Nəqliyyat sektoru. Burada əks olunan məlumatlar nəqliyyat fəaliyyətinin təmin edilməsi üçün yanacağın istifadəsinə aid olmalıdır, nəqllə (daşınma ilə) əlaqədar olmayan ehtiyaclar üçün nəqliyyat şirkətləri tərəfindən neft məhsullarının istifadəsinə aid məlumatlar burada göstərilməməlidir. Analoji olaraq, sənayedə və ya digər sektorlarda nəqliyyat məqsədləri üçün istehlak olunan yanacaq iqtisadiyyatın sənaye və digər sektorlarında deyil, nəqliyyat sektorundakı istehlak sayılmalıdır.
Aviasiya. Aviasiyaya tədarük olunan aviasiya yanacağının miqdarı haqqında məlumatlar daxili və beynəlxalq reyslər üzrə bölünərək göstərilməlidir. Daxili uçuşlar üçün istifadə olunan yanacağa hərbi aviasiyada istifadə olunan həcmlər daxildir. Beynəlxalq aviareyslər beynəlxalq dəniz daşınmalarında olduğu kimi müəyyən edilir. Hər hansı bir uçuşun növbəti dayanacağı xarici aeroportdursa, bu uçuş beynəlxalq sayılır. Digər uçuşlar isə daxili sayılır.
Avtomobil nəqliyyatı. Burada ümumi istifadə yolları ilə hərəkət edən hər növ nəqliyyat vasitələrində istifadə olunan yanacaqların miqdarı göstərilməlidir. Yollardan kənarda istifadə olunan yanacaq bura daxil edilməməlidir.
Dəmir yolu nəqliyyatı. Burada dizel teplovozlarının yük və sərnişin daşımaları üçün istifadə etdikləri, həmçinin də manevr əməliyyatlarında lokomotivlərin hərəkəti üçün istifadə olunan bütün neft məhsullarını göstərmək lazımdır.
Daxili su nəqliyyatı (milli naviqasiya). Burada daxili su yollarında və kabotaj gəmiçilikdə gəmilərdə istifadə olunan neft məhsullarının istehlakını göstərmək lazımdır. Beynəlxalq reyslər edən gəmilərdə istifadə olunan neft yanacağını “Beynəlxalq dəniz bunkeri” bölməsində göstərmək lazımdır. Balıqçılıq gəmilərində istehlak olunan neft məhsulları “Kənd və meşə təsərrüfatı və balıqçılıq” bölməsində göstərilməlidir.