Azərbaycan mədəniyyəti müharibə illərində
Plan: 1.Azərbaycan elmi müharibə illərində
2. Azərbaycan ədəbiyyatı müharibə illərində
3.Azərbaycan ingəsənəti müharibə illərində.
4.Orduya ümumxalq köməyi.
Azərbaycan ziyalıları müharibənin ilk günlərindən bütün səy və yaradıcılıq fəaliyyətlərini qəsbkar faşist Almaniyasına qarşı mübarizəyə, azadlığın, humanizmin, tərəqqinin, sivil cəmiyyətin qorunmasına yönəltdilər. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı, respublikanın elmi-tədqiqat müəssisələri, yaradıcı cəmiyyətlər, ali məktəblərin kafedraları öz işlərini müharibənin tələblərinə uyğun qurmağa başladılar. Kompleks elmi tədqiqatlar aparılması, istehsalatla canlı və sıx əlaqə cəbhəyə, hərbi təsərrüfata xidmət edən proseslərin təkmilləşdirilməsinə, yerli xammal əsasında müdafiə əhəmiyyətli strateji məhsullar, yüksək keyfiyyətli yanacaq növləri yaradılmasını sürətləndirməyə kömək edən yeni elmi istiqamətlərin, mövzuların işlənməsi elmi kollektivlərin fəaliyyətinin əsasını təşkil edirdi.
Azərbaycan alimləri zirehli texnikaya qarşı top gülləsi, özüidarəolunan bombalar, tanka qarşı elektrik minaları, çoxpilləli minalar, silahı və hərbi sursatı pas atmaqdan qoruyan vasitələr hazırlamış, əl bombaları səthinin sinkləndirilməsi və elektrik qalaylanması haqqında təkliflər irəli sürmüşdülər. Poladı, çuqunu duru yanacaqda əritməyə imkan verən texnologiya hazırlanmış və bunun nəticəsində kənardan əla növ daş kömür, koks və termoantrasit gətirməyə ehtiyac qalmamışdı. Azərbaycan alimlərinin qabaqcıl üsulları Zaqafqaziyanın poladəritmə zavodlarında da tətbiq edilirdi. Respublikanın kimyaçı alimləri Bakı sulfat turşusu zavodunda yerli xammal və materiallardan akkumulyator turşusu, həmçinin xlorlu sulfat, azot turşusu almışdılar. Yerli material və xammaldan istifadə edərək hidrogen, perozin, reaktiv toluol, bərk partlayıcı material, odadavamlı rəng və qara lak, odsöndürən vasitə, tüstü briketi və başqa məhsullar istehsalı texnologiyası istehsalata tətbiq olunmuşdu.
1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Y.H.Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etdi. Akademik Y.H.Məmmədəliyevin sədrliyi ilə EA-nın Azərbaycan filialında görkəmli Azərbaycan alimləri R.H.İsmayılov, H.X.Əfəndiyev, Ə.M.Quliyev, H.B.Şahtaxtinski, V.S.Qutırya, M.A.Dalin, S.C.Mehdiyev, Ş.A.Məmmədov, V.F.Neqreyevdən ibarət SSRİ Mərkəzi Elmi-Texniki Şurasının kimya problemləri üzrə bölməsi yaradıldı.118 Neft emalı müəssisələrində yeni texnoloji proseslər hazırlayan 75 laboratoriya fəaliyyət göstərirdi. Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya və kimya müəssisələri, Y.H.Məmmədəliyevin ideyası əsasında yüksək oktanlı alkilbenzol və onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə başladı.
Azərbaycan alimləri mühüm hərbi əhəmiyyəti olan xlorlu metal, azoktanlı benzindən hərbi əməliyyat üçün vacib olan toluol almaq texnologiyasını hazırladılar. Bakının elmi laboratoriyalarında tank əleyhinə şüşələrə doldurulmuş yandırıcı qarışıq və başqa partlayıcılar istehsal olunurdu. Akademik Ə.M.Quliyev kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində bir qolunu itirmişdi. Akademik İ.A.Orucovanın başçılığı altında Azərbaycan kimyaçıları təyyarə, tank və müxtəlif hərbi maşınlar üçün sürtkü yağları istehsalı texnologiyasını hazırlayıb istehsalata tətbiq etmişdilər. Azərbaycan alim və mühəndisləri yeni metalkəsən dəzgahlar hazırlamışdılar. Neft maşınqayırma zavodunda K.Əliverdizadə soyuq ştamplama üsulu hazırlamış və onu istehsalata tətbiq etmişdi. Bu, silah istehsal edən müəssisələrdə fəhlələrin əməyini yüngülləşdirmiş, əmək məhsuldarlığını artırmışdı. İ.Mehdiyevanın hazırladığı avtomat qurğıı silah istehsalı prosesini xeyli sadələşdirmiş, məhsulun keyfiyyətini yaxşılaşdırmışdı.
Azərbaycanın geoloq alimləri Mirəli Qaşqayın və Şamil Əzizbəyovun rəhbərliyi ilə strateji xammal - odadavamlı gil, fosforit və s. yataqları aşkar edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində daha 850 yüksək debitli neft mənbəyi müəyyənləşdirilmiş, 6 neft yatağı - "Qala", "Bulla-dəniz", "Buzovna", "Maştağa", "Naftalan", "Əmirxanlı" neft yataqları kəşf olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda "Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları müəyyən olunmuşdu.119 Stratiqrafik yataqların aşkar olunması Azərbaycan geologiya elminin böyük uğuru idi. Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay dəstəsi" adlanan yeni zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur" yataqlarında da belə laylar aşkar olunmuşdu. Kürətrafı ovalıqdakı "Pirsaat", "Xıdırlı", "Bəndovan", "Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının yaranması üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi. Geoloqların təklifi ilə sement, həmçinin xüsusi istiburaxmayan materiallar istehsalında vulkan külü işlənilməyə başlanmış, kəşf edilmiş mineral ngləyicilərdən hərbi və yerli sənayedə geniş istifadə olunmuşdu. Respublikanın fizika alimləri hərbi təşkilatların bir sıra vacib sifarişlərini müvəffəqiyyətlə yerinə yetirmişdilər: neft koksundan elektrik avadanlığı üçün material və fosforlu rənglər alınmış, neft, neft məhsulları üçün xüsusi analiz, neft kəşfiyyatında termik üsul təklif və tətbiq edilmişdi. Fiziklərin iştirakı ilə respublikada şüşə izolyatorlar təşkil olunmuş, fosforlu rəngləri gecə iş vaxtı neft sənayesinə tətbiq etməyin texnologiyası hazırlanmışdı. Soyuducu qurğularda istifadə edilən ammiaklı qaz respublikada istehsal olunan propanla əvəzlənmişdi. Neft quyularının ikinci istismarı və neft hasilatını artırmaq, təmizləyici aparatları hərəkətə gətirən və borularda sürtünməni aşkar edən alətlərin tətbiq olunması sahəsində energetiklərin irəli sürdüyü təkliflər böyük hərbi və təsərrüfat əhəmiyyəti kəsb edirdi. Energetiklərin səmərələşdirici təklifləri duru yanacaq istehsalında itkini xeyli azaltmışdı. Bioloq alimlər Azərbaycan ərazisində bitən dərman bitkilərinin, vitaminlə zəngin təbii çöl meyvələrinin aşkar olunmasında fəal iştirak edirdilər. Onların köməyi ilə Göyçayın yağ zavodunda ardıc kolundan efir yağı alınırdı. Professor Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlamış, minlərlə yaralı döyüşçünü həyata qaytarmışdılar. İctimai və humanitar elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər yaratdılar. 1943-cü ildə H.Hüseynov və M.Dadaşzadənin redaktəsi ilə "Azərbaycan ədəbiyyatının qısa tarixi" nəşr edildi. 1945-ci il martın 23-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Onun ilk prezidenti akademik M.Mirqasımov oldu. Respublikada elmi-tədqiqat işlərinin mərkəzinə çevrilmiş akademiyada 16 institut və bölmə, Şərq əlyazmaları və nadir kitablar fondu fəaliyyətə başladı. Müharibə illərində respublikanın maarif, mədəniyyət və tibb işçiləri düşmənə tezliklə qələbə çalmaq naminə cəbhədə və arxada çoxsahəli fəaliyyət göstərmişlər. Müəllimlərin əlli faizi orduya səfərbər olunmuşdu. Məktəb binalarının əksəriyyəti, xüsusən Bakıda, hospitallara və müdafiə müəssisələrinə verilmişdi. Məktəblər iki-üç növbəli iş rejiminə keçirilmişdi. Ali məktəb və texnikum tələbələrinin yarıdan çoxu ordu sıralarına çağırılmışdı. İxtisaslı kadrlar qısaldılmış proqramla hazırlanmağa başlanmış, ali məktəblərdə təhsil müddəti azaldılmışdı. Ali məktəb tələbələrinin, yuxarı sinif şagirdlərinin hərbi-fiziki hazırlığı, tələbələrin kənd təsərrüfatı işlərində iştirakı kütləvi xarakter almışdı. 1941-ci ildə məktəbləri pedaqoji kadrlarla təmin etmək məqsədilə Qazaxda, Qubada, Xankəndində, Ağdamda ikiillik müəllimlər institutları, Cəlilabad və Laçında pedaqoji məktəblər açılmışdı. Ölkənin işğal edilmiş rayonlarından Azərbaycana köçürülmüş müəllimlər pedaqoji işə cəlb olunurdular. Azərbaycanın səhiyyə orqanları müharibənin ilk günlərindən öz işlərini hərbin tələbləri əsasında qurmağa, səfərbərlik planı üzrə işləməyə başladılar. İlk növbədə hospitallara, onların avadanlıqla təmin olunmasına, evlərdə, ictimai yerlərdə, dəmir yol stansiyalarında, dəniz vağzallarında sanitar qaydalarına riayət edilməsinə, sanitar-buraxıcı məntəqələrin təşkilinə xüsusi diqqət yetirildi. Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı.
Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar öz əsərləri vasitəsilə insanlarda vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır, faşist işğalçıları üzərində qələbəyə inam yaradırdılar.
Yazıçı və şairlər - Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Səid Ordubadi, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, Məmməd Rahim, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Cəfər Xəndan, Tələt Əyyubov və başqaları çağırış məntəqələrində, ordu hissələrində, müəssisə və idarələrdə insanları vətənpərvərliyə, qələbəyə səsləyən müxtəlif tədbirlərdə, mərasimlərdə fəal iştirak edirdilər. Yazarların vətənpərvərlik mövzusunda bədii əsərlər məcmuəsi çap olundu. S.Rəhimovun, M.S.Ordubadinin, M.Paşayevin, H.Mehdinin, Ə.Məmmədxanlının, Y.Şirvanın və b. bu mövzuda əsərlərindən ibarət "Döyüşkən qələm" toplusu tərtib edildi. Yeniyetmələr və uşaqlar üçün "Vətən mahnıları" adı altında kitab nəşr olundu. Yazıçılar, şairlər, tənqidçilər və ədəbiyyatşünaslar "Faşizm insan mədəniyyətini məhv edir" (S.Vurğun), "Faşist qaniçənləri məhv ediləcəklər" (M.Arif), "Faşizm mədəniyyətin düşmənidir" (M.Hüseyn), "Faşizmin irq nəzəriyyəsi" (A.Ağayev), "Üçüncü imperiyanın sələfi", "Xaç yürüşü baş tutmadı" (M.Cəfərov), "Tarixin dərsi", "Faşizmə ölüm" (M.Rəfili), "Azərbaycan xalqının qəhrəmanlıq dastanı" (M.İbrahimov) və digər mövzularda məruzə və məqalələrlə çıxış etdilər. S.Vurğun, M.Arif, M.Hüseyn, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Ağayev və başqalarının məqalələri daxil edilmiş "Faşizm insan mədəniyyətini məhv edir" toplusu çapdan çıxdı. M.Hüseynin "And", S.Rüstəmin "Partizanlar", S.Rəhmanın "Fitnə", Z.Xəlilin "Namus bayrağı" pyesləri - böyük tərbiyəvi əhəmiyyəti olan əsərləri işıq üzü gördü. Azərbaycan dramaturgiyası S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin "Nizami" kimi əsərləri ilə zənginləşdi. Döyüşən ordu ilə canlı əlaqə, cəbhəçilərlə görüş yazıçıları və şairləri vətənpərvərlik ruhunda yeni əsərlər yaratmağa ilhamlandırırdı. Krasnodara və Novorossiyskə getmiş ilk Azərbaycan nümayəndəliyinin tərkibində respublika neftçiləri və kənd təsərrüfatı əməkçiləri ilə yanaşı, S.Vurğun, R.Rza, Z.Xəlil, Mir Cəlal da var idi. 1942-ci ilin iyununda S.Vurğun, O.Sarıvəlli, M.Rahim, R.Rza, Ə.Vəliyev, Z.Xəlil və İ.Əfəndiyev 416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyaları ilə görüşə getmişdilər. M.İbrahimov və M.C.Paşayev 1942-ci ilin sentyabrında Uzaq Şərqdəki qızıl ordu hissələrinə yollanan nümayəndəliyin tərkibinə daxil edilmişdilər.123
1942-ci ilin payızında Qafqaz uğrunda gərgin döyüşlər getdiyi günlərdə də S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, Z.Xəlil, M.Əkbər, Ə.Məmmədxanlı ön cobhələrdə, əsgərlərin yanında idilər. M.Rahim, S.Rüstəm, O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət Sevastopol və Kerçdə cənub cəbhəsi döyüşçüləri arasında səngərlərdə olmuşdular.
Yazıçı və şairlər Azərbaycan oğullarının cəbhədəki əsgəri rəşadətini, arxa cəbhə qəhrəmanlarının fədakar əməyini tərənnüm edən onlarla əsər yazmışdılar. Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.İncəsənət xadimləri müharibə şəraitində qələbə naminə önəmli işlər görmüşlər. Azərbaycan bəstəkarları müharibə illərində 400 yeni əsər-marş, simfoniya, mahnı, opera və s. yaratmışlar. Üzeyir Hacıbəyovun "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə məni" mahnıları dillər əzbəri olmuşdu. Aşıq M.Bayramovun "Kamal haqqında dastan"ında azərbaycanlı gəncin faşistlərlə döyüşdəki qəhrəmanlığı tərənnüm edilirdi. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq çalğı alətləri ansamblı təşkil olundu. Döyüşçülərə xidmət üçün cəbhə konsert briqadaları yaradılmışdı. 22 briqada döyüşən ordu hissələrində, 70 briqada sərhəd və ehtiyat hissələrində çıxış etmişdi.125 1941-ci il iyunun 23-dən 1943-cü ilin əvvəllərinədək incəsənət işçiləri hərbi hissələrdə 19261 konsertlə çıxış etmişdilər.126 Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki hospitallarında müalicə olunan yaralılara xidmət məqsədilə Bakıdan xüsusi briqadalar göndərilirdi.
Xalq artisti Bülbül, bəstəkarlar C.Cahangirov, Səid Rüstəmov, Niyazi və b. ardıcıl olaraq cəbhəyə gedirdilər. Onlar Belorus, Bryansk cəbhələrində olmuş, Azərbaycan diviziyalarının döyüşçüləri önündə çıxışlar etmişdilər. Teatr artistləri Kerçdə, Voroşilovqradda, Uzaq Şərqdə 100-ə qədər konsert-tamaşa təşkil etmişdilər. Müharibə illərində Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert vermiş, Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda və kənd rayonlarında 15 min dəfədən artıq çıxış etmişdilər.İncəsənət xadimlərinin əsgər və zabitlər qarşısında çıxışları döyüşçülərə yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi.
Azərbaycan kinematoqrafçıları hərbi xronika və vətənpərvərlik mövzusunda kinolentlər yaradırdılar. Bu dövrdə "Vətən oğlu", "Bəxtiyar", "T-9 sualtı qayığı" filmləri daha populyar idi. Cəbhəyə xidmət üçün 67 səyyar kino qurğusu, 42 kino dəzgahı göndərilmişdi.
Azərbaycan teatrlarında S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin "Nizami", M.İbrahimovun "Məhəbbət", Z.Xəlilin "İntiqam", R.Təhmasibin "Aslan yatağı", S.Axundovun "Çətin dərə", K.Simonovun "Rus adamları", A.Korneyçukun "Cəbhə" pyesləri, gənc bəstəkarlar Q.Qarayev və C.Hacıyevin "Vətən" operası tamaşaya qoyulmuşdu.
Təsviri incəsənətin rəngkarlıq, heykəltəraşlıq, plakat və qrafika əsərləri xalqın vətənpərvərlik tərbiyəsində qüdrətli vasitə idi. Müharibənin ilk günlərindən rəssam briqadaları yaradılmışdı. İ.Axundovun rəhbərliyi ilə Q.Xalıqov, M.Nəcəfov, S.Salamzadədən ibarət rəssam briqadası 1941-ci il iyunun 25-dən iyulun 12-dək 13 siyasi plakat hazırlamışdı. "Döyüşkən karandaş" məcmuəsi buraxılırdı. Heykəltəraş P.Sabsayın başçılığı altında gənc heykəltəraşlar F.Əbdürrəhmanov, Z.Məmmədova və başqaları geniş ölçülü plakatlar hazırlamışdılar. "SİTA pəncərəsi", "Təşviqat pəncərəsi" kimi kütləvi nəşrlər fəaliyyətə başlamışdı.
Ə.Əzimzadənin və İ.Axundovun siyasi mövzuda çəkilmiş karikaturaları xalq arasında çox məşhur idi. Faşist quldurlarını tamamilə darmadağın etməyə çağırış S.Salamzadə, S.Şərifzadə, M.Rəhmanzadə, T.Babazadə, M.Abdullayev, T.Tağıyev, B.Mirzəzadə, K.Kazımov və başqalarının əsərlərinin əsas mövzusu idi. Azərbaycan fırça və tişə ustalarının əsərləri onlarca sərgidə, habelə 1943-cü ildə Moskvanın Tretyakov Qalereyasında nümayiş etdirilmişdi.
Azərbaycan ruhaniləri də xalqın düşmənə qarşı mübarizəyə səfərbər olunmasında fəal iştirak edirdilər. 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi təşkil olundu. Zaqafqaziya müsəlmanlarının Birinci qurultayında Ruhani İdarəsinin sədri-şeyxülislam, sədr müavini - müfti və idarə üzvləri seçildi. İdarənin ilk sədri şeyxülislam Ağa Əlizadə Təzəpir məscidindəki birinci moizəsində dindarları hökumətin qanunlarına itaət göstərməyə, bu yolla "dini hifz etməyə" çağırdı.
Müharibə xalqın bütün maddi və mənəvi qüvvələrini ciddi sınağa çəkmişdi. Əhalinin böyük əksəriyyəti bütün fəaliyyətini cəbhənin mənafeyinə, düşmənin tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək, müharibənin ilk günlərindən yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü göstərirdilər. 1941-ci ilin payızı və qışında bütün ölkədə sovet döyüşçüləri üçün isti paltar toplamaq hərəkatı başlandı. 1941-ci ilin sentyabrında partiyanın "Əhali arasında qızıl ordu üçün isti şeylər və paltar toplamaq barəsində" xüsusi qərarı ilə bu hərəkat daha da genişləndi. Azərbaycan hökuməti isti paltar və ərzaq bağlamalarının toplanmasını təşkil etmək üçün 1941-ci ilin oktyabrında xüsusi respublika komissiyası, yerlərdə isə 6 min komissiya yaratmışdı. Uzaq kəndlərdə xüsusi məntəqələr təşkil edilmişdi. Təkcə 1941-ci ilin sonunda, yeni il bayramı ərəfəsində Azərbaycan əhalisi cəbhəyə 63,7 min bağlama göndərmişdi. Komsomolçular 200 min dəst isti paltar toplayaraq döyüşçülərə yola salmışdılar. İsti geyim toplamaqla yanaşı, onlara kollektiv və şəxsi sovqat göndərmək hərəkatı da başlanmışdı.130 Lenin rayonunun neftçiləri döyüşçülərə 1040, Orconikidze rayonu zəhmətkeşləri 1138, Dzerjinski rayonunun fəhlələri və evdar qadınları iki min müxtəlif bağlama göndərmişdilər. Kurortologiya Elmi-Tədqiqat İnstitutunun kollektivi cəbhəyə, yaralılara ilk tibbi yardım üçün beş mindən çox fərdi tibb paketi yollamışdılar. Respublikanın zəhmətkeşləri cəbhəyə 1942-ci ilə qədər 2000 bağlama və 146 vaqon ərzaq və s. məhsul göndərmişdilər. Bayramlar ərəfəsində Vətən müdafiəçilərinə bağlamalar hədiyyə etmək ənənəyə çevrilmişdi.133 1941-1943-cü illərdə ordu döyüşçülərinə 1601 min isti geyimsırıqlı, gödəkçə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s. göndərilmişdi. 1941-42-ci illərdə ölkədə vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir çox alimlər, ədəbiyyat və incəsənət xadimləri, təsərrüfat rəhbərləri, istehsalat qabaqcılları tank kolonnaları və hava eskadronları fonduna şəxsi qənaətləri hesabına vəsait verirdilər. SSRİ xalq artisti Üzeyir Hacıbəyov Dövlət Müdafiə Komitəsinə ünvanlanmış məktubunda yazırdı: "Mən Azərbaycan incəsənəti" tank kolonunun yaranması üçün 25 min manat verdim, qoy bizim vəsaitimizlə yaradılmış tank kolonu minlərlə sovet zirehli maşını ilə birlikdə düşmənin bel sütununu sındırsın, ona ölümcül zərbə endirsin".134 "Azərbaycan kolxozçusu" tank kolonnasının hazırlanması üçün kolxozçular vəsait yığımına başlamış və öz qənaətlərindən dövlət bankına 81020 min manat keçirmişdilər. Respublika kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün əlavə 70784 min manat yığmışdılar. Kənd əhalisi şəxsi təsərrüfatlarından qızıl ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu vermişdilər. Ordunun hərbi texnika ilə təchizində iştirak etmək təşəbbüsü respublika əhalisinin müxtəlif təbəqələri arasında geniş yayılmışdı.Bu hərəkatın iştirakçıları sırasında ağsaçlı qocalar da, komsomolçular da, pionerlər də var idi.
Naxçıvan MSSR zəhmətkeşləri tank kolonnası və hava eskadronu fonduna 8,1 milyon manat, DQMV zəhmətkeşləri 11,2 milyon manat, Abşeron əhalisi 10,1 30 milyon manat, Qaryagin (Füzuli) rayonu əhalisi 4,7 milyon manat vermişdilər. 1941-1943-cü illərdə Azərbaycan fəhlələri, kəndliləri və ziyalılarının nümayəndələri bu fonda 230 milyon manatdan çox vəsait göndərmişdilər.136
Müharibə illərində Azərbaycan fəhlə və kəndliləri, ziyalıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul, 15 milyon manatlıq qızıl istiqraz vermişdilər. Bundan əlavə, 1,5 milyon manatlıq istiqrazlara yazılmış, pul-şey lotereyaları almışdılar. 1943-cü ilin yazında respublika zəhmətkeşlərinin vəsaiti hesabına yaradılmış "Bakinski raboçi" hərbi hava bölməsi təyyarələrinin ilk hissəsi - Azərbaycan SSR ərazisində yenidən formalaşdırılan 833-cü hava alayının üzərində qırmızı hərflərlə "Bakinski raboçi" yazılmış təyyarələri verilmişdi. Bu alay Krasnodar, Taman, Sevastopol, Xarkov, Minsk, Tilzit rayonlarındakı hava döyüşlərində iştirak etmişdi. Azərbaycan faşist işğalçılarından azad edilmiş rayonlarda xalq təsərrüfatının bərpasına fəal kömək göstərmişdi. 1943-cü ilin payızında bu məqsədlə respublika yardım komitəsi və onun rayon komissiyaları təşkil olunmuşdu. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Qaraçay, Ukrayna təsərrüfatlarına çoxlu pul, ərzaq, tikinti materialı, mal-qara, istehsal avadanlığı və s. göndərilirdi. Gəncə əhalisi Pyatiqorsk, Şəki əhalisi Georgiyevsk, Qasım İsmayılov kolxozçuları Mozdok şəhərlərini himayəyə götürmüşdülər. Azərbaycan kolxozçuları SSRİ-nin azad edilmiş rayonlarına kömək olaraq 1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı məmulatı göndərmiş, min hektarla sahədə taxıl əkmiş və xeyli mal-qara bəsləmişdilər. DMK-nın 22 sentyabr və ÜİK(b)P MK-nın 8 oktyabr 1941-ci il tarixli qərarlarında yaralı döyüşçü və komandirlərə tibbi xidmətin yaxşılaşdırılması və köçürmənin qaydaya salınması qarşıya qoyuldu. Cəbhəyə ümumxalq köməyinin tərkib hissələrindən biri yaralılara qayğı olmuşdur. Yaralı əsgər və zabitlərin tez sağalıb döyüşən ordu sıralarına, yaxud əmək cəbhəsinə qayıtmasını təmin etmək üçün onlara yüksək keyfiyyətli tibbi xidmətin təşkilinin böyük hərbi və xalq təsərrüfatı əhəmiyyəti var idi.
Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ərazisində hərbi hospitalların təşkilinə başlanmışdı. 1941-ci ildə respublikada 76 hərbi hospital yaradıldı. Naxçıvan, Şuşa, Şəki, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən sanatoriyalar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Səhiyyə işçilərinin ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar.
1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı. Azərbaycan zəhmətkeşlərinin yaralılara qayğısı həkimlərin fədakar əməyində, qanvermə hərəkatında, fəhlələrin və kolxozçuların himayəçilik işlərində təzahür edirdi. Azərbaycan Xalq Tibb Komissarlığının Hərbi Hospitallar İdarəsinin baş cərrahı, tibb elmləri doktoru, professor M.A.Topçubaşovun xidmətləri xüsusilə qeyd olunmalıdır. O, cərrahlığa xeyli yenilik gətirdi, ən mürəkkəb cərrahi əməliyyatları böyük ustalıqla həyata keçirərək, yüzlərlə döyüşçünün həyatını xilas etdi. Həkimlər M.Abbasov və S.Axundov cəbhədə gözlərini itirmiş 200-dən çox döyüşçüyə yenidən görmək sevinci bəxş etdilər. Professor M.Mirqasımov, F.Əfəndiyev, M.Məlikov, Z.Məmmədov və b. yaralı döyüşçülərə səmərəli xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görüldülər. Yaralıların müalicə edilib ordu sıralarına qayıtmasında respublikamızda sayı gündən-günə artan donorların böyük xidməti olmuşdu. Qafqaz uğrunda döyüşlər zamanı instituta çevrilmiş respublika Qanköçürmə Stansiyasının kollektivi yaralı əsgər və zabitlərin müalicəsində böyük rol oynamış, yaxşı işinə görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının təşəkkürünü almışdı. Böyük Vətən müharibəsində cəbhəyə və ölkə iqtisadiyyatına xidmət və qayğı göstərməklə Azərbaycan xalqı, öncə onun ziyalıları sovet ordusunun alman faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər.
Dostları ilə paylaş: |