Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;
kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;
su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;
istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir;
su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır;