Unimodal (bir növlü) nəqletmə bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir. Bu nəqletmə növündən adətən logistik dövrədə anbarlaşdırma və ya yüklərin emalı kimi aralıq əməliyyatlar yerinə yetirilmədiyi halda ilkin və son məntəqələr arasında birbaşa daşımaların həyata keçirilməsi zamanı istifadə olunur. Belə nəqletmə növü üçün nəqliyyat vasitələrinin seçilməsi meyarları əsasən yükün növü, göndərmələrin həcmi, yüklərin çatdırılması müddəti, daşımaların maya dəyəri və s.-dən ibarətdir. Məsələn, iritonnajlı göndərmələri həyata keçirən zaman son təyinat məntəqəsində giriş dəmir yolu vardırsa, dəmir yolu nəqliyyatından; kiçik göndərmələri həyata keçirən zaman isə avtomobil nəqliyyatından istifadə olunması məqsədəuyğundur.