, yerli əhalini incidərək, onları yurdlarını tərk etməyə məcbur edirdilər. Yerli əhali bir çox hallarda Azərbaycan hökumətinə müraciət edir, bu torpaqların Azərbaycan torpaqları hesab edilməsini və yeni yaranmış Azərbaycan Demokratik Respublikasının öz hakimiyyətini Borçalıda təsbit etməsini tələb edirdi.

Gürcü hökumətinin tez-tələsik Borçalını özününküləşdirmək cəhdlərinə, buradakı yerli türk əhalisinin incidilməsi və onların kömək haqqında müraciətlərinə Azərbaycan hökuməti fəal reaksiya verdi. Xarici İşlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan Respublikasının xarici İşlər nazirinə məktubla müraciət etdi. M.H.Hacınskinin məktubunda Gürcüstan hökümətinin Borçalı qəzasını Gürcüstan ərazisi sayaraq, guya qəzanı quldur dəstələrindən təmizləmək üçün oraya alman dəstələri ilə birlikdə gürcü qoşunlarını göndərməsi məsələsinə toxunulmuş və Borçalı qəzası əhalisinin buraya gəlmiş nümayəndələrinin həmin dəstələrlə dinc müsəlman əhalisi arasında silahlı toqquşma olduğunu bildirdikləri qeyd olunmuşdur.Çox keçmədən Gürcüstanın baş naziri, Xarici İşlər naziri əvəzi N. Ramişvili iyunun 17-də bu məktuba cavab göndərdi. Nazir cavab məktubunda daxili asayişin pozulduğuna təəssüf hissini bildirmiş və Borçalının Gürcüstanın əzəli torpaqları olduğunu qeyd etmişdir.

M. H. Hacınski növbəti, 22 iyun tarixli cavab məktubunda yenidən sərhəd məsələsi üzrə qarışıq Azərbaycan-Gürcüstan komissiyasının yaranması təklifini irəli sürdü.Azərbaycan Respublikasının sərhəd məsələlərini qarışıq komissiya vasitəsilə həll etmək təklifini Gürcüstan hökuməti qəbul etmək istəmir, keçmiş Tiflis quberniyası ərazisinin qeyd-şərtsiz Gürcüstan ərazisi olduğu fikrində israr edirdi. Gürcüstan hökümətinin başçısı Azərbaycanın Tiflisdəki Rəsmi nümayəndəsi Məmməd Yusif Səfərovla söhbətində bir daha qəti şəkildə bildirdi ki, onun hökuməti keçmiş Tiflis və Yelizavetpol quberniyalarının sərhədlərini dəyişməz hesab edir .

Şıxlı kəndinin yerli əhalisi ilə gürcü hərbçiləri arasında silahlı toqquşmadan və yerli əhalinin hərbçiləri qovmasından sonra Gürcüstan höküməti Azərbaycan hökümətinə ultimatum verdi. Bu ultimatum vəziyyəti daha da gərginləşdirdi.Yaranmış təhlükəli vəziyyəti müzakirə edərək Azərbaycan höküməti konflikti dərinləşdirməmək yolu tutdu, lakin öz təklifindən geri dönmədiyini bildirdi.

Qarayazı ətrafında münaqişənin ciddi xarakter aldığını görən və bu məsələni öz ölkəsinin nüfuzunu artırmaq üçün münasib vasitə hesab edən Almaniyanın Qafqazdakı nümayəndəsi General fon Kress münaqişənin həllində öz vasitəçiliyini təklif etdi. Almaniya nümayəndəsi gürcü tərəfini beynəlxalq arbitraj komissiyasının yaradılmasına razı saldı, Azərbaycan tərəfinə isə kiçik alman hissələrinin buraya yerləşdirilməsi şərti ilə Qarayazıdakı hərbi hissələrinin çıxarılmasını təklif etdi. Azərbaycan hökuməti Qarayazıda alman hərbi dəstəsinin yerləşdirilməsini yerli əhali arasında arzuolunmaz reaksiya yaratması təhlükəsi ilə əsaslandıraraq, Qarayazıdan Gürcüstan və Azərbaycan hissələrinin çıxarılması əvəzində burada alman və türk dəstələrinin yerləşdirilməsini təklif etdi. Azərbaycan hökumətinin bu təklifini Nuru paşa da müdafiə etdi.

Son nəticədə Azərbaycan korpusu dəstəsinin burada qalması şərti ilə qarışıq beynəlxalq komissiyanın yaradılması haqqında razılıq əldə edildi.

Azərbaycan hökuməti Borçalı mahalının taleyini həll etməli olan danışıqlara Azərbaycan nümayəndələrinin dəvət olunmamasına qəti etirazını bildirdi. Azərbaycanın Tiflisdəki nümayəndəsi Gürcüstan Xarici İşlər naziri ilə söhbətində bildirirdi ki, Azərbaycan nümayəndələrinin iştirak etmədikləri danışıqların qərarını Azərbaycan tanımayacaq.

1919-cu ilin fevral ayının 21-də Gürcüstanın Xarici İşlər naziri Azərbaycan hökümətinə nota ilə müraciət edib, qonşu ölkələr arasında dəmiryol hərəkətini, poçt və teleqraf mübadiləsi sahəsindəki problemləri, gömrük, maliyyə və mal mübadiləsi məsələlərini müzakirə etmək üçün Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Respublikasının yüksək səlahiyyətli nümayəndələrindən ibarət konfransın keçirilməsini təklif etdi. Azərbaycan Respublikasının Nazirlər şurası bu təklifi qəbul etdi. Gürcü höküməti konfransın gündəliyində təklif edilən əlavə məsələlərə müsbət münasibətini bildirdi, lakin Cənub-Qərbi Qafqaz Respublikasının iştirakına qəti etiraz etdi. Eyni münasibət Ermənistan hökümətinə də aid idi. Konfransın iflası təhlükəsini görən Azərbaycan höküməti Cənub-Qərbi Qafqaz Respublikası məsələsində israr etmədi və uzun yazışma və mübahisələrdən sonra yeni yaranmış dörd Qafqaz dövlətinin yüksək səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfrans aprelin 25-də Tiflisdə öz işinə başladı. Azərbaycan Respublikası nümayəndə heyətinə baş nazir və xarici işlər naziri əvəzi Fətəli xan Xoyski özü başçılıq edirdi.

Mübahisəli məsələlərin, o cümlədən ərazi-sərhəd məsələlərinin həlli yollarının əsas istiqamətləri və prinsipləri barədə Qafqaz dövlətlərinin razılığa gəlmələri konfransın ən böyük müvəffəqiyyəti idi.Komissiyaların gərgin və konstruktiv işi bu konfransın Qafqaz dövlətləri arasında normal münasibətlərin nəhayət qurulması işində əhəmiyyətli mərhələ olacağı ümidini verirdi.

Lakin iyun ayının əvvəllərində regionda vəziyyətin kəskin surətdə dəyişməsi Qafqaz konfransını öz işini dayandırmağa məcbur etdi. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru sürətlə irəliləməsi Azərbaycan Respublikasının qismən Gürcüstanın taleyi üçün ciddi təhlükə yaratdı.

Qafqaz konfransının uğurlu işi, o cümlədən burada Azərbaycan tərəfinin təklif etdiyi Qafqazın müstəqilliyinə təcavüzün qarşısının alınması tədbirləri haqqında sənədin konstruktiv müzakirəsi Denikin təhlükəsinə qarşı Azərbaycan və Gürcüstan hökumətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi üçün münasib baza yaratdı. Bu meylin nəticəsi olaraq Azərbaycanla Gürcüstan arasında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış və iyunun 27-də hər iki ölkənin parlamentində təsdiq edilmiş hərbi-müdafiə müqaviləsi meydana çıxdı.

Hərbi-müdafiə müqaviləsinə görə, Qafqaz dövlətlərinin istiqlalı və ərazi bütovlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilə iştirakçısı olan dövlətlər bir-birinə hərbi yardım göstərməli razılığa gəlmiş tərəflər hər iki dövlətin müstəqilliyi və suveren hüquqlarının qorunmasına yönəlmiş diplomatik danışıqlarda birgə hərəkət etməli,tərəflər separat sülh danışıqlarından çəkinməli, tərəflər müttəfiqləri ilə ilkin razılığa gəlmədən, başqa dövlətlərlə hərbi konvensiyalar bağlamamalı idilər.

Müqavilənin 10-cu maddəsi Qafqazın üçüncü dövləti Ermənistan barədə idi. Müqavilənin rəsmi elanından sonrakı iki həftə ərzində Ermənistan bu müqaviləyə qoşula bilərdi. Ermənistan hökuməti müdafiə paktına nəinki qoşulmadı, hətta Denikinlə gizli sazişə gəlib, Azərbaycan və Gürcüstana qarşı onunla ittifaq yaratdı baxın.

Azərbaycan-Gürcüstan paktı iki ölkə arasında münasibətlərin normal məcraya düşməsi və əlaqələrin inkişafı üçün münasib şərait yaratdı. Xüsusən hərbi sahədə əməkdaşlıq meylləri artdı.

Azərbaycan hökumətinin dəvəti ilə 1919-1920-ci illərdə onlarla gürcü zabiti Azərbaycan Ordusuna cəlb olundu. Gürcü hökuməti öz anbarlarından Azərbaycana lazım olan qədər əsgəri təchizat vasitələrinin buraxılmasına da razılıq verdi. 1920-ci ilin fevralın 5-də Gürcüstanla ticarət tranzit müqaviləsi imzalandı. Müqaviləyə əsasən iki ölkə arasında sərbəst tranzit rejimi müəyyən edildi. Bir il müddətinə nəzərdə tutulmuş bu müqaviləyə əsasən Azərbaycan qonşu ölkəyə münasib qiymətlər və qaydada istədiyi qədər neft və neft məhsulları satmalı idi.

Beləliklə, Gürcüstanla 1918-ci ilin may ayının sonlarından qurulan əlaqələr çox çətin mərhələləri keçib, bəzi vaxtlar böhran həddinə qədər kəskinləşsə də, 1920-ci ilin əvvəllərindən etibarən normal məcraya düşməkdə idi. İki ölkənin maraqları strateji məsələlərdə üst-üstə düşdüyü üçün Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq münasibətləri formalaşmaqda idi.


Yüklə 58,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin