4. Müəllimlərlə aparılan konsultasiya işləri. Psixoloqun müəllimlərlə apardığı psixoloji konsultasiya işlərinin sistemində əsas vəzifə hər bir şagirdin şəxsiyyət kimi inkişafı üçün inkişafetdirici optimal mühitin yaradılmasına kömək göstərməkdən ibarətdir. Psixoloqdan ixtisaslı məsləhət və yardım alan müəllimlər özlərinin gündəlik peşəkar fəaliyyətində hər bir şagirdə fərdi yanaşmanın priyomlarını öyrənir, onların konkret psixoloji xarakteristikaları haqqında etibarlı məlumatlar əldə etmək imkanı qazanır. Onlar arasındakı peşə əməkdaşlığı, ümumi və ortaq vəzifələrin birgə həllinə yönəlmişdir. Psixoloq müəllimlər arasında müasir pedaqoji-psixoloji təlim nəzəriyyələrini, yeni, fəal və interaktiv texnologiya və innovasiyaları təbliğ edir, onları təlim prosesində şagirdlərin fəaliyyətinin motivləri, təlim-tərbiyə proseslərinin idarə olunmasının texnologiyası və şagird nailiyyətlərinin qiymətləndirilməsi metodikaları ilə tanış edir. Müəllimlərlə keçirilən konsultasiyalar zamanı psixoloq müəllimlər tərəfindən tətbiq edilən təlim metodları və metodikalarına qarışmır və onlara müdaxilə etmək hüququna malik deyildir. Müasir pedaqoji-psixoloji biliklərin fəal təbliğatçısı olan psixoloq müəllimlərlə şagirdlər və şagirdlərin özləri arasındakı qarşılıqlı münasibətlərin xarakterinin öyrənilməsinə xüsusi diqqət yetirir. O, bu münasibətlərin humanist və demokratik olmasına, mənəvi və işgüzar dəyərlər əsasında qurulmasında fəal yardımçı rolunda çıxış edir. Psixoloq müəllimlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir və burada onların fəaliyyəti prosesində meydana çıxan müxtəlif pedaqoji-psixoloji problemlərin müzakirələrini keçirir.
Psixoloq məktəb rəhbərliyinin və yuxarı təhsil orqanlarının göstərişi ilə müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində fəal iştirak edir, öz rəyini bildirir. Belə qiymətləndirmə zamanı psixoloq pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin aşağıdakı əsas cəhətlərinə xüsusi diqqət yetirməlidir: 1. Müəllimin ixtisas-peşə hazırlığı və təlim-tərbiyə işindəki uğurları;
2. Müəllim şəxsiyyətinin tipoloji xüsusiyyətləri, kollektivdə və şagirdlər arasında reytinqi;
3. Müəllimin aqressivliyinin qiymətləndirilməsi;
4. Onun ünsiyyətlilik səviyyəsi və şagirdlərlə qarşılıqlı münasibətlərinin tərzi;
5. Konflikli situasiyalarda davranışı;
6. Müəllimin peşə fəaliyyətində mövcud maneə və əngəllər;
7. Müəllimin mühüm şəxsi peşəkar keyfiyyətləri.
Dostları ilə paylaş: |