67.Kvant ədədlər sistemi
Atomda elektronların energetik halı aşağıdakı 4 kvant ədədi ilə müəyyən edilir:
Baş kvant ədədi atomun fundamental kvant xarakteristikası olub, n hərfi ilə işarə olunur. Baş kvant ədədi (BKƏ) kvant səviyyələrinin radiusunu və həmin səviyyələrdə elektronların ümumi enerjisini müəyyən edir. BKƏ artdıqca, energetik səviyyələrin ümumi enerjisi, həm də əsasən potensial enerjisi artır. BKƏ natural qiymətlər alır: n=1, 2, 3...
Orbital (azimutal və ya əlavə) kvant ədədi (OKƏ) l hərfi ilə işarə olunur və energetik səviyyələrin ayrı-ayrı yarımsəviyyələrə "parçalanmasını" xarakterizə edir. Orbital kvant ədədi n-1 prinsipi üzrə, həmçinin tam müsbət ədədi qiymətlər alır: l=0, 1, 2, 3, ... n-1. Orbital kvant ədədinin ayrı-ayrı hallarda hansı qiymətlər alması BKƏ-dən asılıdır. Məsələn, n=1 olduqda, l yalnız bir qiymət alır: l=0. Beləliklə, n=1 olduğu halda energetik səviyyə (ES) yarımsəviyyələrə "parçalanmır". n=2 olduqda OKƏ iki qiymət alır: l=0, l=1. Buradan aydın olur ki, BKƏ-nin ikinci qiymətində ES iki yarımsəviyyəyə "parçalanır".
Hazırda məlum olan kimyəvi elementlərin atomlarında OKƏ-nin maksimal qiyməti 3-dür (l=3).
Maqnit kvant ədədi (MKƏ) verilmiş koordinat sistemində elektronların "paylanma" variantlarının sayını müəyyənləşdirir, ml ilə işarə olunur. MKƏ 2l+1 formulu ilə müəyyənləşən sayda, sıfırdan keçməklə -l ilə +l arasındakı bütün tam ədədi qiymətləri qəbul edir. Məsələn, s-elektronda MKƏ sıfra bərabər olur: l=0. Beləliklə, bu halda elektronun "yerləşmə" ehtimalının yalnız bir variantı mümkündür: 2*0+1=1.
p-elektronlarda (l=1) MKƏ üç qiymətə (2*1+1=3) malik olur: ml=-1, ml=0, ml=+1. d-elektronlarda (l=2) maqnit kvant ədədi beş qiymət alır (2*2+1=5). f-elektronlarda (l=3) MKƏ yeddi qiymət alır (2*3+1=7).
Baş və orbital kvant ədədləri eyni, maqnit kvant ədədi müxtəlif olan elektronlar eyni enerjiyə malikdirlər. Başqa sözlə, BKƏ və OKƏ elektronların enerjisini müəyyən edir, MKƏ isə enerji ilə bağlı deyil.
Spin kvant ədədi (SKƏ) elektroun məxsusi fırlanma momentini göstərməklə, förlanma istiqamətlərindən (saat əqrəbinin hərəkət istiqaməti üzrə və ya əksinə) asılı olaraq, yalnız iki qiymət alır: +1/2 və -1/2.
BKƏ, OKƏ və MKƏ eyni olan yalnız SKƏ-nə görə fərqlənən iki elektron enerji və elektron sıxlığının paylanması cəhətdən, demək olar ki, fərqlənmir. Başqa sözlə, hər iki elektronunu atom həcminin bütün nöqtələrində müəyyən yerləşmə ehtimalı eynidir. Belə elektronlar elektron cütü əmələ gətirir. Elektron cütü, adətən belə təsvir edilir: burada kvadrat şərti olaraq, kvant qəfəsini, əks istiqamətli oxlar isə elektronların spin kvant ədədlərinin müxtəlif olmasını göstərir.
Dostları ilə paylaş: |