7.1. Statistik registrlər
Registrlər öz təyinatına görə inzibati, statistik və s. ola bilər. Lakin, onların inteqrasiyası və istifadəçilərinin sayının artırılması üçün məlumatlar bloklara bölünür. Biznes registr əsasən aşağıdakı bloklardan ibarətdir:
- identifikasiya bloku;
- ünvan bloku;
- təsnifat bloku;
- istinad (məlumatın mənbəyi) bloku;
- açıq (göndərilə bilən) göstəricilər bloku və s.
İnzibati registrdən statistik məsələlərin həllində istifadə edilir və onun əsas sxemi aşağıdakı kimidir.
İnzibati registrlər
Registr metodologiyası üzrə işlər
Statistik registrlər
Məlumatlara nəzarət və redaktə olunması
İştirak etməyən vahidlərin və kəmiyyətlərin uçotu
Yeni növ vahidlərin hazırlanması
Yeni növ dəyişənlərin (göstəricilərin) hazırlanması
Statistik məlumatların istehsalı prosesində keyfiyyətin təmin edilməsi
Registrdə hər bir iqtisadi vahid və təsnifləşdirilmə əlamətləri kodlaşdırılır. Bu kodlar iqtisadi vahidin ərazi üzrə yerləşməsini, tabeçiliyini, iqtisadi fəaliyyət növlərini, mülkiyyət və təşkilati-hüquqi formalarını birmənalı identifikasiya (eyniləşdirməyə) etməyə imkan yaradır.
Statistik registr dedikdə, müəssisə və təşkilatların, yaxud iqtisadi vahidlərin statistik məqsədlər üçün istifadə olunan təsnifləşdirilmiş siyahısı başa düşülür. Registrə müəssisə və təşkilatların fəaliyyət növləri, dövriyyəsi, işləyənlərin sayı, əmək haqqı fondu, torpaq sahələri, mal-qara və sair iqtisadi göstəricilər də daxil olunur. Registr formalaşdırılarkən, ilk növbədə, registrin qarşısına qoyulan məqsədlər müəyyənləşdirilir. Sonra isə registrin aparılması prinsipləri, tərkibi, onu əks etdirən vasitələr, registrin kağız üzərində və elektron daşıyıcılarda aparılması qaydası, əsas göstəricilərin siyahısı, məlumatların arxivləşdirilməsi və mühafizəsi qaydaları hazırlanır.
Statistik registrin mahiyyət və xarakteri həm də milli amillərlə müəyyən olunur. Birinci amil, registr qarşısında qoyulan məqsəddir. Son vaxtlaradək başdan-başa uçot üstünlük təşkil etdiyindən registrlərdən statistik müşahidələrin aparılmasında deyil, sadəcə olaraq məlumat mənbəyi kimi istifadə olunurdu. İkinci mühüm amil, statistik registrdən istifadəyə dair hüquqi əsasların mövcudluğudur. Üçüncü amil, müəssisənin normal fəaliyyəti üçün bəzi məlumatların təqdim edilməsinin könüllü olmasıdır. Nəhayət, registrin yaradılması və aparılması ilə bağlı xərclər və buna ayrılan vəsaitlər şəraitdən asılı olaraq dəyişə bilər.
Dostları ilə paylaş: |