55. İqtisadi sistemin məzmunu və ümumi əsasları İqtisadi sistem - özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir.
Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür.
Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir. Hər bir iqtisadi sistem müəyyən maddi-texniki baza üzərində formalaşır.
56.Təlabat nədir? Necə formalaşır və reallaşır?
Tələbat - düşüncədən doğan və fərdin, kiçik və ya böyük insan qruplarının istək, arzu və məqsədlərini müəyyən edən faktor. Tələbat düşüncənin nəticəsidir və insanlar da fərqli düşündüyü üçün onlar həyatda fərqli istəklərə və nəticələrə malik olurlar. Bu baxımdan insan düşüncəsinə əsaslanaraq meydana gələn tələbat, şəxsi fərqli istək və arzulara sövq edir. Məsəl üçün, böyük yaradıcı potensiala, yaxud xüsusi bacarığa və istedada malik insanın bu potensialı korporativ, yoxsa ictimai məqsədlərə yönəltməsi, həmin şəxsin düşüncə tərzinin hansı istiqamətə meyl etməsindən və bu meylliliyin motivini təşkil edən şəxsin daşıdığı mədəniyyətdən asılıdr.
Düşüncədən qaynaqlanan tələbat özlüyündə üç hissəyə bölünür. Bunlar maddi, mənəvi, o cümlədən maddi və mənəvi ehtiyacın sintezindən formalaşan birgə tələbatdır. Biz hər bir fərdin, sosial qrupun, alt cəmiyyətin və bütövlükdə cəmiyyətin həyatında tələbatın formalaşması prosesini yaxından izləsək asanlıqla görəcəyik ki, onlar maddi, mənəvi, yaxud da hər iki tələbatın sintezindən formalaşan birgə ehtiyacın ödənilməsi zərurətindən meydana gəlir.