3. Ceytun arxeoloji mədəniyyəti. E.ə. VI minillikdə öz adını Aşqabad şəhərinin 30km-dəki yaşayış məntəqəsindən götümüş, Türkmənistan ərazisindəki ilk əkinçi tayfalarına məxsus neolit dövrünə aid Ceytun mədəniyyəti təşəkkül tapmışdır. Ceytun abidələri Kopet Dağ ətəklərindən başlayaraq Qaraqum səhrası arasındakı ensiz bir zolağı əhatə edir. Ceytun yaşayış məskəni kiçik bir təpə üzərində salınmışdır. Burada müşahidə olunmuş 3 tikinti layında 50-ə qədər kiçik bir otaqlı, düzbucaqlı evlər aşkar edilmişdir. Ceytun evlərinin quruluşu çox sadə olmuşdur. Onlar 25kv-m yaxın bir sahəni əhatə edən yaşayış mənzilindən və xüsusi hasarla əhatə olunmuş yardımçı meydançadan ibarət olurdu. Evlərdən birinin divarında nazik giriş qapısı düzəldilmiş ehtimal ki, bu giriş qapısı çətən və ya dəri ilə örtülmüşdür. Yaşayış mənzilinin ortasında, düzbucaqlı, iri ocaq yeri diqqəti cəlb edir.Otaqlardan bəzilərinin divarlarında rəngdən istifadə etməklə naxış işlənmişdir.
Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır.
Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi. Pessecik-Təpədə (Ceytun mədəniyyətinin orta mərhələsi) daxili sütunları və pilyastrları olan məbəd tədqiq edilmişdir; ocağın qarşısındakı suvanmış ağ divar qara və qırmızı boya ilə naxışlanmışdır (həndəsi ornamentlər, heyvan təsvirləri). Məskənlərin təbəqəsində fərdi dəfn yerləri var.
Qazıntılar zamanı çaxmaqdaşıdan nukleuslar, lövhəciklər, qaşovlar, matqablar, çoxsaylı mikrolitlər və s. aşkar olunmuşdur. Çopan-Təpədən mikrolit içlikləri olan sümükdən düzəldilmiş biçin bıçağı tapılmışdır. Cilalanmış kərki-baltalar, sıxaclar və s. də var. Səhənglər, silindrik xörək kasaları və yastı oturacaqlı qədəhlər, gildən düzəldilmiş dördkünc qablar; qabın üzərindəki açıq cəhrayı, yaxud darçını anqob qəhvəyi naxışlarla bəzədilirdi; erkən mərhələdə şaquli dalğavari xətlər və qövs qrupları; orta mərhələdə şaquli xətlər və ziqzaqlar, son mərhələdə fərqli çalarlı üçbucaqlar, üfiqi dalğavari xətlər, ağac təsvirləri üstünlük təşkil edirdi. Sümükdən, daşdan, balıqqulağından olan muncuqlara və cilalanmış daş asmalara (müxtəlif heyvan formasında da var) təsadüf olunur. Daş və gildən kəsik-konusvari "fişkalar", terrakotadan antropomorf və zoomorf fiqurlar da aşkar edilmişdir.
Təsərrüfatın əsasını əkinçilik (buğda, arpa), davar (son mərhələdə qaramal) yetişdirilməsi, həmçinin ceyran, az miqdarda dağkeçisi və qoyun, tülkü, dovşan, və s. ovu təşkil edirdi, it əhliləşdirilmişdi
Ceytun mədəniyyətinin mənşəyi VII minilliyin II yarısında erkən əkinçi tayfaların Zaqrosdan hərəkəti ilə bağlıdır. Mikrolit industriyasında mezolit dövründə Cənubi Xəzəryanı ərazilərdə məskunlaşmış ovçuların ənənələri izlənilir. Eramızdan əvvəl VI minilliyin sonu — V minilliyin əvvəllərində Ceytun və I A Anau mədəniyyəti tiplərinin qarşılıqlı təsiri nəticəsində I Namazqa tipli mədəniyyət təşəkkül tapmışdı.