6. Boru nəqliyyatı
Boru nəqliyyatını inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə neft və neft məhsulları orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir.
Boru çəkilişi nəqliyyatının tarixi neft sənayesinin tarixi kimi XIX əsrin ortalarına təsadüf edir. Belə ki, ilk neft kəməri 1865-ci ildə ABŞ-da (6 km uzunluğunda) çəkilmişdir. On ildən sonra Pensilvaniyada 100 km uzunluğunda neft kəməri çəkilmişdir. Bu kəmər sənaye mərkəzi olan Pitsburqu neft mədənləri ilə birləşdirirdi.
Azərbaycanda ilk boru kəməri 1878-ci ildə Balaxanı ilə “Qara şəhər”dəki neftayırma zavodları arasında çəkilmişdir.
Latın Amerikasında (kolumbiyada) ilk neft kəməri 1926-cı ildə, Asiyada (İranda) 1934-cü ildə, Fransada 1948-ci ildə çəkilmişdir.
Rusiya imperiyasında neft kəməri 1907-ci ildə Bakı-Batumi arasında inşa edilmişdir. Kəmərin uzunluğu 885 km-dir.
Azərbaycanda neftçıxarma sənayesinin coğrafiyası genişləndikcə yeni-yeni neft kəmərləri də meydana gəlmişdir. 1960-cı ildən sonra Əli-Bayramli-Bakı, Neft daşları – Bakı, Siyəzən –Bakı kəmərləri çəkilmişdir. 1997-ci ildə işə düşmüş Bakı-Qroznı-Novorossiysk və 1999-cu ildə işə salınan Bakı-Tiblisi-Poti-Supsa neft kəmərləri Azərbaycan, Qazaxıstan, Türkmənistan neftinin dünya bazarına çıxarılmasında böyük rol oynayırlar. Bundan başqa Bakı-Tiblisi-Ceyhan neft kəməri çox böyük iqtisadi və tarixi əhəmiyyətə malikdir.
Neft və neft məhsullarının yerləşdirilməsi məsələlərinin təhlilindən aydın olur ki, bu sahədə daha güclü sistem yaradılması aşağıdakı amillərlə bağlıdır:
1) çoxlu neft çıxarılması, onun daxili istehlaka yönəldilməsi və qismən də ixracın nəzərdə tutulması;
2) neft sənayesinin inkişafında ixraca istiqamətlənən ölkələrdə yaranan sistem;
3) neft idxalına istiqamətlənən ölkələrdə neft təsərrüfatı üzrə sistem yaradılması.
Dostları ilə paylaş: |