Dəniz nəqliyyatının maddi-texniki bazasını donanma, liman və körpülər təşkil edir. Dəniz donanması müxtəlif növ, ölçü və təyinatlı gəmilərdən ibarətdir. Bu nəqliyyat növünü xarakterizə etmək üçün gəminin subasımı, yükgötürmə qabiliyyəti, tutumu, ölçüsü (uzunluğu, eni , bortunun hündürlüyü), yüksüz və yüklü suya oturma dərinliyi kimi əsas göstəricilərdən istifadə olunur. Bəzi su və dəniz nəqliyyatı növlərindən daha geniş istifadə olunur.
Gəminin subasımı onun suda olan hissəsinin (su xəttinə qədər) sıxışdırıb çıxardığı mayenin (suyun) kütləsinə bərabərdir.
Yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirilməsi, habelə yükdaşımaların təşkili və donanmaya xidmət göstərilməsi üçün mövcud dəniz və çay limanlarından (körpülərindən) istifadə olunur.
Liman dedikdə - gəminin yaxınlaşması üçün əlverişli su girişinə malik, sahil əraziləri dəmir yolu və avtomobil nəqliyyatı vasitələrilə əlaqədar olan, gəmilər, vaqonlar və avtomobillərdə yükləmə-boşaltma işlərinin operativ yerinə yetirilməsini təmin edən, gəmilərə texniki və mədəni xidmət göstərən müvafiq qurğu və avadanlıqlarla təchiz edilmiş məntəqə başa düşülür.
Limanların tələb olunan səviyyədə quraşdırılması və təchiz edilməsi dəniz və su nəqliyyatı ilə yükdaşımaların keyfiyyətini yüksəldir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar milli sahibkarların beynəlxalq bazarlara çıxışı, bu bazarlarda tədarükat işlərinin həyata keçirilməsi mexanizmi dəniz və su nəqliyyatından istifadənin intensivliyini artırır və bu nəqliyyat vasitələrinə xidmət göstərən infrastruktur sahələrinin yeni tələblər baxımından formalaşması zəruriyyətini yaradır.
Dostları ilə paylaş: |