Siyahıyaalma prosesi üç əsas mərhələdən ibarətdir:
-
hazırlıq,
-
məlumatların toplanması,
-
məlumatların işlənməsi.
Siyahıyaalmaya hazırlıq mərhələsinə aşağıdakılar daxildir:
-
müşahidə olunan ərazilərin müəyyən edilməsi. Bu zaman fərdi sahibkarların və hüquqi şəxslərin ünvanları dəqiqləşdirilir;
-
fərdi sahibkarların və hüquqi şəxslərin siyahısının dəqiqləşdirilməsi. Sayıcı ərazidə yerləşən fərdi sahibkarların və hüquqi şəxslərin siyahısını tərtib edir və ya ona təqdim edilmiş siyahını yoxlayır. Bu siyahıda müəssisənin əsas göstəriciləri (əsas fəaliyyət növü, işləyənlərin sayı, dövriyyəsi, kapitalın dəyəri və s.) qeyd edilir;
-
sorğu planının hazırlanması. Sayıcı gündəlik müşahidə olunacaq müəssisələrin sayını, marşrutu və qeydiyyat ardıcıllığını planlaşdırır. Bu, sayıcının vaxta qənaət etməsini və ərazi üzrə müəssisələrin tam əhatə edilməsini təmin edir;
-
respondentlərlə görüşün təşkili. Sayıcı respondentlərə siyahıyaalmanın məqsəd və mahiyyətini açıqlayaraq konkret olaraq sorğu vaxtını və suallarını izah edir.
Sorğu məlumatlarının toplanması (qeydiyyatı) mərhələsi:
-
toplanılan (qeyd olunan) məlumatların keyfiyyətinin təmin edilməsi üçün sayıcılar müxtəlif fərdi sahibkarlarla və hüquqi şəxslərlə sorğu aparır və yerinə yetirdikləri işlərin müzakirəsini həyata keçirirlər. Müzakirələrdə xüsusi nəzarətçilər iştirak edərək buraxılmış xətaları sayıcıların nəzərinə çatdırırlar.
Məlumatların toplanması və qeydiyyatı mərhələsini sayıcılar yerinə yetirir. Sorğu üsulu ilə toplanmış məlumatlar siyahıyaalma formalarında qeyd edilir. Qeydiyyat zamanı sayıcı təlimatdan istifadə edir.
Məlumatların hesabi və məntiqi yoxlanılması uyğun olaraq nəzarətçi-təlimatçı tərəfindən yerinə yetirilir.
Statistik qiymətləndirmədən məlumatların keyfiyyətinin müəyyən edilməsi zamanı istifadə edilir. Bu zaman, qeyri-respondentlərin sayı və başqa göstəricilərdən istifadə edilir. Bu mərhələdə statistik məlumatların keyfiyyət göstəriciləri hesablanır.
Siyahıyaalma məlumatlarının işlənməsi mərhələsinə yekun məlumatların hazırlanması, təhlili və çıxış cədvəllərinin tərtib edilməsi işləri daxildir.
Yekun məlumatların hazırlanması mərhələsində toplanmış məlumatlara makro səviyyədə nəzarət edilir və nəzərdə tutulmuş çıxış cədvəlləri alınır. Makro nəzarət zamanı siyahıyaalma planının yerinə yetirilməsi yoxlanılır.
Yekun məlumatların təhlili dövri statistikaya əsasən aparılır. Yəni, siyahıyaalma məlumatları dövri statistik məlumatlarla müqayisə edilir. Müqayisə zamanı aşkar edilmiş kənarlaşmalar aydınlaşdırılır.
Məlumatların nəşri və yayılması mərhələsi siyahıyaalmanın nəticəsinin nəşrini və istehlakçılara çatdırılmasını nəzərdə tutur. Məlumatlar bu və ya digər formada (elektron daşıyıcılarda, internet resurslarından istifadə etməklə, məlumat bazası və s.) istehlakçılara çatdırılır.
Siyahıyaalmanın vaxtında keçirilməsini təmin etmək üçün, hər bir rayonda (şəhərdə) siyahıyaalmaya yardım komissiyası təşkil edilir və bu komissiyaya uçot sahəsində çalışan mütəxəssislər cəlb edilir. Eyni zamanda hər bir rayonda (şəhərdə) siyahıyaalma şöbəsi, təlimatçı-nəzarətçi və sayıcı məntəqələri yaradılır.
Siyahıyaalmaya hazırlıq çərçivəsində sınaq siyahıyaalmasının proqramı, təşkilat planı, metodoloji tövsiyələr, məlumatların işlənməsi texnologiyası layihələndirilir, kadrların öyrədilməsi və s. tədbirlər yerinə yetirilir.
Siyahıyaalınma xüsusi hazırlıq keçmiş sayıcılar tərəfindən aparılır. Sayıcı ona təhkim edilmiş ərazidə siyahıyaalmanı vaxtında və keyfiyyətlə keçirməyə borcludur. Bunun üçün o, təhkim olunduğu ərazidə yerləşən bütün hüquqi və fiziki şəxslərlə sorğu keçirərək aldığı cavablar əsasında təsdiq edilmiş siyahıyaalma blankını doldurur. Doldurulmuş blankda qeyd edilmiş məlumatların yazılışı və düzgünlüyü yoxlanılıb əsas sənəd kimi qəbul edilir və kompüterdə işlənilmək üçün verilir.
Təşkilat planının əsas bölmələri aşağıdakılardan ibarətdir:
-
siyahıyaalmaya cəlb ediləcək müvəqqəti işçilərin sayının müəyyənləşdirilməsi;
-
işə cəlb olunan müvəqqəti işçilərin qəbulu və onların öyrədilməsi;
-
kütləvi izahat işlərinin aparılmasına dair tədbirlər planının hazırlanması;
-
siyahıyaalmadan sonra sayıcılar tərəfindən nəzarət yoxlamasının keçirilməsi.
Siyahıyaalma materiallarının yoxlanıb qəbul edilməsi. Sayıcı məntəqələri üzrə siyahıyaalma başa çatdıqdan sonra təlimatçı-nəzarətçi tərəfindən siyahıyaalma sənədləri (çanta, blanklar və s.) sayıcıdan qəbul edilir. Sənədlərin tam və düzgün doldurulması, qeydiyyat kitabçası və birikdirmə cədvəlləri ilə yoxlanılır. Sənədlərin düzgün və keyfiyyətlə doldurulmasına məsuliyyəti sayıcı daşıyır. Siyahıyaalma sənədlərindəki məlumatlar, bütün səviyyələrdə sayıcı-təlimatçı, təlimatçı-nəzarətçi tərəfindən yoxlanılmalıdır.
Siyahıyaalma şöbəsinin müavini çantaları təlimatçı-nəzarətçilərdən qəbul edərək, onlara təhkim edilmiş ərazidə yerləşən bütün təsərrüfat subyektləri üzrə sənədlərin olub-olmamasını və bu sənədlərin keyfiyyətini yoxladıqdan sonra, çanta ilə birlikdə siyahıyaalma sənədlərini siyahı üzrə rayon (şəhər) statistika idarəsinə təhvil verir.
Rayon (şəhər) statistika idarələri, siyahıyaalma şöbəsinin müavininin iştirakı ilə siyahıyaalma şöbəsindən çantaları siyahı üzrə qəbul edir və seçmə qaydada siyahıyaalma sənədlərinin keyfiyyətini və düzgünlüyünü yoxlayır və sonra nəzərdə tutulmuş müddətdə bütün sənədləri Dövlət Statistika Komitəsinə təhvil verir.
Dostları ilə paylaş: |