3. Nəqliyyat sistemi və onun alt sistemləri
Müxtəlif nəqliyyat növləri nəqliyyat kompleksini təşkil edir.
Azərbaycan Respublikasının nəqliyyat kompleksi bütün növ nəqliyyat vasitələrində daşıma, nəqletmə və nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirən, avtomobil və dəmir yolları, eləcə də onlara xidmət edən qurğuların layihələşdirilməsi, tikilməsi, təmiri və saxlanması ilə məşğul olan; boru kəməri və su nəqliyyatı üzrə hidrotexniki qurğulara xidmət göstərilməsi ilə əlaqədar işləri yerinə yetirən; nəqliyyat vasitələri istehsal edən, nəqliyyat müəssisələri sistemində ilkin və peşəkar kadrlar hazırlayan və elmi-tədqiqat işləri aparan, habelə nəqliyyat prosesi ilə bağlı sair işlərin yerinə yetirilməsini təşkil edən sahibkarlardan - bu ərazidə qeydiyyata alınmış, fiziki və hüquqi şəxslərdən ibarətdir.
Bundan başqa iqtisadiyyatda nəqliyyat sektoru anlayışından da istifadə olunur. Respublika Statistika Komitəsinin müəyyən etdiyi təsnifat əlamətinə uyğun olaraq nəqliyyat sektoru adı altında - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq əsas fəaliyyət növü nəqliyyat işi olan hüquqi şəxslərin – müəssisələrin, habelə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin fəaliyyəti başa düşülür.
Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması, əmtəə bazarının aktiv formalaşması, iqtisadiyyatın yenidən qurulması və özəlləşdirmə prosesinin həyata keçirilməsi, habelə ölkəmizin tranzit potensialının verdiyi imkanlardan istifadə edilməsi, yeni, müasir ipək yolunun bərpası nəqliyyat xidməti bazarının formalaşmasına, nəqliyyat sferasında qarşılıqlı fəaliyyətə yeni keyfiyyət xarakteristikalarının verilməsinə, nəqliyyatda əmək bölgüsü sahəsində dəyişikliklərin əmələ gəlməsinə və tarif siyasətinin əsaslı şəkildə yenidən qurulmasına gətirib çıxardı.
Bir sistem kimi nəqliyyat iki alt sistemə: ümumi istifadədə olan və ümumi istifadədə olmayan nəqliyyat sistemlərinə bölünür.
Dostları ilə paylaş: |