Elmin səmərəliliyini xarakterizə etmək üçün istehsalın elmtutumugöstəricisindən istifadə edilir. Bu göstəricinin hesablanması üçün tədqiqat və işləmələrə sərf edilmiş vəsaiti fəaliyyətin nəticəsinə bölmək lazımdır. Bu göstərici müəssisə, sahə və bütövlükdə iqtisadiyyat (mikro, mezo, makro) səviyyələrdə hesablanır, iqtisadiyyatın strukturunun mütərəqqiliyini, istehsalın elmi-texniki vəziyyətini təhlil etməyə imkan verir. Makro səviyyədə elmtutumu göstəricisi dedikdə, tədqiqat və işləmələrə xərclərin ÜDM-ə nisbəti başa düşülür. Bu göstərici ölkənin milli məqsədlər üçün elm və texnologiya sahəsindəki səylərini göstərir. Sahə, müəssisə səviyyəsində elmtutumu sadəcə olaraq tədqiqat və işləmələrə xərclərin istehsalın həcminə nisbəti kimi hesablanır. Beynəlxalq təcrübədə sahələr yüksək, orta və aşağı elmtutumlu sahələrə bölünür.