Abdullayev Ceyhun.
1918-ci ilin əvvəllərində Qafqazda siyasi vəziyyət
və ermənilərin milli qırğın siyasəti
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Məlumdur ki, 1917-ci ilin oktyabrında V.İ.Lenin başda olmaqla hakimiyyəti zorla ələ keçirən bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar. 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi daha geniş vüsət aldı.
1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti xeyli gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri vətənlərinə getmək əvəzinə Bakıda saxlanıldı. Həmin əsgərlərin Bakıda saxlanılmasında Şaumyan xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləndi.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, erməni milli şurası və "Daşnaksütyun" rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı.
1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi "Evelina" gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərk-silah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.
Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Azğınlaşmış erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atırdılar. Fövqəladə təhqiqat komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: "Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər... Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar".
Təhqiqat komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da dağıdır, az-çox qiymətli olan əşyalarını isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş, bir çox ziyarətgahları və tarixi abidələri dağıdaraq yerlə-yeksan etmişdilər.
Daşnaklar uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş, Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. Talançılar İsmailiyyə binası ilə yanaşı, "Kaspi" qəzeti redaksiyasını, "Dağıstan" və "İsgəndəriyyə" mehmanxanalarını da yandırmışdılar. "Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.
Mart qırğınında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər. Təhqiqat komissiyasının materiallarında göstərilir ki, "erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibə"də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, müəllimlər var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaşlıq borcu"nu yerinə yetirirdi".1920-ci il aprelin 27-də rus ordusu tərəfindən Azərbaycanın işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi, sovetləşən Zəngəzur qəzası sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "böyük Ermənistan" yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırım siyasəti olmuşdur.
Dostları ilə paylaş: |