Dövlət xərclərinin tərkibi dedikdə ilk növbədə büdcədən daimi olaraq maliyyələşdirilən xərclərlə (yəni, gəlir gətirməyən xərclərlə), öz-özünü maliyyələşdirə biləcək investisiya layihələrinin maliyyələşdirilməsi xərclərinin yeri və miqdarı nəzərdə tutulur.
Konkret olaraq dövlət xərclərinə belə bir tərif vermək olar: dövlət xərcləri, dövlət orqanlarının sosial ehtiyacları təmin etmək və ya iqtisadi və sosial həyata müdaxilə etmək məqsədilə müəyyən üsullardan istifadə edərək həyata keçirdikləri pul xərcləridir.
Dövlət büdcəsi xərclərinin düzgün planlaşdırılması bu xərclərin səmərəli təsnifatı sistemi ilə sıx əlaqədardır. Dövlət xərclərinin təsnifləşdirilməsi xərc proqramlarının daha mükəmməl şəkildə hazırlanmasına, xərc proqramları isə büdcə arasında uyğunluğun daha yaxşı təmin olunmasına imkan verir. Dövlət xərclərinin təsnifləşdirilməsinin iki geniş yayılmış forması vardır. Bunlar idarəetmə əlamətinə görə və iqtisadi mahiyyətə görə təsnifləşdirilməlidir.
İdarəetmə əlamətlərinə görə təsnifləşdirilmə dövlətin icra orqanları, onların ifadə etdiyi funksiyalar və hüquqi tənzimləşmələrdən ibarət olan təsnifləşdirilmədir.
Eyni zamanda dövlət xərcləri təsnifləşdirilərkən bu xərclərin iqtisadi və sosial həyat sahələrində meydana gətirə biləcəyi təsirlər tam aydın hiss olunacaq səviyyədə olmalıdır. Dövlət xərcləri təsnifləşdirilərkən vacib olan başqa bir xüsusiyyət isə bu təsnifləşdirilmənin, xərclərin həyata keçirildiyi anda iqtisadi və sosial həyatda meydana gətirdikləri təsirlər nəzərə alınmasından ibarətdir. Yəni real vəziyyətdən çıxış edərək sinifləndirmə həyata keçirilməlidir. Planların bütün il ərzində öz sabitliyini saxlaya bilməsi əsas amil sayılır.
Dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatı özü də bir neçə qruplar üzrə həyata keçirilir. Bu qruplardan birincisi xərclənməsi metodlarına görə qruplaşmalıdır. Xərclənməsi metodlarına görə büdcə xərcləri adi xərclərə və fövqəladə xərclərə bölünür. Dövlətin normal fəaliyyəti ilə əlaqədar və əvvəldən planlaşdırılması mümkün olan xərclər adi xərclərdir. Amma onunla bərabər dövlət büdcə ili ərzində əvvəlcədən nəzərdə tutulmayan hadisələrlə qarşılaşır. Bu hadisələrin qarşısının alınması üçün hökumət fövqəladə xərclər həyata keçirməlidir. Bu xərclər adətən büdcənin tərkibində ehtiyat fondları hesabına ödənilir. Azərbaycanda belə ehtiyat fondu 5% qədərindədir.
Iqtisadi təsnifləşmədə xərclərin digər qruplaşması onların hansı məqsədə yönəldilməsi ilə əlaqədardır. Bu əlamətə görə büdcə xərcləri cari xərclərə və investisiya xərclərinə bölünür. Cari xərclər hökumətin sosial və müdafiə funksiyalarının həyata keçirilməsi ilə əlaqədar olan məsrəflərdir. Bura sosial-mədəni tədbirlər, müdafiə, idarəetmə və digər istehlak xarakterli xərclər daxildir. Investisiya xərcləri isə bilavasitə kapital qoyuluşlarına yönəldilən xərclərdir.
Iqtisadi təsnifata görə büdcə xərcləri həmçinin beynəlxalq, milli və regional xərclərə ayrılır. Beynəlxalq xarakterli xərclərə ölkənin beynəlxalq təşkilatlar qarşısında ödənişlərinin ödənilməsi, beynəlxalq kreditləri və onların faizlərinin qaytarılması və s. xərclər daxildir. Milli xərclər ölkənin bütövlükdə inkişafı ilə əlaqədar xərclərdir. Regional xərclər regional maliyyənin əsasını təşkil edir və regional idarə xərclərindən, regional proqramların maliyyələşdirilməsi xərclərindən və s. ibarətdir.
Nəhayət, iqtisadi təsnifləşmədə ən mühüm və beynəlxalq praktikada geniş yayılmış qruplaşma büdcə xərclərinin real və transfer xərclərinə ayrılmasıdır.
Dostları ilə paylaş: |