Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat
biblioqrafiya şöbəsi
20 Yanvar –Azadlığa gedən yolun başlanğıcıdır.
(metodik vəsait)
Biləsuvar -2016
XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan
20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslinbəşəriyyətə,
humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti
törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.
Heydər Əliyev
Ümummilli lider.
1990 - cı ilin 20 YANVAR Azərbaycan xalqının tarixinə QARA YANVAR faciəsi kimi daxil olmuş və yaddaşlarda tariximizin ən faciəli hadisələrindən biri kimi əbədi yazıldı. O, QANLI ŞƏNBƏ gecəsindən 26 il keçir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.
1990 - cı il yanvarın 19-dan 20- nə keçən gecə təpədən - dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.
“ 20 YANVAR “ faciəsi haqqında rəsmi məlumatlarda deyilir: “ faciə zamanı 131 nəfər öldürülmüş 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı məhv edilmişdir. Həlak olanlar arasında qadınlar , uşaqlar, qocalarla yanaşı, təcili tibbi yardım və polis işçiləri də olmuşdur.
O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışınıda düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı seçkiliyə, ədalətsizliyə dözməyərək, “ Torpaqdan pay olmaz” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar.
Bu cavanlar silahla deyil, ölümlərilə ölüm saçan tanklara meydan oxuyarkən artıq ölümün o tayına ölümdən yüksək olan ŞƏHİDLİK mərtəbəsinə yüksəldilər. Bu mərtəbədə onlar Babəkin, Nəsiminin və Koroğlunun xeyir duasını qazandılar.
Onlar məlum həqiqəti bir daha təsdiq etdilər ki, Vətən oğulları Vətən uğrunda ölməyi bacarmasa Vətən dirilməz. Vətən uğrunda ölməyi bacaran oğullarımızın şücaəti sayəsində biz indi özümüzü dünyaya tanıda bildik.
Ümummilli lider 20 YANVAR günü imperiya qoşunları qarşısında mərdimərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir. ”Azərbaycan xalqı 20 YANVARDA hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin Azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta,şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
1990-cı ilin QANLI YANVARINDA “Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda ŞƏHİDLİK zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”
Yalın əllər ilə tanklar üstünə,
Atılan cavanlar; eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Bakının ən yüksək , ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var ŞƏHİDLƏR XİYABANI.
Adımız dolaşdı bütün dünyanı,
Çox da ki,ağımız qara yozuldı.
Bizim şəhidlərin tökülən qanı
Haqqın kitabında imzamış oldu.
20 YANVARIN – BİLƏSUVAR ŞƏHİDLƏRİ.
O, QANLI ŞƏNBƏ gecəsində yüzlərlə azərbaycanlı oğullar kimi Biləsuvardan olan iki həmyerlimiz – Baba Xammədov və Əlimərdan Hüseynov da qəhrəmancasına həlak oldular.
BABA XAMMƏDOV – 1935-ci ildə Biləsuvar rayonunda anadan olub.O zamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib . Uzun illər Biləsuvar şəhər 1 saylı Nizami Gəncəvi adına orta məktəbdə müəllim işləyib. Sonralar Bakıya köçüb. Müəllimlərin Təkmilləşdirmə İnstitutunda çalışıb.Qanlı yanvar gecəsi həlak olub.
ƏLİMƏRDAN HÜSEYNOV—1962-ci ildə Biiləsuvarın Çaylı kəndində dünyaya gəlib.Orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə gedir. Hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində yaşayırdı.1990-cı ilin yanvar gecəsində sovet qoşunları Bakıya daxil olanda düşmən gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur.
20 Yanvar faciəsinin 26–cı ildönümü ilə əlaqədar
kitabxanalarda keçirilən tədbirlər.
20 YANVAR faciəsinin 26– cı ildönümü ilə bağlı respublikamızın hər bir müəssisələrində olduğu kimi Mərkəzləşdirilmiş Kitabxana Sistemində də tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına kitab sərgisi, foto sərgi, rəsm, inşa və şeir müsabiqələrini, xatirə gecələrin, ədəbi – bədii kompozisiya və s. tədbirləri daxil edilmişdir. İlk öncə isə kitabxanalarda kitab sərgisi və foto stend hazırlanmışdir.
Bu tarixi günü hər il qeyd edirik. Belə tədbirləri keçirmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bu tədbirlər siyahısına xatirə gecəsini də əlavə etmək məqsədəuyğun olar.Xatirə gecəsinə bir sıra qonaqları. Biləsuvar rayonunun şair və yazıçılarını, ədəbiyyat müəllimlərini və bu faciədə şəhid olmüş həmyerlilərimizin valideyinlərini və qohumlarını dəvət etmək olar. Bunlarla yanaşı kitabxanada ədəbi –bədii kompozisiya kecirmək olar.
“20yanvar –Qan yaddaşımız“adlıı
ədəbi - bədii kompozisya.
Aparıcı: I Düz 26 il bundan əvvəl imperiya zülmündən cana doymuş Azərbaycan xalq ayağa qalxaraq
azad yaşamaq haqqı olduğunu birmənalı şəkildə elan etdi. Əvvəlcə torpaqlarımızın toxunul-
mazlığı uğrunda başlamış mübarizənin sonunda xalq hərəkatına çevrildi. 20 yanvar dövlət -
çiliyimizin tarixinə xalqımızın ən faciəli, eyni zamanda qəhrəmanlıq günlərindən biri kimi
əbədi həkk olunmuşdur. 1990 - cı il yanvar ayının19-dan 20 –nə keçən gecə özünü sülhsevər
ordu kimi qələmə verən imperiya qoşunu vətənimizin paytaxtı Bakı şəhərinə hücum etdi.
Tankların qarşısına çıxan hər nə varsa qəddarcasına məhv edərək şəhərin mərkəzinə doğru
irəliləyirdi. Qoşunların qanunsuz yerləşməsi nəticəsində Bakıda və rayonlar da 170 nəfər
öldürülmüş, 400 nəfər yaralanmışdır.
Aparıcı: II 20 yanvar günü
Boran günü, qar günü
Millətimin dar günü
Anaların üzündə
Qanla açılan şırım
Ataların başında
Çaxan şimşək, ildırım
Bacıların qəlbində
Sağalmaz qardaş dağı
Qardaşların gözündə
Qan odu, qan ocağı
Ölüm dalınca, ölüm
Qandı çiçəyim ,gülüm
Qandı əllər, dodaqlar
Çatılan qaşlarda qan
Yolunan saçlarda qan
Ayaqda qan,başda qan
Torpaqda qan ,daşda qan.
Aparıcı: III Yanaqlardan yaş gedir
Kipriklər nəm içində
Bakı dərd içindədir
Bakı matəm içində
20 yanvar günü
Xalqımızın başına
Açılan oyunların
Yenidən təkrar günü
Ellərin ürəyindən
Axıb qara qan gedir.
Azadliq meydanından
Dağüstü parka qədər
Qara bir karvan gedir
Bu karvanın yükü qəm
Budağı qəm, kökü qəm
Gedir çiyinlər üstə şəhid cənazələri
Bütün dünya eşidir bu dəhşətli xəbəri
Dinirik susdururlar
Əzirik küsdürürlər
Haqq çağıran dilləri
Dibindən kəsdirirlər
Şəhid oğullar verən
Ellərin harayını
Dünya unudan deyil
Qanlı yanvar ayını
Aparıcı: I Bəli ! Tarix unuda bilməz
Bu qanlı müsibəti
Eşidənin görənin, çıxmaz yadından qəti
Neçə milyonluq şəhər qalxır, yatır vurnuxur
Zülm sitəm içindədir
Bakı matəm içində.
Aparıcı: II 1990-cı ilin qışı idi.Qoca şərqin astanasında yerləşən qədim odlar yurdu Azərbaycan layiq
olduğu haqq və hüquqlarına sahib olmaq üçün növbəti mücadiləsinə başlamışdı. Neçı illərdən
bəri apardığı mübarizəsində qazandığı təcrübə bu xalqa öyrətmişd ki, azadlıq yalnız qanla əldə
olunur.
Aparıcı: III Həyatımda ilk dəfə bu qədər qan görürdüm,
Qızıl qana bürünmüş, sökülən dan görürdüm,
Qan içində çalxanan Azərbaycan görürdüm,
Yerdən ,göydən ,dənizdən axırdı şəhid qanı !
Əzizinəm qan ağlar
Könül ağlar ,can ağlar.
Bu gün yaman günümdür,
Mərd yanar, meydan ağlar.
Aparıcı: I Həyatımda ilk dəfə bu qədər gül görürdüm,
Hər gülün arxasında sınan könül görürdüm,
Bütün Azərbaycanə məlul ,məşkül görürdüm
Dünyanı yandırırdı,yaxırdı şəhid qanı!
Aparıcı: II Əzizim nələr gördüm,
Dərd dağı dələrgördüm.
Min şəhidin yasında
Bir xalqı mələr gördüm.
Aparıcı: III Həyatımda heç zaman belə dərd görməmişdim,
Dərdi belə amansız, belə sərt görməmişdim.
Mənim düşmənim qədər ,mən namərd görməmişdim,
Namərdlərin başında çaxırdı namərd qanı!
Əzizinəm yaş günü,
Yas qara libas günü.
Qoymaram qiyamətə
Qala bu qisas günü.
Aparıcı: I Burda ən çox işlənən söz, cəlladlara nifrət sözü
Burda ən çox işlənən söz ,ölüm sözü ,həsrət sözü
Ziyarətə gələnlərin dilindəki rəhmət sözü
Yağış olub yağasıdır şəhidlərim yatan yerdə.
Aparıcı: II Dilimizdə dil göynədən yüz bayatı , yüz ağı var
Canımızda qanlı qışın şaxtası var, sazağı var
Dərdi olan darıxmasın yaxını var ,uzağı var.
Gün təzədən doğasıdır şəhitlərin yatan yerdə
Aparıcı: III Düşmən hər gün öz əyninə paltar kimi geyir şəri
Yalan min qat çoxalsa da haqqın gücü əzir şəri
Alçaqların fəndi keçməz düz əyrini ,xeyr şəri
Nur zülməti boğasıdır şəhitlərin batan yerdə.
Aparıcı: I Ulu öndərimiz H. Əliyevin siyasi fəaliyyətinə qırmızı xətlə keçən bir məna da var. Ey xalq !
Oyan , özünü yaxşı –yaxşı dərk et , öz haqqını bil , öz torpaqlarına sahib çıx, ictimai
dərdlərini araşdır, işləməyi mərdlərimizdən öyrən, böyüklüyünü öz əməlinlə təsdiq et.
Aparıcı: II Bu gün qara geyinmişəm, qara günümdür mənim,
Dünyanı silkələyən ahım .ünümdür mənim.
Şəhidlər xiyabanı qibləm yönümdür mənin,
Öz dərdimi çəkməsəm özgələr dərdə qalmaz!
Aparıcı: III Çox uzaq gedə bilməz, bu qurğular, hoqqalar,
Dönər misri qılınca düz yalanı şaqqalar.
Lap dünya dağılsa da öz yerini haqq alar,
Heç vaxt xeyrin- qisası böhtanda, şərdə qalmaz!
Aparıcı: I Sınar dağların beli ,bu qədər ah götürməz,
Adı insan olan kəs belə günah götürməz.
Yerdə bəndə götürsə göydə Allah götürməz,
Qəm yemə dəli könlüm nahaq qan yerdə qalmaz!
Düşməni sevindirər, kədərimiz yasımız,
Qılınc qında durmasın ,qoy tökülsün pasımız
Aman Allah ! Sabaha qalmasın qisasımız
Bizi haqqa çağırın, nahaq qan yerdə qalmaz
Aparıcı: I l Günahkara günahını tanıtmalıdır
Kəsərini .silahını tanıtmalıdır
Allahsıza Allahını tanıtmalıdır
Diz çökdürüb dinsizləri gətirər dinə
İnanırıq həqiqətin təntənəsinə
Aparıcı: IIl Günah cilov tutandadır, cilovda deyil
Günah tilov tutandadır, tilovda deyil
Günah alov tutandadır, alovda deyil
Düşmən nöqtə qoymasa da nifrətə, kədərə
İnanırıq həqiqətin təntənəsinə
Aparıcı: I Mən sabahı dumanlı yox təmiz görürəm
Mən sevgini bir damla yox dəniz görürəm
Mən xalqımı əzizlərdən əziz görürəm
Coşur, ürək , yaşayır göz ,qabarır sinə
İnanırıq həqiqətin təntənəsinə.
SON
Tərtib edənlər: Səfərova Məhsətixanım - Metodika və Məlumat biblioqrafiya
şöbəsinin müdiri.
Qurbanlı Rəvanə - Metodist
Dostları ilə paylaş: |