2. Sufilik felsefesi (tesevvuf)



Yüklə 22,65 Kb.
tarix04.07.2022
ölçüsü22,65 Kb.
#117347
referat 15661


2.Sufilik felsefesi (tesevvuf)

- Sufizm və ya təsəvvüf İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan.


Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi - dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir.
Bəşəriyyət tarixi ilə düşünülə bilinəcək mövzulardan biri də, özündə ilahi sirr və bilgilərin olduğu mistik düşüncədir. Gizlilik anlamını ehtiva edən latın mənşəli bu kəlmə tədricən fəlsəfi və dini mahiyyət almışdır. Müəyyən mənada gizlilik əsasında dayanana mistisizmdə maddiliyə qarşı ruhani (zöhd) və seyri-süluk kimi təcrübi bir sıra hallar olduğu görünür. Mistik təcrübənin və mistik anlayışın islam, xristian və iudaizm dünyası, yunan düşüncəsi, brahmanizm, buddizm və manixeizmdə fərqli inikasları olduğu söylənilir. Lakin təsəvvüfə sırf mistisizm kimi baxmaq da düzgün deyil. Təsəvvüf və qeyri-islami mistisizm arasındakı fərqlər qısaca belə izah olunur:
Qeyri- islami mistisizmdə metodsuzluq və passivlik hakimdir. Burada şeyxə bağlanma kimi bir vəziyyət nəzərdə tutulmur. Şeyx olmadığı üçün mürşidlər silsiləsi kimi bir ənənə də mövcud deyil. Müəyyən zamanlarda edilən vird və zikrlər olmamaqda və insanlar öz bacarıqlarına görə mistisizmdə yerlərini tuturlar. Hər hansı bir ierarxiya yoxdur və son çatıla biləcək nöqtə elmül-yəqin dərəcəsidir.
İslami təsəvvüfdə isə metod önəmlidir, aktivlik əsasdır.Seyri-süluk deyilən sufinin keçməsi lazım olan ruhani yol bir mürşidin nəzarətində başlayıb davam edir. Mürşid-mərkəzli bir struktur olduğundan burada silsilə də mövcuddur. Şeyxin aşkarladığı əsaslar üzrə icrası vacib olan virdlər və zikrlər vardır, insanlar şeyxə bağlılıqla bu dünyaya gələrək, zikr və riyazət kimi ünsürlərlə məqamları aşa bilirlər. Təsəvvüfdə hər kəsin yerinin məlum olduğu piramidaya bənzər bir quruluş vardır. Sufilərin yetə biləcəkləri ən son nöqtə həqqəl-yəqin dərəcəsidir.
Sufi və təsəvvüf kəlməsinin hansı kökdən törəmiş olması məsələsi ilə əlaqədar tədqiqatçılar müxtəlif mülahizələr söyləmişlər. Təsəvvüf kəlməsinin saflıq, duruluq, bərraqlıq anlamına gələn “savf” kökündən, ”bəni-suffə” qəbiləsindən, ”suffə” əshabından, bir çöl bitkisi olan “sufanə”dən, və yun anlamına gələn ərəb dilində “suf” kökündən, yunan dilində hikmət anlamına gələn “sophia” sözündən törəməsi haqqında fikirlər vardır.
Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı Quran və Məhəmməd peyğəmbərin (s.ə.s.) hədisləridir. Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx bağlı bir şəkildə, tamamilə şəriətə uyğun təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini-ifratçı sufi anlayışları da İslam dünyaslnda çox geniş yayılmışdır. Bunların bir çoxunda isə başqa din və fəlsəfi cərəyanların təsirini görmək mümkündür.
Təsəvvüf tarixinin mərhələləri zöhd, təsəvvüf və təriqətlər dövrü olaraq müəyyənləşdirilmişdir.
Zöhd dövrü müəlliflərə görə İslamın ilk yarandığı dövrlərə düşür. Məhəmməd peyğəmbərdən (s.a.v.) sonra islam fəthlərinin genişlənməsi, hərbdə əldə edilən qənimətlərin müsəlmanları rəfah və dünya arzusuna sövq etməsi, sufiliyin müstəqil bir şəkildə meydana çıxmasına səbəb olmuşur. Bir qism müsəlman mal-mülk və zənginliyə yönəldiyi halda, bəziləri isə öz inandıqları təmiz əqidəni eyniylə davam etdirərək, islam dininin əsasları xaricinə çıxmadan hz.Peyğəmbərin (s.ə.s) yolu ilə getməyi üstün tutmuşlar. Peyğəmbər (s.a.v.) dövründə mistik həyat peyğəmbərin yaşadığı kimi yaşamaqdan ibarətdir. Təsəvvüf kəlməsinin hələ anlayış olaraq istifadə olunmadığı bu müddətdə İslam cəmiyyəti həyatın hər səhifəsində hz.Peyğəmbəri (s.a.v.) özünə örnək götürmüşdür.
Təsəvvüf tarixinin ilk mərhələsi olan bu dövrün həyat tərzi insanlardan yarı və yalnız yaşama, nəfsi istəkləri nəzərə almama və onlarla mücadilə, səbr, təvəkkül kimi tipik xüsusiyyətlər daşımaqdadır. Zahidlər dövrünün sonu VIII əsrin ortalarına – İslam tarixinin tabiin (səhabələri görənlər) dövrünə təsadüf edir.
Təsəvvüf nüsttəqil bir fəlsəfi təlim olaraq ilk dəfə Bəsrədə meydana çıxmışdır. İlk öncə sufi adnı alan Əbu Haşim əs-Sufidir. İlk təkyə də Suriyada Rəml şəhərindəki Əbu Haşim təkyəsidir. Əbu Haşim ilə başlayan təsəvvüfi hərəkatlar qısa zamanda bir çox İslam ölkələrinə yayıldı.
IX əsrdən başlayaraq təsəvvüf sisteləşmə mərhələsinə girdi. Bu sistemləşmə zöhd dövrünə nisbətən böyük fərqlilikləri də özü ilə bərabər gətirdi. Bir tərəfdən təsəvvüfün prinsip, qayda və metodları müəyyənləşdirilərkən, digər tərəfdən də sufi düşüncəsinin yaşandığı müəssisələr – təkyələr qurulmağa başladı. Böyük sufi və zahidlərin yetişdiyi IX-X əsrlərdə təsəvvüflə əlaqədar bir sıra əsərlər yazılmış və beləcə sufiliyin əsasları müəyyən edilmişdir.

Təsəvvüf sözünü ilk dəfə istifadə edən Məruf Kərxi, təsəvvüf düşüncəsinə mərifət ünsürünü gətirən Zünnun Misri, təsəvvüfi halları incələyən ilk insan olduğu söylənən Səri əs-Sakati, zöhd və təsəvvüfə yeni meyarlar gətirən Bəyazid Bistami, Haqq uğrunda canından keçən Həlla Mənsur, Qəzalini yetişdirən və Bağdad sufilərinin mübahisəsiz ustadı qəbul edilən Cüneyd Bağdadi, Allah qorxusuna əsaslana təqva anlayışı ilə Həsən Bəsri, ilk təkyəni quran və ilk sufi adını daşıyan zahid Əbu Haşim əs-Sufi, təsəvvüfə Allah eşqini gətirən Rəbiə əl-Ədəviyyə kimi zahid və sufilər öz dövrlərinin tanınmış simalarındandır.


Mehmet Rıhtım qeyd edir ki, ilk təriqətlərin meydana çıxdığı XII əsrə qədər olan bu dövrdə təsəvvüf geniş ölçüdə praktikaya əsaslanan, nəzəriyyələrə çox yer verməyən, sadə, lakin dərin və anlamlı bir mənəvi həyat tərzi olaraq dəyərləndirilə bilər. Bəyazid Bistami, Cüneyd Bağdadi kimi məşhur sufilərin yaratdığı anlayışlar daha sonra İmam Qəzali tərəfindən sistemləşdirilmişdir. Qəzalidən sonra yetişən və Qəzalinin kəlam, fiqh və təsəvvüfi birləşdirməsinin müqabilində təsəvvüfü fəlsəfə ilə birləşdirərək fəlsəfi təsəvvüfü quran ibn Ərəbi də təsəvvüf tarixində önəmli şəxslərdəndir. Görüşləri və izahları bir çox tənqidlərə məruz qalan ibn Ərəbinin düşüncə sisteminin əsası vəhdəti-vücuda dayanır. Bu düşüncəsini insan, eşq və həqiqəti-Məhəmmədyyə ilə kamilləşdirən ibn Ərəbiyə görə Allahın (c.c.) tanınması mövzusuna ağıl və fəlsəfə kifayət deyildir, Allahı tanımanın əsl rəhbəri eşqdir. İbn Ərəbinin vəhdəti-vücud anlayışı əsrlərlə davam edən təsəvvüf ənənənin təməlini qoymuşdur.
Təşəkkülünü tamamlayan və sistemləşən təsəvvüf XII əsrin II yarısından başlayaraq təşkilatlanma prosesinə girir. Təsəvvüfün qayda və metodlarını bəzi fərqlərlə yenidən müəyyənləşdirən mütəsəvvüflər ümumiyyətlə öz adları ilə tanınan təriqətlər qurdular. Təsəvvüfün daha təsirli olmasını, xalq arasında daha sürətli bir şəkildə yayılmasını təmin edən təriqətlər varlıqlarını bütün islam dünyasında günümüzə qədər qoruya bildilər.
Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadirilik), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Bunlardan Qadirilik, Sührəvərdilik, Hürufilik, Səfəvilik və Xəlvətilik təriqətlərinin qurucuları və əsas şexləri mənşəcə Azərbaycan türklərindəndirlər. Həmçinin bu təriqətlərin yaranma və formalaşma arealı da Azərbaycandır. Ona görə də bir çox tədqiqatçılar haqqlı olaraq bu təriqətlərin vətəni kimi başdan - başa sufilər diyarı olan Azərbaycanı göstərirlər.
Lüğəvi mənası “yol” anlamına gələn təriqət təsəvvüfi mənada Allaha (c.c.) yetişmək ünü riayət olunan və bir sıra qayda və ayinləri olan yol deməkdir. Sufilər təsəvvüfün elmi-hal, digər elmlərin isə elmi-qal olduğunu bildirirlər. Elmi-qal zahir bilgisi olub ağıla və nəqlə söykənir. Elmi-hal isə batin bilgisi olub, zəhmətlə əldə edilə bilməyən, qəlbə gələn bilgini ifadə edir. Sufilər bu baxımdan təsəvvüfün qaynaqlarından olan Quranı anlama və şərh etmədə təvil metodundan istifadə edir və özlərini ancaq hal əhli, elmi-lədün sahibi insanların anlaya biləcəklərini bildirirlər.
Təsəvvüf strukturu içində yer alan təriqətlərin hər birinin özünəməxsus ədəb və ərkanı vardır. Görünüş, qiyafə, şeyxə bağlılıq, tac (əksər halda papaq) və xirqə kimi fərqlər olmasına rəğmən, təriqətlərin bəzi ortaq istiqamətləri də vardır.
Yüklə 22,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin