Proqnozların təsnifləşdirilməsi Proqnoz verilən gələcək dövrə «qabaqlama dövrü» deyilir. Proqnozlar qabaqlama vaxtına görə aşağıdakı kimi təsnifləşdirilir: 1) Bir ayadək müddəti əhatə edən operativ proqnoz; 2) bir ilədək müddəti əhatə edən qısa müddətli proqnoz; 3) bir ildən beş ilədək müddəti əhatə edən orta müddətli proqnoz; 4) beş ildən yuxarı müddəti əhatə edən uzun müddətli proqnoz.
Proqnozlar məzmunlarına, informasiya bazasına, istifadə olunan metodlara görə də bir-birindən fərqlənirlər. Operativ proqnoz dedikdə ay ərzində müəssisənin fəaliyytəində əhəmiyyətli dəyişikliklərin olmayacağı nəzərdə tutulur. Qısa müddətli proqnozda da bir qayda olaraq bir dinamika sırasının məlumatı əsasında öyrənilən obyektdə yalnız kəmiyyət dəyişiklikləri olacağı gözlənilir.
Orta və uzun müddətli proqnozlar obyektdə təkcə kəmiyyət dəyişikliklərinin deyil, həm də keyfiyyət dəyişikliklərinin olacağına əsaslanır. Qısa müddətli proqnozlaşdırmada bir-birindən təcrid edilmiş dinamika sıralarından və meyletmənin ekstrapolyasiya metodlarından istifadə edilməsi mümkün olduğu halda, orta və uzun müddətli proqnozlaşdırmalar iqtisadi şəraitin dəyişməsinin kompleks şəkildə öyrənilməsini tələb edir. Məhz bu proqnozlarda gələcəkdə obyektin inkişafında müxtəlif variantlar və insanların fəal iştirakı nəzərə alınmalıdır.