Zərİf məqamlar
(Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr)
Üçüncü cild
Tərtib edən: Həsən Qüddusizadə
Çevirən: Maqsud Əzizoğlu
QURULUŞ VƏ İNQİLAB
1. İmam Xomeyninin böyük İslam inqilabının qələbəsində rolu
İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmədi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdur. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi.
İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adı və yolu sayəsində könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.
Həmişə belə olmuşdur. İlahi bir məsələ ortaya çıxdıqda tağut toxumaları öz-özünə kənarlaşır. Önəmli olan budur ki, o ilahi əzm, o ilahi təşəbbüs meydana girsin. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (“Maidə, 23”). Kənara çəkilsəniz heç bir nəticəsi olmayacaq. Ən böyük insanlar, ən böyük müqəddəslər, zəkalar meydana atılmayıb kənara çəkilsələr, bütün dalğalar onların başının üstündən ötüb keçəcək və onlar, geri qalacaqlar. Amma elə ki, həmin iman, əzm, həmin bilik, nur dolu saf ürək meydana atıldı, artıq sehr batil olacaqdır.
Hər bir sehr möcüzənin gəlişi ilə batil olur. Musanın əsası meydan atıldısa, sizin meydana atdıqlarınız cadu və aldadıcıdır, həqiqət deyil. Həqiqət, Musanın əsasıdır. O daxil oldusa, bütün sehrlər bir göz qırpımında aradan gedirlər.
İmam bu işi gördü. Ona görə də ürəklər ona doğru cəzb oldu. Bəziləri təəccüblənirlər. bu hadisəni təhlil edə bilmirlər. Necə oldu ki, yanlış, qeyri-sağlam, bütün mədəni amillərin gəncləri fəsada sövq etdiyi bir sistemdə, birdən-birə gənclər meydana atıldılar və bu böyük inqilab baş verdi? Səbəb bu idi. Bu sosioloji, psixoloji baxımdan da tam aydın təhlil oluna bilər. İmam bu meydana elə bir miniklə atıldı ki, o miniyə minən hər kəs sağlam yatmışları oyada bilər.1
Dostları ilə paylaş: |