Yakob Qrimm (1785–1863). Dilçiliyin tarixinə müqa-
yisəli-tarixi metodun banisi kimi daxil olanlardan biri də
görkəmli alman alimi Yakob Qrimmdir.
Yakob Qrimm müqayisəli-tarixi metod əsasında ger-
man dillərini tədqiq etmiş və ilk dəfə olaraq həmin dillərin
müqayisəli qrammatikasını yaratmışdır.
Dilçilik tarixində Yakob Qrimmi məşhur edən onun
“Alman qrammatikası” əsəri olmuşdur. Bu nəhəng əsər 4
cilddən ibarətdir. Birinci cild fonetikaya, ikinci cild morfo-
logiyaya, üçüncü cild söz yaradıcılığına, dördüncü cild isə
sintaksisə həsr edilmişdir. Əsərin I cildi 1819-cu ildə nəşr
olunmuşdur.
“Alman qrammatikası” əsərinin əsasını alman dili ilə
bütün german dillərinin müqayisəsi təşkil edir. Müəllif
müqayisədə hətta ən qədim yazılı abidələri də unutma-
mışdır. Y.Qrimm dildəki hər bir dəyişikliyi qanunauyğun
inkişaf kimi təsvir etmişdir.
Yakob Qrimmin fəaliyyəti qardaşı Vilhelmlə əlaqədar
olmuşdur. Onlar bir sıra əsərləri birlikdə hazırlamışlar.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
77
Qrimm qardaşları alman filologiyasının inkişafında da xü-
susi rol oynamışlar.
Yakob Qrimmin yaradıcılığı öz dövrünün nəzəri dil-
çiliyinin inkişafında mühüm əhəmiyyətə malikdir. Eyni
zamanda, onun dilçilik fəaliyyəti gələcək dilçilər nəslinin
yetişməsinə də böyük təsir göstərmişdir.
Aleksandr Vostokov (1781-1864). Görkəmli rus ali-
mi akademik Aleksandr Xristoforoviç Vostokov dilçilik
tarixində müqayisəli-tarixi metodun banilərindən biri
kimi məşhurdur. Onun əsas əsərlərindən biri “Slavyan dili haqqında mülahizə” adlanır. 1820-ci ildə nəşr edilmiş
bu əsərdə rus dilinin fonetik quruluşunu və onun inkişaf
tarixini öyrənməkdə müqayisəli metod dəqiq tətbiq olun-
muşdur. Həmin əsərdə slavyan və rus dillərinin tarixinin
dövrləşdirilməsi, qədim rus dilinin kilsə slavyan dilinə,
həmçinin polyak və serb dillərinə münasibəti şərh edilir.
Aleksandr Vostokov slavyan dillərinin müqayisəli
qrammatikasının əsasını qoymuşdur. O, müqayisəli-tarixi
istiqamətdə tədqiqat aparanların hamısından çox sintak-
sislə məşğul olmuşdur.
A.Vostokov tədqiqat zamanı ölü dilin abidələrinə də
müraciət etməyi zəruri hesab etmişdir. O, canlı dillərin və
dialektlərin faktlarını tarixi aspektdə yoxlamaq və əsaslan-
dırmaq üçün ölü dillərin abidələrindəki faktlarla qarşılaş-
dırmağı tədqiqatın başlıca cəhəti kimi qiymətləndirirdi.
Aleksandr Vostokovun yaradıcılığı dilçiliyin müqa-
yisəli-tarixi istiqamətdə inkişafında xüsusi rol oynamışdır.
Onun elmi irsi indi də öz yüksək qiymətini saxlamaqdadır.
Beləliklə, qeyd etməliyik ki, XIX əsrin başlanğıcında
bir sıra müxtəlif ölkələrdə müqayisəli-tarixi metodun dil-
çilik tədqiqatına tətbiqi dünya dilçiliyinin inkişafında mi-
silsiz hadisəyə çevrilmiş və dil nəzəriyyəsinə dair bir çox
elmi-tədqiqat əsərlərinin yaranmasına səbəb olmuşdur.