1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Azərbaycan Respublikasının nəqliyyat sistemi



Yüklə 340,18 Kb.
səhifə50/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   46   47   48   49   50   51   52   53   ...   121
n.Menecment mühazirə

5. Azərbaycan Respublikasının nəqliyyat sistemi

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.

Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra nəqliyyat sistemi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Ölkə iqtisadiyyatı sürətli inkişafın növbəti mərhələsinə keçmiş, bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına, tələbə yönəlik, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə üz tutmağa səbəb olmuşdur.

Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.

Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5 faiz, inkişaf etməkdə olan ölkələrdə 4,25 faiz, bütün dünyada isə, orta hesabla 4,8 faiz təşkil edir. O cümlədən, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollara yaxındır. Deməli, nəqliyyat xərclərinin azaldılması və onun nəticəsində istehlak bazarlarına istehsal mallarının çatdırılması xərclərinin aşağı salınması rəqabət gücünün artmasına və digər iqtisadi sahələrin, o cümlədən sənayenin və milli iqtisadiyyatın inkişafına gətirib çıxarır.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.

Bir faktı da nəzərə almaq lazımdır ki, nəqliyyat yalnız sərnişin və yük daşımalarını həyata keçirmir, eyni zamanda məhsuldar qüvvələrin inkişafında, təbii ehtiyatların və əmək resurslarının istehsal dövriyyəsinə operativ cəlb olunmasında, əhalinin məskunlaşmasında və məhsuldar qüvvələrin ərazi üzrə optimal yerləşdirilməsində mühüm rol oynayır. Dünya ölkələri arasında iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının əlverişli tənzimlənməsinin həyata keçirilməsi hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Republikasının əlverişli nəqliyyat sisteminə malik olması dünyanın bir çox ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır.

Əlverişli şəraitdən maksimum faydalanmaq məqsədilə, eləcə də milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, o cümlədən şəhər nəqliyyatı sahələri geniş təhlil edilməli və daha səmərəli istifadə yolları müəyyən olunmalıdır. Eyni zamanda, müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və buraxılış imkanları dərindən araşdırılmalıdır. Ümumiyyətlə, səmərəli nəqliyyat əlaqələrinin qurulması, nəqliyyatda idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat sektorunun, nəqliyyat-tranzit xidmətlərinin büdcənin əsas gəlir mənbələrindən birinə çevrilməsi üçün ölkənin iqtisadi rayonları üzrə nəqliyyat sistemi, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri, daxili və beynəlxalq yükdaşımada iştirak imkanları ətraflı təhlil edilərək qiymətləndirilməsi və perspektiv imkanların aydınlaşdırılması zəruridir. Bu baxımdan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair “Strateji Yol Xəritəsi” olduqca mühüm əhəmiyyət kəsb edir. Yerli və xarici mütəxəssislərin birgə əməkdaşlığı sayəsində hazırlanmış sənəd istər ölkəmizin potensial imkanlarının aydınlaşdırılması, istərsə də müvafiq qabaqcıl təcrübənin öyrənilməsi və bu təcrübənin tətbiqi yollarının müəyyən edilməsi baxımından xüsusilə diqqəti cəlb edir.

Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.

Ötən illər ərzində  Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına ​əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

01.01.2021-ci il vəziyyətinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 kilometri hazırda işğaldan azad olunmuş ərazilərdə yerləşir. Cəmiyyətin balansında 1299 ədəd körpü var. 160 körpü işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Ölkəmizin nəqliyyat sisteminin inkişaf etmiş mühüm sahələrdən biri də dəmir yollarıdır.  Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur.  Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir.

Hazırda baş yolların ümumi uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar  uzunluğunun   1241,4 km-i və ya 59,7%-i elektrikləşdirilmiş, 837,9 km-i, yəni 40,3%-i tepolovoz dartısı ilə işləyir.  1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

Hal-hazırda əlverişli coğrafi məkanda yerləşən respublikamız bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir. Azərbaycan TRASEKA, "Şimal-Cənub" kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində bir sıra nəhəng infrastruktur layihələri həyata keçirmişdir.

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasına nail olunmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcəkdir.

Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə (boru kəməri istisna olmaqla) ən ucuz nəqliyyat növüdür.

Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. Bir qayda olaraq, belə qovşaqların rəqabətqabiliyyətliliyini üç amil müəyyən edir:

Birincisi, qovşaqlar vasitəsilə liman işinin səmərəliliyi ən qabaqcıl təcrübələrə uyğunlaşdırılır. Eyni zamanda əməliyyatların təkmilləşdirilməsi, qiymətqoymanın optimallaşdırılması və yeni informasiya texnologiyaları sistemlərinə investisiya qoyuluşu liman işinin səmərəliliyinin yüksəldilməsində vacib rol oynayır. İkincisi, ölkənin uzaq bölgələri ilə əlaqənin təmin və inkişaf etdirilməsi mühüm amildir. Belə ki, adətən, qovşaqlarla ölkənin uzaq bölgələri arasında əlaqələr dəmir yollarına investisiya qoyuluşları, iritutumlu yük maşınları və liman ərazilərində sənaye klasterlərinin yaradılması yolu ilə qurulur. Marketinq və əməliyyatlar sahəsində “sinerji” effektinə (qüvvələrin birləşməsi effektinə) nail olmaq məqsədilə qonşu limanlarla tərəfdaşlığın qurulması nəticəsində bu cür əlaqələr daha da möhkəmləndirilir. Üçüncüsü, limanda əlavə dəyər yaradan xidmətlərin olması ticarət sahəsində fəallığı artırır.

Dünyada bir sıra qlobal və regional liman qovşaqları qeyd olunan hər üç amilin inkişafına nail olmaqla, qabaqcıl təcrübə hesab edilən “bençmark”lara çevrilmişdir.

Azərbaycanın liman infrastrukturundan əlavə, digər qonşu ölkələrin də limanlarının inkişafı ölkədə logistika sahəsi üzrə göstəricilərin yaxşılaşdırılmasına töhfə verə bilər. Buna görə də, ümumilikdə, əməliyyat göstəricilərinin yaxşılaşdırılması məqsədilə Azərbaycanla başqa ölkələr arasında əməkdaşlıq və əlaqələndirmə imkanları müəyyən edilməkdədir. Məsələn, Poti limanında infrastrukturun yaxşılaşdırılması Azərbaycanın da logistika üzrə göstəricilərinin yaxşılaşdırılmasına şərait yaradacaqdır. Bundan əlavə, Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) limanlarında aparılan bəzi təkmilləşdirmələr Azərbaycan üçün də faydalı ola bilər.

Buraya gömrük prosedurlarının təkmilləşdirilməsi, texnoloji nailiyyətlər hesabına liman imkanlarının genişləndirilməsi və infrastrukturun modernləşdirilməsi, eləcə də proqnozlaşdırma səviyyəsinin yüksəldilməsi və yüklərin aşırılması mərhələsində gözləmə vaxtının azaldılması daxildir. Hər iki limanda aşkaretmə və izləmə sistemlərinin təkmilləşdirilməsi və logistika xidmətlərinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi də Azərbaycan üçün faydalı olacaqdır. 

Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və  yükgötürmə qabiliyyətinin yüksək olması  vacib məsələlərdən biridir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasında tankerlər, universal quru yük gəmiləri, gəmi-bərələr və RoRo tipli gəmilər mövcuddur. Hazırda Azərbaycanın Xəzər dənizindəki ticarət donanmasında təxminən 363 min ton yük tutumuna malik 64 gəmi var. 

Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində  Respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Hal-hazırda Azərbaycanda altı beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur.

Azərbaycan Respublikasında  logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən hava nəqliyyatında sərnişin və yükdaşıma sahəsində keyfiyyətin yüksəldilməsi və digər bölgələrdə hava limanlarının sayının artırılması nəzərdə tutulur. 




Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin