Sual 145: Ata-anaya nə zaman itaət olunmamalıdır?
Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...»1. «Loğman» surəsinin 15-ci ayəsində «dünya işlərində onlarla gözəl keçin» buyurulur.
Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qurani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə»2. Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.
Sual 146: Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Cavab: Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.
Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir»1.
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».
Sual 147: Hansı musiqi haramdır?
Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz»1.
Sual 148: Lovğa yeriş insanı hara aparır?
Cavab: Loğman öz oğluna belə nəsihət verir: «...Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz. Yerişində müvazinət gözlə»2.
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir. Mömin müsəlmanlara, hətta öz yerlərində müvazinəti gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: «Lovğa-lovğa, təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və üstündə gəzənlərin hər biri lənət oxuyur».3.
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Geydiyi libasla lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki təkəbbürün bünövrəsini Qarun qoyub»4.
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan keçərkən, adamların bir dəlinin başına toplandığını gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən insandır».
Sual 149: Susmaq nə vaxt qızıl deyil?
Cavab: El arasında «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «Sükut, düşüncə rahatlığının əsasıdır». İmam Əli ibni Musa ər-Riza (ə) isə belə buyurur: «Elm, helm və sükut, düşüncə əlamətidir. Sükut hikmət qapılarından biridir»1.
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs gedişində sakit oturmayan şagirdi qaldırır və soruşur ki, mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir. Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir.
Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki, yox! Demək, həyat çətinliklərini ilk əvvəl düşüncə ilə aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə qızıl deyildir. Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü ifşa edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli, zəruri olmayan sözü udub susmaqla bərabər, həqiqəti dünyaya izhar etmək də qızıldır!
Sual 150: Bətndəki körpənin oğlan və ya qız olacağını əvvəlcədən təyin etmək olarmı?
Cavab: «Loğman» surəsinin 34-cü ayəsinə əsasən, beş sahə haqqında bilik yalnız Allaha məxsusdur və bəşər övladı üçün bu elmlər müəssər deyil. Bu beşliyə daxildir:
1. Qiyamətdən xəbərdarlıq;
2. Yağış;
3. Ana bətnində körpə;
4. Gələcək;
5. Ölüm yeri.
«Nəhcül-bəlağə»də nəql olunur: «Bir gün Əli (ə) gələcəkdə baş verəcək hadisələrdən danışarkən, yaxın adamlardan biri soruşdu: «Ey Əmirəl-möminin, sən qeyb elmi ilə tanışsanmı?». Həzrət (ə) gülümsəyərək cavab verdi: «Dediklərim qeyb elmindən deyil. Qeyb elmi yalnız qiyamət elmidir. Allah-təala bətndəki körpənin oğlan və ya qız, gözəl və ya çirkin, xoşbəxt və ya bədbəxt olacağını bilir. Məhz bunlar yalnız Allahın bildiyi qeyb elmlərindəndir. Qalanını isə, Allah öz rəsuluna, Onun rəsulu isə mənə öyrədib...».
Yaşadığımız elmi-texniki tərəqqi dövründə ana bətnindəki körpə və yağış haqqında proqnozlar verilir. Bəli, məhz proqnoz! Proqnoz isə həqiqətə çevrilməyə də bilər. Proqnoz ilkin məlumatlar olmadan verilə bilməz. Məsələn, hazırda yalnız formalaşmış körpə haqqında proqnoz verilir. Hansı ki, Allah-təalanın bu sahədəki biliyi vaxtla şərtlənmir. Allah üçün körpənin 10 günlük və ya iki aylıq olmasının heç bir fərqi yoxdur.
Yağış haqqında proqnoz verilir. Bu proqnoz yalnız yağışdan bir neçə gün əvvəl verildikdə özünü doğruldur. Allahın elmində isə yayda qışın, qışda yayın yağıntıları son dəqiqliyinədək məlumdur.
Sual 151: Göz yaşları ölüm mələyini geri qaytara bilərmi?
Cavab: Qurani-kərimin müxtəlif ayələrinə əsasən, Allah-təala dünya işlərini mələklər vasitəsi ilə gerçəkləşdirir. Bu mələklərdən bir qrupu ruh alan mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
Peyğəmbər (s) buyurur: «Xəstəliklər və dərdlər ölümün elçiləridir. Ömür başa çatdıqda, ölüm mələyi gəlir və deyir: «Ey Allah bəndəsi, sənə xəbər xəbər dalınca, elçi elçi dalınca göndərdim. Amma son xəbər mənəm!». Sonra deyər: «Allahın dəvətini qəbul et, istər həvəslə, istər həvəssiz!». Ölüm mələyi bəndənin ruhunu çıxaranda, ətrafdakılar şivən qoparıb, göz yaşları axıdarlar. Ölüm mələyi deyər: «Kimin üçün ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun Allaha ki, onun vaxtı qurtarıb və bütün ruzisini alıb. Allah onu dəvət edib, o da qəbul edib». Yenə əlavə edər: «Ağlamaq istəyirsinizsə, özünüzə ağlayın! Son nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!».
Sual 152: Gecəni yatmaq, yoxsa oyaq qalmaq daha faydalıdır?
Cavab: Əhli-beyt hədislərindən birində buyurulur: «Alimin yuxusu cahilin ibadətindən üstündür». Maraqlıdır, necə ola bilər ki, yuxu ibadətdən üstün olsun? Başqa bir sual: mürəbbə baldan üstün ola bilərmi? Hamı bilir ki, bal misilsiz bir nemətdir və onu mürəbbə ilə müqayisə etməyə dəyməz. Bəs bala sirkə qatışsa necə? Əlbəttə ki, belə baldan mürəbbə yaxşıdır.
Sözsüz ki, ibadət yuxudan üstündür. Amma nadan insanın ibadəti, adətən, «qatqı»lı olur. Bu ibadətdə riya, başqalarının nəzərini düşünmək, fikir dağınıqlığı kimi mənfi elementlər kifayət qədərdir. Alim isə yuxunu ibadətə «çevriməyi» bacarır. O, yatarkən dəstəmaz alır, dua oxuyur, sağ tərəfi üstə yatır, ən əsası isə yuxunun vaxtını və müddətini düzgün təyin edir.
Amma başqa bir hal da var. İnsan gecəni oyaq qalıb, ibadətə məşğul olur. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecə yarı oyan və gecə namazı qıl. Olsun ki, Rəbbin səni uca məqama qaldıra».
«Səcdə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Onlar ibadət üçün yataqlarından qalxar».
İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət edən insanı Allah yad edər»1.
Bəli, gecənin əsrarəngiz mənzərəsi, eləcə də, sükutu insan təfəkkürünü oyadır. İnsan bütün bu incəliklərin xaliqinə yol axtarır.
Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan başqa kimə deyəsən?! Dostların, qohumların qapısı bağlı, idarələrin qapısında qıfıl! Yalnız bir olan Allahın qapısı açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!
Dostları ilə paylaş: |