Kimya sənayesində istehlak olunan yanacaq xammal kimi və istilik alınması üçün istifadə edilir. Analoji olaraq, qara metallurgiyada enerjinin son istehlakına kokslaşdırma sobalarının, domna sobalarının qızdırılması və metalın son emalı üçün istifadə edilən enerji daxildir. Çevrilməyə məruz qalan kömürün və koksun miqdarı enerjinin çevrilməsi (transformasiyası) sektorunda göstərilir.
Nəqliyyat. Bu bölmədə nəqliyyatın 4 əsas növü göstərilir. Məlumatlar nəqliyyat ehtiyacları üçün istehlak olunan yanacağa uyğundur.
Avtomobil nəqliyyatı: Adətən, avtomobil nəqliyyatı üçün bütün yanacaqlar nəqliyyat fəaliyyəti üçün istifadə olunan yanacağı əks etdirir. Yalnız müəyyən hissə kənar işlər: torpaq və yükləmə-boşaltma işləri, kənd və meşə təsərrüfatları üçün, kiçik, lakin daha əhəmiyyətli hissə isə əyləncə məqsədləri və bağ-bostan mühərrik aqreqatları üçün istifadə olunur. Belə müxtəlif ehtiyaclar üçün istehlakı yalnız müşahidələr vasitəsi ilə tədqiq etmək olar. Kənar işlər üçün istifadə olunan yanacaq hissəsi avtomobil yol nəqliyyatının istehlakına daxil edilməməlidir.