İlişib qalan tip - Əsas xüsusiyyətlərindən biri affektə meylli olmasıdır. Eyni zamanda, kifayət qədər ünsiyyətcildir. Öyüd – nəsihət verməyi xoşlayır. Özünə qarşı əslində olmayan ədalətsiz münasibətdən əziyyət çəkir. Buna görə də insanlarla münasibətlərdən çox ehtiyatlıdır, onlara etibar etmir, incikliyə çox həssasdır. Kin saxlayır, qisasçılığı ilə fərqlənir. Baş verənləri uzun müddət unutmur, incikliyi uzun müddət yaddan çıxarmır. Özündən çox asanlıqla çıxır. Çox vaxt konfliktlərin səbəbkarı olur.
Demonstrativ tip -Nümayişkar davranışa meylli, canlı və hərəkətli, asan əlaqə yaradandır. Fantaziyalara, yalançı, saxta, süni əməllərə, artisliyə, sərgüzəştliyə meyllidir. Liderliyə, özünü tanıtmağa, qəbul etdirməyə, hökmranlığa, təriflənməyə cəhd edir. Kiminsə tərəfindən diqqətsiz qalmaq fikri belə onları qorxudur. İnsanlara asan uyğunlaşır, əhvalı tez dəyişir. Ünsiyyətdə mülayim olsa da, intriqalara meyllidir.
Səbatsız tip -Fərəhlənmək, xoşbəxtlik, gülərüzlülük, sevinc hissi duymaq qabiliyyəti var. Sevindirici xəbərdən şadlanır, kədərli xəbərdən tamamilə kədərlənir. Ona yüksək ünsiyyətcillik, vurqunluq xasdı. Belə insan tez – tez mübahisə edir, lakin işi açıq konfliktə gətirib çıxarmır. Konflikt situasiyada həm fəal, həm də passiv tərəf ola bilir. Dostlarına,yaxınlarına çox bağlıdır. Alicənabdır, başqalarına həmdərd ola bilir, gözəl zövq, səmimi hisslər nümayiş etdirir. Panikaya tez düşür, ani olaraq əhvalı dəyişir, şadlıq hissindən asanlıqla kədər hissinə keçir.
Distim tip -Ciddiliyi, əzgin əhvalı, astagəlliyi, zəif iradi səyi ilə fərqlənir. Az ünsiyyətcildir, gələcəyə pessimist münasibət bəsləyir. Özünüqiymətləndirməsi aşağıdır, söhbət zamanı az danışır. Fərdiyyətçidir, qapalı həyat tərzi keçirir: evdə oturmağı sevir, səs – küylü məclislərdən qaçır, həyatın qaranlıq tərəflərində ilişib qalır. Onlarla dostluq edənlərə yüksək dəyər verir və onlara tabe olmağa hazırdır.