Sual 142: «Muztərr» kimdir?
Cavab: «Muztərr» ərəbcədən tərcümədə, «əli hər yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci ayəsində oxuyuruq: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən Kəs?!».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Məhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» Odur. O, İbrahim məqamında durub, əllərini Allah dərgahına qaldırar və dua edər. Allah-təala onun duasını qəbul edib, bütün narahatçılıqları aradan qaldırar və onu yer üzünə xəlifə təyin edər»1.
Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.
Sual 143: Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?
Cavab: Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir qrup xalis mömin və xalis kafirə aiddir. Möminlərin qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya həyatında kafirlərin maneçiliyi səbəbindən imanını kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «Rəcət ümumi deyildir. Yalnız xalis imanlılar və xalis kafirlər dünya həyatına qayıdarlar»1.
Sual 144: İslam kasıbçılığı bəyənirmi?
Cavab: Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır»1.
İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət qazanmaq qəbahət yox, müqəddəs işdir.
İmam Sadiq (ə) buyurur: «Səni başqalarının haqqına təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən kasıbçılıqdan üstündür»2.
Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların kəlamlarından aşağıdakı nəticələr alınır:
- Kasıb millətin azadlığı və başıucalığı qeyri-mümkündür;
- Kasıblıq, asılılıqdır;
- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
- Kasıblıq, insanı günaha çağırır ...
Sual 145: Ata-anaya nə zaman itaət olunmamalıdır?
Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...»3. «Loğman» surəsinin 15-ci ayəsində «dünya işlərində onlarla gözəl keçin» buyurulur.
Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qurani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə»1. Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.
Sual 146: Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Cavab: Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.
Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir»1.
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».
Sual 147: Hansı musiqi haramdır?
Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz»1.
Dostları ilə paylaş: |