Azərbaycanlı hərbi əsirlər Berlində yaradılmış gizli antifaşist təşkilatının işində də yaxından iştirak edirdilər. Cümşüd Məmmədov, Bəxtiyar Paşayev, Səttar Kərimov, Seyidəli Seyidov və bu gizli təşkilatın digər üzvləri çalışdıqları sənaye müəssisələrində düşmənə qarşı təxribatlar törədirdilər. Azərbaycan döyüşçülərindən M.Seyidov, Ə.Əlimərdanov faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen ölüm düşərgələrində Avropa ölkələrindən olan antifaşistlərlə birgə fəal iş aparırdılar.[17] Ə.S.Ağayev Buhenvald ölüm düşərgəsində antifaşist təşkilatın fəal üzvlərindən biri olmuşdur.[18]