Kommersiya riski – müəssisənin istehsal etdiyi və ya aldığı məhsul və xidmətlərin realizə olunması prosesində yaranan risklərdir. Kommersiya riskinin səbəbləri aşağıdakılar ola bilər: satış həcminin azaldılması, əmtəələrin tədarük qiymətlərinin artması, tədarük həcminin gözlənilmədən azalması, tədavül prosesində əmtəə itkilərinin normadan çox olması.
Texniki risk- elmi-texniki işlərin mənfi nəticələri, istehsalın texnoloji imkanlarının aşağı səviyyədə olması, avadanlığın sınması və iş prosesində sıradan çıxması nəticəsində itkilərin baş verməsi və s. ehtimalı. İstehsal, maliyyə və kommersiya riskləri bazar iqtisadiyyatında müəssisələrin fəaliyyətində zəruri baş verən əlamətlərdir.
Ümumi şəkildə müəssisənin təsərrüfat riski aşağıdakı səbəblərdən mümkündür:
a) müəssisənin tərəfdaşlıq mühitində qəfildən baş verən gözlənilməz dəyişikliklər (qiymətlərin artması, vergi qanunvericiliyinin , sosial-iqtisadi vəziyyətin dəyişməsi və s.) nəticəsində onun tərəfdaş müəssisə ilə bağladığı müqavilənin şərtlərinin dəyişdirilməsi;
b) daha əlverişli təkliflərin edilməsi (daha mənfəətli müqavilənin bağlanması, onun müddətinin uzadılması və ya qısaldılması) tərəfdaşları əvvəlki müqavilələrin yerinə yetirilməsindən imtina etməyə təhrik edir;
v) tərəfdaşların məqsədlərində dəyişikliklərin (statusun yüksəlməsi, fəaliyyət istiqamətlərinin dəyişməsi) baş verməsi.
Sahibkarlıq fəaliyyətində risklərdə itkilər material, əmək, maliyyə, vaxt itkiləri və xüsusi növ itkilərə bölünür.
Material itkilərinə - layihələrdə nəzərdə tutulmamış natural ifadədə material obyektlərinin məsrəfləri və bir başa itkiləri (binalar, tikililər, ötürücü qurğular, məhsullar, yarımfabrikatlar, materiallar, xammal) aid edilir.
Əmək itkiləri - təsadüfi və nəzərdə tutulmamış hadisələrlə əlaqədar iş vaxtı itkiləridir.
Maliyyə itkiləri - bir başa pul zərərləri (cərimələr, vaxtı keçmiş kreditlərə görə ödəmələr, əlavə vergilər, pul vəsaitlərinin və qiymətli kağızların itməsi) sayəsində baş verir.