Milli Büdcə Qrupu
Milli Büdcə Ofisi layihəsi çərçivəsində
“2011-ci il dövlət büdcəsinə dair dədqiqat”
Qubad İbadoğlu
Kənan Aslanlı
Bakı – 2010
Qısaltmalar
ABƏŞ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
ARDNF Azərbaycan Respublikası Dövlət Neft Fondu
ARDNŞ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
ASC Açıq Səhmdar Cəmiyyəti
DGK Dövlət Gömrük Komitəsi
DSK Dövlət Statistika Komitəsi
DSMF Dövlət Sosial Müdafiə Fondu
HP Hesablama Palatası
MBQ Milli Büdcə Qrupu
MBO Milli Büdcə Ofisi
OBİ Açıq Büdcə İndeksi
QSC Qapalı Səhmdar Cəmiyyəti
ÜDM Ümumi Daxili Məhsul
Mündəricat
-
Dövlət büdcəsinin neft sektorundan artan asılılığının fiskal dayanıqlılıq aspektindən qiymətləndirilməsi və belə asılılığın doğuracağı fiskal risklərin təhlili
-
Əhəmiyyətli vergi növləri üzrə daxilolmalarla vergi dərəcələri üzrə dəyişikliklər və digər müvafiq iqtisadi hadisələrlə səbəb-nəticə əlaqələrinin müəyyənləşdrilməsi
-
Dövlət büdcəsi ilə büdcədənkənar fondların (habelə məqsədli fondların) qarşılıqlı münasibətinin təhlili
-
Büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və təyinatsız qalan xərclərin artımının təhlili
-
Dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin və dövlət büdcəsinə mümkün təsirlərinin araşdırılması
-
Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili
-
Açıq Büdcə İndeksi 2010-un nəticələri aspektindən Azərbaycanda büdcə şəffaflığının təhlili
-
Hesablama Palatasının rəylərinə və prosedur məsələlərinə münasibət
Giriş
Sizə təqdim olunan bu tədqiqatda 2011-ci ilin dövlət büdcəsi1 fiskal dayanıqlılıq aspektində təhlil olunur, eləcə də büdcə ilə Neft Fondu arasındakı artan asılılığın yaratdığı və doğuracağı risklər, dövlət büdcəsinin gəlir və xərclərinin struktur təhlili, dövlət proqramlarının icrası ilə büdcə siyasəti arasında əlaqə, büdcə informasiyalarına çıxış və büdcə şəffaflığı məsələləri diqqət mərkəzinə gətirilir. Tədqiqatlar nəticəsində aşağıdakı meyllər və tendensiyalar aşkara çıxarılmışdır:
-
Tədqiqatlar göstərir ki, büdcənin formalaşmasında ARDNF-nin transferlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırmaqdadır. 2011-ci il üçün dövlət büdcə layihəsinin ekspertizası və büdcə siyasətinin qiymətləndirilməsi göstərir ki, əhəmiyyətli vergi növləri üzrə daxil olmalarda azalma, eləcə də vergi borclarının çoxalması büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını aşağı salmışdır. Belə ki, hüquqi şəxslərdən mənfəət vergisi üzrə daxilolmalar dövlət büdcəsinin vergi dəyərlərinin formalaşmasında əvvəlki mövqeyini itirməkdədir. Digər tərəfdən, bütövlükdə Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40 %-ə yaxınının neft sektorunun payına düşməsi, eləcə də DNF-nun büdcə gəlirlərindəki xüsusi çəkisinin artımı qeyri-neft sektoru ilə əlaqəli ödəmələri arxa plana keçirməkdədir. Trend təhlilləri nəticəsində məlum olmuşdur ki, əgər 2008-ci ildə büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin töhfəsi 52,9 % təşkil edirdisə, 2011-ci ildə bu mənbədən qoyuluşun 36,6 %-ə enməsi, əksinə müqayisə olunan dövr ərzində Neft Fondunun büdcə gəlirlərindəki payının 35,3 %-dən 53,7 %-ə qədər artması proqnozlaşdırılır.
-
MBQ tərəfindən aparılan tədqiqatlar göstərir ki, dövlət büdcəsi ilə büdcədən kənar fondların əlaqəsindən danışarkən DSMF-nun da dövlət büdcəsindən asılılığı xüsusi diqqət çəkən tendensiyadır. Belə ki, DSMF-nun növbəti il üçün gözlənilən gəlirlərinin 35,1 %-i dövlət büdcəsinin transferləri üzərinə formalaşacaq ki, bu da cari ilin müvafiq göstəricisindən 4,7 % bəndi çoxdur.
-
Büdcə xərclərinin tətbiqi təhlili göstərir ki, büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payı artmaqdadır. Bu qrupa «sənaye-tikinti və faydalı qazıntılar», «müdafiə», əsas bölmələrə aid edilməyən xərclər və digərləri daxildir ki, onların da ümumi yekunda payı 51,9 % təşkil edir. Bu o xərc maddələrdir ki, 2011-ci ilin dövlət büdcə layihəsində onların hara və necə xərclənməsi ilə bağlı yalnız ümumi məlumatlarla tanış olmaq mümkündür. Müqayisəli təhlil göstərir ki, 2011-ci ilin büdcə layihəsində iqtisadi və funksional təsnifatlar vasitəsilə tərkibi açıqlanmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqdadır. Bu isə həmin istiqamətlər üzrə detallı büdcə informasiyalarının çıxış imkanlarını məhdudlaşdırır.
-
Tədqiqatda xüsusi diqqətçəkən məsələlərdən biri də dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin mövcudluğunun qiymətləndirilməsidir. Bu istiqamətlərdə aparılan qiymətləndirmələr göstərir ki, dövlət proqramlarının icrasının maliyyələşdirilməsi ilə büdcə siyasəti arasında birbaşa əlaqə yoxdur. Eləcə də büdcənin mədaxilinin formalaşmasında proqramların icrasından əldə edilmiş nəticələr arasında asılılıq zəifdir. Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili göstərir ki, büdcə gəlirlərinin formalaşmasında hələ də yerli gəlirlər əhəmiyyətli rola malik deyildir. Belə ki, regionların 2011-ci ilin dövlət büdcəsinin cəmi 2,7 %-ni verəcəyi gözlənilir. Eyni zamanda MBQ ekspertləri dövlət büdcəsinin proqramlar üzrə maliyyələşdirilməsini tətqiq etmiş və bu qənaətə gəlmişlər ki, bir sıra proqramların icrası ilə əlaqədar yeni maliyyələşmə mexanizminin tətbiqi vəsaitlərin bir paraqrafda proqnozlaşdırılmasını və bölüşdürülmə mexanizminin təkmilləşdirilməsini tələb edir.
-
Tədqiqatlar 2011-ci ilin dövlət büdcəsi və mövcud büdcə siyasəti, büdcə şəffaflığı kontekstində də qiymətləndirilmişdir. Nəticələr göstərmişdir ki, açıq büdcə indeksi üzrə Azərbaycan 100 mümkün baldan 43 bal toplaya bilib.
-
Hesablama Palatasının rəylərinin ekspertizası və büdcə müzakirəsi zamanı prosedur tələblərin müşahidəsi göstərir ki, dövlət büdcəsinə ali nəzarət orqanı hələ də büdcə rəqəmlərinin «quru» təhlili ilə məşğuldur. Bu isə büdcənin icrası üzərində real nəzarətə imkan vermir. Nəhayət 2011-ci ilin dövlət büdcəsi layihəsinin parlament müzakirəsi əvvəlki çağırış parlamentarilərin fəaliyyət dövründə ən qısa müddətdə müzakirəyə məruz qalıb. Cəmisi 2 gün ərzində nəzərdən keçirilən büdcənin parlament müzakirəsi göstərir ki, Azərbaycan Respublikasında büdcə prosesinin reqlamentləşdirilməsi ehtiyacı getdikcə artır. Tədqiqat nəticə və təkliflərlə yekunlaşır.
Dövlət büdcəsinin neft sektorundan artan asılılığı fiskal dayanıqlılığı riskini atırır.
Son illər ölkədə artıq formalaşmış büdcə modelini ARDNF ilə dövlət büdcəsinin əlaqəsini nəzərə almadan qiymətləndirmək çətindir. 2003-cü ildən başlayan Neft Fondundan büdcəyə transfertlər bu əlaqənin başlanğıcını qoydu. İldən ilə artan bu transferlərin həcmi və hazırda büdcədə 53.7% paya malik olması bu əlaqəni əhəmiyyətli dərəcədə artırır. Bu da özlüyündə təbii olaraq bir sıra narahatlıqlar doğurur. Belə ki, bu artım büdcənin neft fondundan asılılığını gücləndirir, vergi yığma motivasiyasını zəiflədir. Hesablamalar göstərir ki, proqnoz büdcənin gəlirlərinin hər 3 manatından ən azı 2 manatı neft fondundan və sektorundan birbaşa daxilolmalar hesabına formalaşacaq.
Transfertlərin həcminin artması diqqəti ARDNF-yə yönəldir və “fond-büdcə” münasibətləri üçün ciddi əsaslara söykənən maliyyə siyasəti direktivinin (fiscal policy guideline) qəbul edilməsi zərurəti yaradır. Hesablamalar göstərir ki, Azərbaycan üçün limitləşdirmədə münasib rəqəm ARDNF aktivlərinin 30%-idir2. Fondun xüsusən də böhran dövründə əldə etdiyi vəsaitin böyük hissəsini xərclənməsi, əlverişsiz iqtisadi vəziyyətdə ölkə xəzinəsində vəsait çatışmazlığını nisbətən daha rahat yolla həll etməyə meyllərin olması siyasətinə dəlalət edir. Onu da qeyd edək ki, 2011-ci ildə ARDNF-in gəlirləri 9.1 mlrd.manat, xərcləri 6.8 mlrd manat, xərclərində dövlət büdcəsinə transfertlərin payı isə Fondun tarixində ən yüksək həddə - 94.9% səviyyəsində olması proqnozlaşdırılır.
Cədvəl 1. ARDNF-in dövlət büdcəsinə transfertləri
İllər
|
ARDNF-dən dövlət büdcəsinə
transfertlər (milyon AZN)
|
Artım dinamikası
|
Büdcədə
payı
|
ARDNF-in xərclərində payı
|
2003
|
100
|
--
|
8.2%
|
41%
|
2004
|
130
|
30.0%
|
8.6%
|
77%
|
2005
|
150
|
15.4%
|
7.2%
|
70%
|
2006
|
585
|
290.0%
|
15.6%
|
59.6%
|
2007
|
585
|
0.0%
|
9.7%
|
55.1%
|
2008
|
1100
|
88.0%
|
35.3%
|
88.5%
|
2009
|
4915
|
346.8%
|
40.4%
|
92.8%
|
2010
|
5915
|
20.3%
|
51.4%
|
90.5%
|
2011
|
6480
|
9.6%
|
53.7%
|
94.9%
|
Dostları ilə paylaş: |