ÖLÜ ÜZƏRİNDƏ FƏRYAD (ŞİVƏN) QOPARDARAQ AĞLAMAQ
Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölən kimsənin arxasından fəryad (qopardaraq ağlamaqla) qəbrində əzab görür (ölü üçün fəryad edildiyi müddətdə)»694. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Ölünün arxasıyca) yanaqlarını cırmaqlayaraq, yaxasını cıraraq və cahiliyyə adəti üzrə fəryad (şivən) qopardaraq ağlayan kimsə bizdən deyildir»695. Əbu Burdə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Əbu Musa əl-Əşari - radıyallahu anhu – ağır xəstə idi. Başı ailəsindən birinin qucağındaykən bayıldı (özündən getdi). Bu vaxt xanımı yüksək səslə fəryad etməyə başladı. Əbu Musa ayıldıqda: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uzaq olduğu kimsədən mən də uzağam. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – yüksək səslə fəryad edən, saçını-başını yolan və paltarını cıran qadınlardan uzaq olmuşdur»696. Muğira b. Şöbə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kimin arxasınca fəryad edilərək ağlayarlarsa o, kimsə (onları bu əməldən çəkindirmədiyinə görə) bu fəryad səbəbiylə Qiyamət günü əzab görür»697. Ummi Atiyyə Museybə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə beyət etdiyimiz zaman (ölü arxasıyca) fəryad etməyəcəyimizə dair biz qadınlardan söz aldı (Başqa rəvayətdə: Üzü cırmaqlamayacağımıza, özümüzə bəd dua etməyəcəyimizə, yaxalarımızı cırmayacağımıza və şerlər (mərsiyələr) deməyəcəyimizə dair bizdən söz aldı698)»699. Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, bir dəfə Abdullah b. Rəvaha bayılmışdır. Bacısı: «Vay dağ kimi qardaşım! Vay belə, vay elə» deyərək yaxşılıqlarını saymağa başladı. Ayıldıqda: «Sən nə söyləyirdinsə mənə: «Məgər sən belə idin» deyərdilər700. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərk etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasıyca fəryad edərək ağlamaq. Ölünün arxasıyca fəryad edərək ağlayan kimsə ölümündən öncə tövbə etməzsə Qiyamət günü bədəni xəstəlik (qotur və ya dəridə xırda-xırda irin) olacaqdır və onun üzərinə qatrandan geyim geyindiriləcəkdir»701. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hər hansısa bir əməli cahiliyyəyə mənsub edərdisə insanların bundan çəkinməyini bildirir. Burada da cahiliyyə deyildikdə İslamdan qabaqkı dövr nəzərdə tutulur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki xislət vardır ki, ümmətim onları heç vaxt tərk etməyəcəkdir. Şivən qopardaraq ağlamaq və əsl-nəcabətə tənə etmək»702. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, hər hansı bir ölünün arxasıyca ağlayaraq: «Ey mənim dirəyim (gözüm, işığım), ey mənim böyüyüm» və ya buna bənzər sözlər söyləyərsə iki mələk ölünün sinəsinə vuraraq: «Məgər sən beləydin?» deyərlər703. Əbu Hureyrə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlarda (cahiliyyədən qalan) iki əməl vardır ki, onlar üçün küfrdür. Nəsəbə söymək və ölü üzərinə fəryadla ağlamaq»704. Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Əbu Sələmə öldüyü zaman: «Qürbət əlində ikən ölən bir qərib! Vallahi onun üçün dillərə bir dastan olsun deyə ağlayacağam» dedim. Bu vaxt Mədinə qadınlarından biri gəldi və ağlamaqda mənə yardım etmək istədi. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə qarşılaşdı və iki dəfə: «Allahın, şeytanı çıxarmış olduğu bir evə (təkrar) şeytanmı soxmaq istəyirsiniz» deyə buyurdu. Bundan sonra ağlamaqdan çəkindim705. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Əgər ölən kimsə yaşadığı müddətdə ailəsinə belə bir şeyi etməyi qadağan etmişsə, onlar da buna baxmayaraq onun ölümündən sonra belə bir şey etmişlərsə bu vaxt ölü üçün heç bir əzab yoxdur (Əgər vəsiyyət etməyib edərsə cəzanı haqq edər)».
Bu Tərzdə Ağlamaq Olar - İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Sad b. Ubadə - radıyallahu anhu – xəstəliyi ağırlaşmışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər AbdurRahman b. Auf, Sad b. Əbu Vaqqas və İbn Məsud - radıyallahu anhum – olduğu halda onu ziyarətə gəldilər. Yanına girdikdə o, bayılmışdır. Peyğəmbər: «Öldümü?» deyə soruşdu. Ordakılardan: «Xeyr, Ya Rəsulullah!» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ağladı. Səhabələr Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağladığını gördükdə onlar da ağladılar. Peyğəmbər: «Yaxşı dinləyin! Allah göz yaşı və könül hüznüylə insanlara əzab etməz. Fəqət (dilinə işarə edərək) bunun üzündən əzab və ya rəhmət edər» deyə buyurdu706. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında olduğumuz zaman qızlarından biri (Zeynəb) Peyğəmbər – sallallahu aleyhi və səlləm – i çağırmaq üçün bir xəbərçi göndərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə öğlunun ölüm üzərə olduğunu xəbər verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızının göndərdiyi elçiyə: «Onun (Zeynəbin) yanına qayıt və xəbər ver ki, Allahın aldığı, verdiyi hər bir şey də Allaha aiddir. Hər şey Allah qatında müəyyən bir qədər ilədir. Səbr etsin və savabını Allahdan umsun. Elçi geri qayıdaraq xəbəri çatdırdı. Bu dəfə (Zeynəb) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə xəbər göndərərək yenidən gəlməsini təmənna etdi. Bu xəbərdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – qalxdı və onunla birlikdə Sad b. Ubadə, Muaz b. Cəbəl - radıyallahu anhum – da qalxdılar. (Zeynəbin) evinə gəldilər. Uşaq peyğəmbərə verildi. Körpə artıq can verirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gözü yaşla doldu. Sad b. Ubdə: «Ya Rəsulullah! Bu (ağlamaq) nədir?» deyə soruşdu. Peyğəmbər: «Bu göz yaşı Allahın qullarının qəlblərində qoyduğu bir rəhmətdir. Allah qullarından ancaq mərhəmətli olanlara mərhəmət edər» deyə buyurdu707.
DÖYÜŞ MEYDANINDAN QAÇMAQ
«Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir». (əl-Ənfal 16). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Döyüş günü meydandan qaçmaq»708. Əbu Dərda – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – doqquz şeyi əmr etmişdir: «Parça-parça doğranılsan və ya yandırılsan da belə Allaha heç bir şeyi şərik qoşma. Qəsdən (səbəb olmadan) fərz namazını əsla tərk etmə. Onu qəsdən tərk edəndən Allahın himayəsi qalxmış olur. Əsla şərab içmə. Çünkü o, hər bir pisliyin açarıdır. Ana-ataya itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr onlara görə bundan əl çək. Özünü haqlı saysan da belə təyin olunmuş əmirlərlə çəkişmə. Dostların (yoldaşların) qaçsa və həlak olsan da belə sən müharibədən qaçma. Varlığından (zənginliyindən istifadə edərək) ailənə xərclə, dəyənəyi onların üzərindən qaldırma və onları Uca və Böyük olan Allahın haqqı ilə qorxut»709.
Döyüşdə Qadağan Olunanlar - Peyğəmbər - səllallahu aleyhi və səlləm – döyüşlərin birində öldürülmüş qadın gördü və: «Qadınların və uşaqların öldürülməsini nəhy (qadağan) etdi»710. Abdullah b. Yəzid əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüləri soymağı və onları tanınmaz hala salmağı qadağan etmişdir»711.
AYƏ VƏ HƏDİSLƏR OXUNDUĞU ZAMAN SƏSİ QALDIRMAQ
«Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə (onun sayəsində) rəhm olunasınız». (əl-Əraf 204). «Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın. Yoxsa özünüz də bilmədən əməlləriniz puç olar». (əl-Hucurat 2). Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə hörmət həm onun sağlığında idi, həm də ölümündən sonra da olmalıdır. Buna görə də kimin yanında hədis söylənilərsə dinləsin və etiraz etməsin712. Sabit b. Qeys - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xatibi idi və onun yanında xütbə verərkən uca səslə danışardı. Bu ayə nazil olduqdan sonra Qeys bir neçə müddət Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlmir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sad b. Muaz - radıyallahu anhu – ya deyir ki: «Sənin qonşun Qeys haradadır?». Sad - radıyallahu anhu – ona baş çəkməyə gedir və görür ki, Qeys evində qorxu içərisində oturaraq ağlayır və deyir ki: «Mənim əməllərim puç olmuşdur, artıq mən Cəhənnəm əhlindənəm. Çünki səsimi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında qaldırmışam». Sad - radıyallahu anhu – bu xəbəri Peyğəmbər – sallallahu aleyhi və səlləm – söylədikdə: «Xeyr, o Cənnət əhlindəndir» deyə buyurdu713.
SURƏT YARADANLAR
Şəkil - Forma, Surət Vermək deməkdir. Bu da insan, heyvan və s. ola bilər. 2 qismdir: 1) Kölgəsi olan – daş, ağac, plastilin, palçıq üzərində canlı olanların heykəllərini oymaq. 2) Kölgəsi olmayan - Rənglər, cizgilər vasitəsi ilə kağız üzərində şəkil şəkmək. Canlı məxluqun surətini çəkməyin qadağan olunmasına səbəb: 1. Şəkil çəkən özünü Allaha bənzətmək istəyir. Tövhid odur ki, sən Allaha heç kəsi şərik qoşmursan. Şəkil çəkən əməli ilə Allaha oxşamaq istəyir. Allah yaradır və istədiyinə də istədiyi surəti verir. Şəkil çəkən rəssam qəlbindən, ağlından keçirdiyi forma və surəti çəkdiyi şəkilə verir. Bu da Tövhidin kamilliyinə, Allahın Rububiyyətinə ziddir. 2. Surət yaratmaq şirkə aparan bir vəsilədir (yoldur). Şəriətin məqsədi isə şirkə aparan bütün yolları bağlamaqdır. Bu da Uluhiyyətdə şikdir. İlk şirkin yaranmasına səbəb Nuh - əleyhissəlam - ın qövmündə olan saleh kimsələrin surətlərini çəkməklə başladı. Useymin – rahmətullahi aleyhi – deyir ki: Şəkil çəkməıyin bir çeçə növü vardır. 1) Kölgəsi (cəsədi) olan şeylər – insan, dəvə, şir və s. Bildiyim qədər bütün alimlər ittifaq ediblər ki, haramdır. Oxşamaqda niyyət rol oynamır. Əgər kişi kafir geyimi, qadın geyimi geyinib çölə çıxarsa və desə ki: “Mənim niyyətim yoxdur onlara oxşamaqda”. Ona: “Sənin niyyətin olmasa da belə artıq oxşamısan”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düçar olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır»714. 2) Şəkil çəkir lakin fiziki cəsədi yoxdur. Rənglər, cizgilər vasitəsi ilə kağız üzərində şəkil şəkmək. Bu da haramdır hədislərlə. Aişə - radıyallahu anhə – rəvayət edir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in döyüşə çıxdığını gördüm. O vaxt mən kənarları saçaqlı bir yataq örtüyü almış və onu qapı üzərinə asmışdım (Başqa rəvayətdə: Qanadlı at şəkili olan bir örtük). Peyğəmbər – sallallahu aleyhi və səlləm – qayıtdıqda bu pərdəni gördü. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bunu xoşlamadığını üzündən hiss etdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – pərdəni çəkdikdə onu cırdı hətta yerindən qopardı və: «Şübhəsiz ki, Allah bizlərə divarın daşını və torpağını belə surətlə olan pərdə ilə örtməyimizi əmr etmədi» deyə buyurdu. Aişə: «Biz örtüyü parçaladıq və ondan iki yasdıq tikdik və yasdığın içini xurma yarpaqları ilə doldurduq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim bu işimi pis qarşılamadı (Başqa rəvayətdə: Bunu çevir. Çünki hər girişimdə onu görür və dünyanı xatırlayıram)»715. 3) Fotoaparat vasitəsilə şəkil çəkmək. Bu ixtilaflıdır. 1. Daxildir harama. Fotapartla çəkilən şəkil. əllə çəkilən şəkildən daha canlı olur. 2. Bu şəkil çəkməyin hökmündə deyildir. Fotoaparatla şəkil çəkmək sanki kserokopiya aparatı vasitəsilə bir şeyin surətini çıxarmaq kimidir. Allahın yaratdığı şəkildə qalır. Sadəcə düyməni basır və surəti çıxardır. Haram və mubah olur. Nə zaman olur? Əgər bir kimsənin surətini xatirə üçün çəkirsə ər-arvad, ana uşaq və s. haramdır. Çünki insan surətləri saxlayır. Bunu heç kəs inkar edə bilməz. Əgər şəxsiyyət, sürücülük vəsiqəsi, cinayətkarı axtarmaq, pul və s. mübahdır. 4) Ruhu olmayan şeylərin şəkili 2 qismdir: 1. İnsan öz əli ilə düzətdiklərinin şəkilini çəkir. Komputer, maşın, təyyarə və s. halaldır. 2. Allahın yaratdıqlarının şəkilini çəkir. Bu da 2 qismdir: 1. Nə ki, artmır - daş, dəmir, və s. olar. 2) Nə ki, artır - ağac, bitkilər və s. Ixtilafdır. Çoxu icazə vermişlər. Bəziləri isə qadağan etmişlər. Ümumi hədisiə görə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düçar olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır»716.
Şəkili Evdə Saxlamaq Olarmı? – 1. Şəkili ucaltmaq üçün saxlamaq - haramdır. 2. Ona baxıb ləzzət almaq üçün saxlamaq – haramdır. 3. Uşaqların şəkillərini xatirə üçün saxlamaq – haramdır. 4. Dərs ləvazimatı kimi şəkili saxlamaq. Dəstəmazı başa salmaq, namazın qılınma şəkili və s. – halaldı. 5. Ayaq altı olan yerlərdə şəkilli xalça və s. – olar. 6. Bunsuz keçinmək olmaz. Məs: Şəxsiyyət vəsiqəsi, pulun üzərində olan şəkil və s.
Aişə - radıyallahu anhə – rəvayət edir ki, balaca bir yasdıq almışdım. Üstündə bir neçə (heyvan) rəsimləri vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu gördükdə qapının önündə durdu və içəriyə girmədi». Aişə: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bundan xoşlanmadığını üzündən hiss etdim. Ya Rəsulullah! Allaha və Rəsuluna tövbə edirəm. Nə xəta etdim mən?» dedim. Peyğəmbər: «Bu nə yasdıqdır?» deyə buyurdu. Aişə: «Mən bunu sənin üçün üzərinə oturasan deyə aldım» dedim. Peyğəmbər: «Bu surətlərin sahibləri Qiyamət günü heç şübhəsiz ki, əzab olunacaqlar və onları (aciz etmək üçün): «Surətlərini çəkdiyiniz bu heyvanları dirildin» deyiləcəkdir (Başqa rəvayətdə: Mən bu yasdığı sökərək iki dirsək yasdıq tikdim. Artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – evdə onlara dirsəklərini dayayardı)717. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu surətləri çəkənlər Qiyamət günü əzab olunacaqlar. Tez olun çəkdiyiniz surətlərə can verin deyiləcəkdir»718. İbn Abbas - radıyallahu anhu – nun yanına bir rəssam gələrək ondan rəsimləri haqqında fətva istədi. İbn Abbas: «Mənə yaxınlaş» dedi. Rəssam da ona yaxınlaşdı. Sonra təkrar ona: «Mənə yaxınlaş» dedi. Rəsam da ona yaxınlaşdı. İbn Abbas - radıyallahu anhu – əlini bu fətva istəyən rəssamın başı üstünə qoyaraq dedi: Mən sənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyim bir hədisi xəbər verəcəyəm (yaxşı dinlə). Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən dinlədim: «Hər bir Musavvir (surət çəkən) Cəhənnəmdədir. Musavvirin təsvir etdiyi hər surətə Qiyamət günü (Allah) həyat verir və o canlı surət Cəhənnəmdə onu çəkən sahibinə əzab verir» deyə buyurdu. İbn Abbas: «Əgər sən sənətini davam etdirmək məcburiyətindəsənsə ağac rəsimi və həyat sahibi olmayan vücud rəsimlərini çək (Başqa rəvayətdə: Hər kim dünyada bir surət çəkərsə Qiyamət günündə o surətə ruh verilməsi əmr olunar. Halbuki o, həyat vermək qüdrətinə sahib deyildir)» dedi719. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əziz və Cəlil olan Allah buyurdu: «Mənim yaratdığım kimi yaratmağa girişən kimsədən daha zalım kim vardır? Bacarırsınızsa yoxdan bir zərrə yaratsınlar və ya bir Habbə (buğda) vücuda gətirsinlər və yaxud da bir arpa dənəsi yaratsınlar»720. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – gəlməsi haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə söz verdi. Nəhayət vəd edilən vaxt gəldi, lakin Cəbrail – əleyhissəlam – hələ də gəlməmişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlində dəyənək olduğu halda gözləməkdə idi. Dəyənəyi əlindən atdı və: «Allah vədindən dönməz, Rəsulları da dönməzlər» deyə buyurdu. Sonra arxa tərəfə döndükdə çarpayının altında bir köpək balasını gördü. O: «Ya Aişə! Bu köpək bura nə vax girmişdir?» deyə buyurdu. Aişə: «Allaha and olsun ki, bilmirəm» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – köpəyin çıxarılmasını əmr etdi, o da çıxarıldı. Ondan sonra Cəbrail – əleyhissəlam – gəldi. Peyğəmbər: «Mənə vəd etdiyin vaxtı gələcəyini bildirmişdin, mən də səni gözlədim lakin gəlmədin» deyə buyurdu. Cəbrail: «Mənim gəlməyimin qarşısını evində olan köpək almışdır. Biz mələklər içində köpək və surət olan evə girmərik. (Başqa rəvayətdə: Meymunə - radıyallahu anhə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə üçün kədərli olduğunu soruşduqda o: «Cəbrail – əleyhissəlam – bu gecə mənimlə görüşəcəyini vəd etmişdir lakin gəlmədi. Allaha and olsun ki, mənə qarşı sözündən heç vaxt dönməmişdir. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in kölnünə evimizin bir dirəyi altında olan bir köpək balası düşdü. Həmən onun çıxarılmasını əmr etdi. Köpək balası çıxarıldı. Sonra əlinə su alaraq köpək balasının yatdığı yerə səpdi. Nəhayət axşam olduqda Cəbrail – əleyhissəlam – gəldi. Peyğəmbər: «Dünən gecə mənimlə görüşəcəyini vəd etmişdin?» deyə buyurdu. Cəbrail: «Bəli, elədir. Lakin biz mələklər içində köpək və surət olan heç bir evə girmərik» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o günü səhərə qədər itlərin öldürülməsini əmr etdi. Hətta o dərəcəyə qədər ki, kiçik baxçaları qoruyan itlərin də öldürülməsini əmr edir sadəcə böyük baxçaları qoruyan itlərə dəymirdilər721«722. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz»723. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»724. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zınqırov şeytanın mizmarıdır»725.
SOĞAN, SARIMSAQ VƏ YA PİS QOXULU BİR ŞEY YEYƏN ŞƏXSLƏRİN MƏSCİDƏ GƏLMƏSİ
«Ey Adəm oğulları! Hər ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyinin». (əl-Əraf 31). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan yeyən bizdən ayrı dursun (Başqa rəvayətdə: Məscidimizdən uzaq dursun, evində otursun)»726. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sarmısaq və soğan və kəvər yeyən məscidimizə yaxınlaşmasın. Çünki mələklər Adəm övladının narahat olduğu (əziyət çəkdiyi) şeylərdən narahat olurlar»727. Ömər - radıyallahu anhu – cümə günü xütbəsində belə dedi: «Ey insanlar! Sizlər pis qoxusu olduğunu gördüyüm iki bitkidən yeyirsiniz. Soğan və sarmısaq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə bir adamdan bunların qoxusunu duyduqda onun (məsciddən çıxarılmasını) əmr etdiyini görmüşəm. O, şəxs Bəqi (qəbristanlığına) qədər uzaqlaş-dırılardı. Kim bu iki şeydən yemək istəyirsə bişirərək qoxusunu öldürsün (sonra yesin)»728.
Qoltuq altından və corablardan pis iy gələn məscidə daxil olan kimsələr də bu hökmə aiddirlər. Həmçinin də siqaret çəkib məscidə gələrək mələklərə və insanlara əziyyət verənlərə də aiddir729.
KİŞİ VƏ QADIN HAQLARI
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir tutmuş olsun». (ən-Nisa 19). «Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi. Qadınların da onlar üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 228). «Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərinə üstün etməsinə və kişilərin öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə Allah uca və böyükdür». (ən-Nisa 34). «Arvadın yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür». (əl-Bəqərə 233).
Kişi öz həyat yoldaşı ilə rəftarda necə olmalıdır? Allah qadınlar üzərində haqlar vacib etdiyi kimi, kişilər üzərinə də vacib etmişdir. «Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi. Qadınların da onlar üzərində hüquqları vardır». (əl-Bəqərə 228). Lakin Allah kişinin haqqını qadının haqqından öndə gətirmişdir. Görürsən ki, bir çox insanlar ailə qururlar. Lakin yoldaşı ilə necə rəftar etməyi, ona necə müraciət etməyi, bir-birilərinin üzərində olan haqlardan xəbərsiz olurlar. Bunun nəticəsi də rəftar etdiyi zaman öz nəfsinə uyğun, öz istədiyinə uyğun və ya öz kişiliyindən istifadə edərək rəftar edir. Şəriətin vacib etdiklərini yerinə yetirmir. Bu rəftar məsələsində şəriət əhkamlarını öyrənmirlər. Bu məsələdə olan qadağaları və əmrləri bilmirlər. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Qadınların üzərində haqlar olduğu kimi onlar üçün də haqlar vardır. Mən istəmirəm ki, qadının üzərində olan bütün haqları ondan tələb edim. Necə ki, ona vacib olduğu kimi haqlar mənə də vacib olsun. Eynilə qadın öz əri üçün bəzəndiyi kimi, kişi də öz qadını üçün bəzənməli, ondan gələn xoşagəlməz qoxulardan uzaq olmalıdır. Qadın bunu tələb edərsə o, bunu mütləq etməlidir». Baxın Peyğəmbər – sallallahu aleyhi və səlləm – in öz zövcələrilə olan rəftarına. Necə də gözəl nümunədir. «Həqiqətən Allahın Rəsulu Allaha, Qiyamət gününə ümüd bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir». (əl-Əhzab 21). Bəzən kişi öz cinsindən istifadə edərək qadını ilə rəftar edir. Bəzi insanlar isə hərisdirlər ki, onların ailələrində rəftar yalnız şəriətə uyğun olsun. Bu cür rəftara artıq insanların çoxu əməl etmirlər. Bəzi insanlar da gözəl rəftar deyildikdə qadını başlı-başına buraxmaq, istədiyini onun üçün etmək (istər icazəli olsun, istər qadağan olunan) şəkildə başa düşürlər. Belə bir rəftar artıq səhlənkarlıqdır. Belə bir rəftar nəticəsində görürsən ki, artıq qadınlar kişilərin işlərini yerinə yetirirlər.
Allah kişiləri qadınlardan bir pillə üstün etmişdir. Bu da kişilərin evə xərclədiklərinə, qazandıqlarına görə üstün tutulmuşdur. Həmçinin də dözümlülüyünə. səbrinə və gücünə görə də üstün tutulmuşdur. Buna görə də kişi evdə əmr, qadağa və xərcləmək məsələsində əmr sahibidir. Qadına vacibdir ki, ərinə Allaha itaətdə itaət etsin (haram olmayan şeylərdə). Hətta haram deyilsə və şəriətdə də deyilsə. Yaxşı əməldirlə itaət etməlidir. Ona asi olmamalıdır. Evinə ərinin xoşlamadığı insanları daxil etməsin, evdən çıxdığı halda yalnız ərinin razı qaldığı şəkildə çıxsın. Əgər qadın bu haqları qoruyarsa artıq fərzi yerinə yetirmiş olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər qadın gündəlik beş namazı qılarsa, Ramazan orucunu tutarsa və ərinə itaət edərsə ona deyilər: Cənnətin hansı qapısından istəyirsənsə daxil ol!»730. Qadının öz ərinə itaət etməsi fərzdir. Buna görə də qadına vacibdir ki. ərinə itaət etsin, onu razı salsın və güzəştə gedən də qadın olmalıdır. Elə etməməlidir ki, kişi itaət etsin və kişi zəlil olsun. Əgər kişi zəlil olarsa bunun fəsadları böyükdür. Qadın elə bir məzluqdur ki, onun üzərində daima kimsə durmalıdır, onun üərində ixtiyar sahibi olmalıdır. Allahın əmr etdiyi formada onu ədəbləndirsin. Qadın ərinə itaət etsə və evdə ixtiyar sahibi kişi olarsa xoş aqibət onların hər ikisi üçün də olar. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 21). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sevdiyiniz və çox doğan qadınlarla evlənin ki, Qiyamət günü mən ümmətimlə iftixar edəcəyəm»731. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı rəftar edəninizdir. Mən ailəmə (qarşı gözəl rəftar etməkdə) ən xeyirlinizəm»732. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Vida xütbəsində buyurdu: «Qadınlarınızla yaxşı davranın. Çünki onlar sizin köməkçilərinizdir. Əlinizdə bundan başqa bir haqq yoxdur. Lakin açıq bir pis iş etmələri müstəsnadır. Əgər belə bir hərəkət edərlərsə yatağınızı ayırın, xəfifcə döyün. Lakin sizə itaət edərlərsə onlara pislik etmək üçün yollar axtarmayın. Yaxşı bilin ki, sizin qadınlarınızın üzərində, qadınlarınızın da sizin üzərində haqları vardır. Sizin onlar üzərində haqınız xoşlamadığınız kimsələri evinizə daxil etməmələridir. Onların sizin üzərinizdə haqları onlarla – yeyəcəkləri və geyinəcəklərini – almanız və onlara yumşaqlıq göstərməyinizdir»733. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir mömin kişi, mömin bir qadına nifrət etməsin. Çünki bir əxlaqını bəyənməzsə, digər əxlaqını bəyənir»734. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminlərin ən xeyirlisi xanımı ilə xeyirli olanıdır»735. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Harada olursansa ol, ərinin haqqını ver. Çünki o, sənin həm Cənnətin, həm də Cəhənnəmindir»736. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınla diqqətli olun. Onlar qabırğadan yaradılıblar. Qabırğanın əyri tərəfi yuxarı hissəsidir. Düzəltmək istəsəniz sındırarsınız. Düzəltməsəniz əyilməkdə davam edəcəkdir. Onlara qarşı diqqətli olun»737. Əli - radıyallahu anhu – deyir ki: «Allah cihadı həm kişilər, həm də qadınlar üçün vacib edib. Kişilərin cihadı Allah yolunda ölüm hədinə qədər can və mallarını fəda etməkdirsə, qadınların cihadı ərinə yaxşı qulluq etməkdir»738. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah ərinə minnətdar olmayan qadına tərəf baxmaz»739. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ən xeyirli qadın haqqında soruşduqda o, buyurdu: «Ən xeyirli o, qadındır ki, əri ona nəzər saldıqda sevinsin, əmr etdikdə itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə və onun malını lazımsız yerə xərcləməklə ona asi olmasın»740. Əbu Ərinə əs-Sədəfi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ona gözəl təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən xeyirsizi isə əxlaqsız geyinən və xülyalara dalandır»741.
Dostları ilə paylaş: |