Kurs: I
Fənn: Ana dili
Müəllim: Fəxriyyə Cəfərova
ceferova.fexriyye@mail.ru
Mövzu 5: Azərbaycan ədəbi dilinin semantik sistemi
Plan:
1.Dilin semantik sistemi haqqında məlumat
2.Sözün mənası: tam və natamam məna
3.Sözün məna tipləri
a)Leksik məna
b)Qrammatik məna
c)Sözün həqiqi və məcazi mənaları.
Ədəbiyyat
A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B. 2003
Müasir Azərbaycan dili 1 hissə B.2007
N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)
H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988
S. Cəfərov. Müasir Azərbaycan dili B.1982
Dilin lüğət tərkibində olan sözlərin hər biri müəyyən leksik məna daşıyır. Mənası olan hər bir söz isə dilin semantik sistemini yaradır. Bu mənada dilin semantik sistemindən bəhs edən dilçilik şöbəsi semasiologiya adlanır. Semasiologiya sözü yunan mənşəli söz olub, semasio “ifadə etmək, göstərmək”, loqos isə “nəzəriyyə” deməkdir. Bir sözlə, semasiologiya sözün mənası haqqında elm deməkdir. Semasiologiya dilin leksik-semantik sistemini, sözün daxili cəhətini, mənaca genişlənməsini və daralmasını, sözlərin mənaca qruplarını, sözün mənası ilə forması arasında mövcud olan əlaqəni, məfhum və məna münasibətini öyrənir.
Söz və məfhum. Hər bir söz müəyyən leksik-semantik mənanı bildirməklə bir dil vahidini digərindən fərqləndirir. Hər bir məfhumun maddi bənzərliyi, struktur bənzərliyi və forması olur. Nəticədə bunlar insan təfəkküründə məfhum barəsində konkret təsəvvür yaradır. Sonra isə məfhum söz vasitəsilə adlanır. Söz və məfhum arasında əlaqə vardır. Ancaq söz dilə, məfhum isə təfəkkürə aid anlayışdır. Söz fikrin maddi cildidir, məfhumun yaranmasını şərtləndirən amildir. Bununla belə məfhum obyektiv aləmdə sözdən əvvəl mövcud olur, sonra isə söz cildinə düşür. Məfhuma belə tərif vermək olar: obyektiv aləmdə mövcud olan cism və hadisələrin insan şüurunda inikasına məfhum deyilir.
Söz və məfhum vəhdəti heç də onların eyniliyi demək deyil. Onlar arasında fərqlər var:
1.Məfhumlar ümumbəşəri səciyyə daşıyır, sözlər isə milli səciyyəli olur. Məs; ev məfhumu bütün dünya xalqları üçün eyni olduğu halda, ev sözü müxtəlif dillər üçün müxtəlifdir. Az dilində ev, Rus dilində dom, fars dilində xanə və s. şəklində işlənir.
2.Məfhumlar eyni olduğu halda, sözlər müxtəlif olur. Yəni dilin semantik sistemində bəzən hər hansı bir məfhumu müxtəlif sözlə adlandırmaq olar. Məs; dünya-cahan-aləm- kainat.
3. Məfhumlar eyni olduğu halda, onlar müxtəlif dillərdə müxtəlif cür səslənir. Bəzən eyni bir söz iki məfhumu ifadə edə bilir. Məs; bel sözü. Bu da dilin omonimliyi ilə bağlıdır.
4. Məfhumların həqiqi və məcazi mənası yoxdur, sözün həqiqi və məcazi mənası vardır. Məfhumların çoxmənalığı yoxdur. Sözlərin çoxmənalığı var.
Söz və məna. Sözün maddi varlıqdakı əşya, hadisə və sairi əks etdirməsinə onun mənası deyilir. Hər bir sözün mənası bu və ya başqa əşya, hadisə haqqındakı məfhumla möhkəm bağlıdır. Dildə müəyyən mənaya malik olmayan söz yoxdur. Lakin bu sözlər ifadə etdikləri mənaya görə bir-birinin eyni deyildir. Buna gorə də sözlər iki yerə bölünür: tam mənalı sözlər, natamam mənalı sözlər.
Bu və ya başqa məfhumun müəyyən cəhətini bildirib, ayrılıqda tələffüz olunarkən müəyyən mənanı konkret şəkildə ifadə edən sözlərə tam mənalı sözlər deyilir. Bu cür sözlərin müstəqil mənası ilə yanaşı, sualı da olur, eyni zamanda cümlə üzvü kimi çıxış edir. Tam mənalı sözlərlə cümlə qurulur. Bu cür sözlər həm konkret, həm də mücərrəd olurlar. Məs; könul, torpaq, susmaq və s.
Təklikdə məna bildirməyib, ancaq cümlə daxilində müəyyən məna ifadə edən sözlərə natamam mənalı sözlər deyilir. Natamam mənalı sözlərə köməkçi sözlər də deyilir. Bu sözlər qrammatik mənaya malikdirlər.
Dostları ilə paylaş: |