3. İnnovasiya menecmentinin quruluşu
İnnovasiya menecmentinin inkişaf prosesinin ardıcıllığını aşağıdakı kimi təsəvvür etmək olar:
1) Müəssisələrin təhlili.
2) Ətraf mühitin təhlili.
3) Mümkün ola bilən imkanların ifadə olunması.
4) İnnovasiya strategiyasının reallaşdırılması.
5) Strateji nəzarət.
Müəssisələrin təhlili müəssisələrin resurslarının təhlili və onların rəqiblərinin təhlilini özündə əks etdirir.
Resursların təhlili dedikdə, müəssisənin güclü və zəif tərəflərinin təyini, onun maliyyə vəziyyəti, resursla təminatı, işçilərin ixtisas səviyyəsi, texniki vəsaitlərlə təchizat, mexanikləşdirmə vasitələri başa düşülür. Müəssisənin güclü və zəif tərəflərinin təhlili zamanı, hər şeydən əvvəl, tikinti məhsulunun yaradılmasına təsir edən amillər, əmək sərfi diqqəti cəlb edir. Dəyər göstəricilərinin təhlili adətən, yeni məhsulun yaradılması və onun dəyərinin formalaşdırma prosesi üçün əsas fəaliyyət növləri üzrə aparılır:
1. Logistika. İsthsal vasitələri və material resurslarının (xammal, əsas və köməkçi materiallar) alınması, saxlanması və istifadə olunması ilə əlaqədar müəssisənin bütün fəaliyyəti.
2. Müəssisənin bütün istehsal fəaliyyətini əhatə edən texnoloji əməliyyatlar.
3. Marketinq və satış: hazır məhsulun reallaşdırılması, reklam, məhsulun hərəkəti, qiymət siyasəti, satış kanalları ilə əlaqədar olan bütün fəaliyyət.
4. Xarici logistika: Buraya tikinti məhsulunun reallaşdırılması ilə əlaqədar olan vəsaitlərin alınması, sifarişlərin yerinə yetirilməsi, anbarlar və s. bütün fəaliyyət aiddir.
5. Servis: reallaşdırılmış məhsulun qiymətinin saxlanılması, məhsuldan istifadə olunmasına kömək göstərilməsinə istiqamətlənmiş fəaliyyət.
6. Bütün növ fəaliyyətin material-texniki təminatı
7. Texnologiyanın təkmilləşdirilməsi: İnşaat müəssisələri üçün tikinti-quraşdırma işlərinin təşkilinin təkmilləşdirilməsi, müasir yüksəkməhsuldarlıqlı texnikanın tətbiqi; layihə-axtarış təşkilatları mühəndis-axtarış işlərinin aparılmasında müasir metodlardan istifadə olunması, ləyihələndirmə metodlarının təkmilləşdirilməsi və s.
8. Kadrlarla aparılan işlər: kadrların cəlb olunması, işə qəbulu, ixtisasının artırılması, əmək haqqı.
9. Müəssisənin infrastrukturu: müəssisənin idarə olunması, mühasibat uçotu, maliyyə, informasiya təminatı, təşkilati strukturu üzrə bütün fəaliyyət.
Ən mühüm məsələ olan məhsulun dəyərinin öyrənilməsi dəyəri təşkil edən ayrı-ayrı elementlərin, layihələndirmə mərhələsi və tikintinin təhlili ilə müşayiət olunmalıdır.
Müəssisənin güclü və zəif tərəflərinin qiymətləndirilməsi rəqiblərin təhlili yolu ilə müəssisənin üstünlükləri və çatışmamazlıqlarını müəyyən etməyə əsas verir.
Rəqiblərin təhlili əhəmiyyətli bazarları fərqləndirməyə və rəqabətin daha mühüm elementlərini müəyyən etməyə imkan verir.
Rəqiblərin təhlili sahibkarlıq fəaliyyətində strategiyanın təyin edilməsində böyük əhəmiyyətə malikdir. Sahənin xüsusiyyətlərindən, müəssisələrin həcmindən, bazarın parametrlərindən asılı olaraq inşaat firmalarının iqtisadi fəaliyyətinin nəticələrini xarakterizə edən göstəriciləri fərqləndirmək vacibdir:
1) qiymət və ya dəyər;
2) kəmiyyət;
3) texniki standartlar;
4) işçilərin ixtisas səviyyəsi;
5) satış kanalları;
6) idarəetmə üslubu;
7) tikinti-quraşdırma işlərinin yerinə yetirilmə müddəti;
8) müştərilərə xidmətin səviyyəsi və s.
Müəssisəni əhatə edən amillərin təhlili qlobal və konkret iqtisadi mühitdə yeni məhsulların yaradılması və ya yeni ideyaların reallaşdırılması üzrə müəssisənin imkanları və risklərin təyin olunmasına istiqamətlənmişdir.
Qlobal əhatə amilləri sahibkarlıq fəaliyyəti dairəsində iqtisadi, hüquqi, siyasi, ictimai, texnoloji və coğrafi amillərlə xarakterizə olunur.
İstehsalın təşkili yalnız mövcud texnologiya haqqında səhih informasiyaya malik olduqda optimal hesab oluna bilər.
Satış siyasətini təyin etmək üçün nəqliyyat infrastrukturu, satış sisteminin və kommunikasiya sisteminin imkanları böyük əhəmiyyət kəsb edir. Müəssisənin perspektiv investisiya qoyuluşları, siyasi risk imkanları nəzərə alınmaqla qiymətləndirilməlidir.
Təcrübədə bütün iri müəssisələr qlobal əhatə haqqında biliklər sistemindən istifadə edirlər. Bu məsələlər üzrə məlumatları onlar ya özləri toplayır və ya kənardan əldə edirlər.
Müəssisənin konkret iqtisadi əhatə amilləri aşağıdakılarla səciyyələnir.
1) Təchizatçılar: sayı, iqtisadi asılılıq dərəcəsi, məhsulun keyfiyyəti, etibarlılığı, təchizetmə şəraiti və s.
2) İstehlakçılar: istehlakçı potensialı və daimi alıcılar, alıcı kontingentinin quruluşu, iqtisadi imkanları, ödəmə vərdişləri, digər bazarlara, rəqiblərə münasibət, rəqiblər tərəfindən tətbiq olunan satış üsuslarına münasibətdə həssaslıq (məhsulun keyfiyyəti, dəyər, servis, reallaşdırma şəraiti və s.).
3) Əvəzləyici məhsullar: rəqiblər hansı tikinti məhsullarından istifadə edirlər, onların firmanın məhsullarından fərqli cəhətləri.
4) Potensial rəqiblər: mövcud bazar seqmentində hansı bazar maneələri vardır, onların yaranması səbəbləri nədən ibarətdir və s.
5) Satıcıların əməkdaşlığı: hansı əsas rəqiblərin müəyyən olunduğu, müvafiq bazarın quruluşu necədir, birbaşa rəqiblərlə münasibətdə üstünlük qazanmaq imkanları hansı müəssisənin strateji idarə edilməsi və kooperasiya məsələlərinin həlli ilə əlaqədar olan mərhələdə baxıla bilər və s.
6) Sənaye siyasəti: mövcud sahibkarlıq sferasında menecerin fəaliyyətin sahəsi.
Rəqiblərin təhlili rəqabətin mühüm elementlərini müəyyən etməyə və əhəmiyyətli bazarları fərqləndirməyə imkan verir. Müəssisənin və onu əhatə edən mühitin təhlili əsasında innovasiya menecmentinin strategiyası seçilir.
Dostları ilə paylaş: |