1.5.2. Zaman ayrılması ilə çoxsaylı daxilolma
Rabitə kanallarının zamana görə ayrılması ilə çoxsaylı daxilolma (ing.- Time Division Multiple Access -TDMA) metodu da ideyaca sadədir, lakin onu həyata keçirmək FDMA metoduna nəzərən xeyli mürəkkəbdir. TDMA metodunun mahiyyəti ondan ibarətdir ki, hər bir tezlik kanalı, bir neçə istifadəçi arasında zamana görə ayrılır, yəni tezlik kanalı növbə ilə bir neçə istifadəçiyə müəyyən zaman intervalları ilə təqdim olunur. Bu hal, bir neçə fiziki kanalın bir tezlik kanalında reallaşdırılması imkanına uyğun gəlir.
Misal kimi şəkil 1.4 - də hər tezlik kanalının üç istifadəçi arasında bölünməsi (ayrılması) halı göstərilmişdir.Şəkildə göstərilən sxem əslində sırf TDMA metoduna deyil , FDMA-nın TDMA ilə birlikdə tətbiqinə uyğun gəlir, çünki burada bir deyil, bir neçə tezlik kanalı nəzərdən keçirilir ki, bunlardan hər biri zamana görə bir neçə istifadəçi arasında bölünür. Lakin bu cür sxem şanvari rabitə sistemlərində praktiki tətbiq tapır və bunu TDMA metodu adlandırırlar.
TDMA metodunun praktikada həyata keçirilməsi üçün, siqnalların rəqəm formasına çevrilməsi və informasiyanın zamana görə xarakterik “sıxlaşdırılması” lazım gəlir.
Dostları ilə paylaş: |