Sual 168: Həzrət Məhəmməd (s) İslamdan əvvəl hansı dində idi?
Cavab: Həzrət Peyğəmbərin həyat tarixçəsində aparılan araşdırmalar sübut edir ki, İslamdan əvvəl Məkkə əhli bütpərəst olsa da, Həzrət yalnız bir olan Allaha etiqad etmişdir.
Təfsirçilər arasında Həzrətin (s) hansı dində olması barədə müxtəlif rəylər olsa da, ən məntiqi nəzər budur ki, İslam ona nazil olanadək, Rəsuləllah (s) Allahın yalnız onun üçün müəyyənləşdirdiyi bir proqrama əməl etmişdir.
«Nəhcül-bəlağə»də buyurulur: «Allah-təala Məhəmməd (s) süddən ayrılan zamandan başlayaraq, ən əzəmətli mələyi ilə onu doğru yol və doğru əxlaqa sövq etmişdir».
Əllamə Məclisi rəvayətlərə əsaslanaraq bildirir ki, həzrət Məhəmməd (s) peyğəmbərlikdən əvvəl də peyğəmbərlik məqamında olmuşdur. Daim mələklərin səsini eşitmiş, yuxularından ilham almışdır.
Belə ki, qətiyyətlə deyə bilərik ki, həzrət Peyğəmbər (s) İslam qədərki dövrdə nə məsihi, nə də yəhudi dinində olmamışdır.
Sual 169: İmanın hansı mərhələləri vardır?
Cavab: İstər elm, istərsə də həqiqətə təzim ruhu mənasında imanın dərəcələri vardır. «Fəth» surəsinin 4-cü ayəsində buyurulur: «Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə öz dərgahından xətircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur». İmam Sadiq (ə) buyurur: «İmanın on dərəcəsi vardır. Nərdivan kimi pillə-pillə ucalır»1.
Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı onun qüvvəsi həddində sorğuya çəkir. Demək, iman dərəcəsi aşağı olan insanların sorğusu daha yüngül keçəcəkdir. Həzrət Peyğəmbər (s) və onun Əhli-beytindən nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları qınamamaq tövsiyə olunur. Amma deyilənlərdən belə nəticə çıxarmaq yanlış olar ki, tamam imansız ‒ kafir insanlara sorğu yoxdur. İman bütün bəşəriyyətin fitrətinə məxsus olan bir sifətdir. Sorğudan gəzəştlər isə, birbaş insanların istedadı ilə bağlıdır. Atəşin İbrahimə gülzara döndüyünü görən Nəmrud, Allahın qüdrəti qarşısında qurban kəsir. Amma yenə də dünyəvi məqamını itirmək qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur.
Sual 170: İman eşqdir, yoxsa ağılın dərki?
Cavab: Qurani-kərimin «Hücərat» surəsinin 7-ci ayəsində buyurulur: «...Allah sizə imanı sevdirmiş, onu, ürəklərinizdə süsləmiş küfrə, asi olmağa qarşı nifrət oyatmışdır».
Adətən, insanlar həqiqətin qəbulu üçün dəlil-sübut istəyirlər. Belə bir istək təbiidir və İslam tərəfindən inkar olunmur. Amma insan qəbul etdiyi həqiqəti sevməyə də bilər. İmam Sadiq (ə) buyurur: «İman, sevgi və nifrətdən başqa bir şey deyil» buyurur.
İmam Baqir (ə) buyurur: «Din məhəbbət, məhəbbət isə dindir».
Təsadüfü deyildir ki, kainatın obyektiv nizamlı quruluşunu dərindən mütaliə edən astronom Allahın varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə, bu dəlillərdən tamami ilə xəbərsiz, yalnız fitrətinin səsini dinləməklə iman gətirmiş savadsız çoban, heç bir şəkk-şübhəyə yol vermədən Allahına ibadət edir!
Dostları ilə paylaş: |