2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqaməti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
S Ə R Ə N C A M
№ 258s
Bakı şəhəri, 25 avqust 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.
2. “Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dostları ilə paylaş: |