2011-ci ilin dövlət büdcəsi barədə



Yüklə 21,26 Kb.
tarix23.10.2017
ölçüsü21,26 Kb.
#11869



2011-ci ilin dövlət büdcəsi barədə

Milli Büdcə Qrupunun rəyi
Milli Büdcə Qrupu (MBQ) hər il ənənəvi olaraq növbəti ilin dövlət büdcəsinə, ötən ilin dövlət büdcəsinin icrasına və cari ilin dövlət büdcəsinə olan dəyişikliklərə alternativ və müstəqil rəylər hazırlayaraq ictimaiyyətə təqdim edir. 2011-ci ilin dövlət büdcəsi barədə olan alternativ rəyə bu sahədə artıq yekunlaşmış tədqiqata əsaslanır.

2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 12.061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30%-ni təşkil edəcək (bu 2010-cu ilin proqnozu ilə müqayisədə 4.8% çoxdur). Dövlət büdcəsinin mədaxil hissəsində vergi gəlirlərinin 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə 2011-ci ildə 2.5 faiz bəndi azalmasına parallel olaraq ARDNF-dən dövlət büdcəsinə transfertlər 9.6% artaraq 6.480 milyard manatla büdcənin əsas gəlir mənbəyinə çevrilmişdir (ümumi mədaxilin 53.7%-i). 2011-ci ilin dövlət büdcəsinin xərcləri isə 12.748 milyard manat nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ilə nisbətən 3.9% çoxdur. 2011-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsi kəsirinin yuxarı həddi (687 milyon manat), 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş kəsirdən 10.8% azdır, ancaq 2009-cu il dövlət büdcəsi kəsirinin faktiki olan məbləğindən isə 3.9 dəfə çoxdur. Hesablamalar göstərir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-lə müqayisədə xüsusi çəkisində də azalma meyli vardır. 2011-ci il üçün büdcə hesablamaları zamanı neft gəlirləri 1 barel üçün 60 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0.8 manat olmaqla aparılmışdır.

Büdcənin formalaşmasında ARDNF-nin transfertlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırmaqdadır (2011-ci il üçün 6480 milyon manat transfert). 2011-ci il üçün dövlət büdcəsinin ekspertizası və büdcə siyasətinin qiymətləndirilməsi göstərir ki, əhəmiyyətli vergi növləri üzrə daxil olmalarda azalma, eləcə də vergi borclarının çoxalması büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını aşağı salmışdır. Belə ki, hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar dövlət büdcəsinin vergi dəyərlərinin formalaşmasında əvvəlki mövqeyini itirməkdədir. Digər tərəfdən bütövlükdə Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40 %-ə yaxınının neft sektorunun payına düşməsi, eləcə də ARDNF-nin büdcə gəlirlərindəki xüsusi çəkisinin artımı qeyri-neft sektoru ilə əlaqəli ödəmələri arxa plana keçirməkdədir. Trend təhlilləri nəticəsində məlum olmuşdur ki, əgər 2008-ci ildə büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin töhfəsi 52,9 % təşkil edirdisə, 2011-ci ildə bu mənbədən qoyuluşun 36,6 %-ə enməsi, əksinə müqayisə olunan dövr ərzində Neft Fondunun büdcə gəlirlərindəki payının 35,3 %-dən 53,7 %-ə qədər artması proqnozlaşdırılır.

Dövlət büdcəsinin ARDNF-dən asılılığı artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) da dövlət büdcəsindən asılılığı tendensiya halına çevrilir. MBQ bu narahatçılığı bölüşərək, ARDNF-dən dövlət büdcəsinə transfer limiti tətbiq olunmaqla yanaşı, sığorta-pensiya sisteminin tətbiqi ilə əlaqədar olaraq dövlət proqramının icrasında nəzərdə tutulan islahat xarakterli tədbirlərin (qeyri-dövlət pensiya fondunun yaradılması və s.) sürətləndirilməsini təklif edir. DSMF-nun növbəti il üçün gözlənilən gəlirlərinin 35,1 %-i dövlət büdcəsinin transferləri üzərinə formalaşacaq ki, bu da cari ilin müvafiq göstəricisindən 4,7 % bəndi çoxdur.

Büdcə xərclərinin tətbiqi təhlili göstərir ki, büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payı artmaqdadır. Bu qrupa «sənaye-tikinti və faydalı qazıntılar», «müdafiə», əsas bölmələrə aid edilməyən xərclər və digərləri daxildir ki, onların da ümumi yekunda payı 51,9 % təşkil edir. Bu o xərc maddələrdir ki, 2011-ci ilin dövlət büdcəsində onların hara və necə xərclənməsi ilə bağlı yalnız ümumi məlumatlarla tanış olmaq mümkündür. Müqayisəli təhlil göstərir ki, 2011-ci ilin büdcəsində iqtisadi və funksional təsnifatlar vasitəsilə tərkibi açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqdadır. Bu isə həmin istiqamətlər üzrə detallı büdcə informasiyalarına çıxış imkanlarını məhdudlaşdırır.

MBQ 2011-ci ilin büdcə zərfində təsnifatı və təyinatı bilinməyən “əsas bölmələrə aid edilməyən xərclər”in 2010-cu il üzrə dürüstləşdirilmiş büdcə ilə müqayisədə 78 faiz artırılmasından və bu bölmə üzrə xərclərin növbəti ilin dövlət büdcəsində xüsusi çəkisinin 15%-ə qədər artırılaraq ikinci böyük xərc maddəsinə çevrilməsi praktikasının büdcə vəsaitlərinin gizlədilərək mənimsənilməsinə yol açacağından narahatlığını bildirir və bu bölmə üzrə xərcləmərin istiqamətlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilməsini təklif edir.

Dövlət proqramlarının icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin mövcudluğu istiqamətində aparılan qiymətləndirmələr göstərir ki, dövlət proqramlarının icrasının maliyyələşdirilməsi ilə büdcə siyasəti arasında birbaşa əlaqə yoxdur. Eləcə də büdcənin mədaxilinin formalaşmasında proqramların icrasından əldə edilmiş nəticələr arasında asılılıq zəifdir. Mərkəzləşdirilmiş və yerli büdcə gəlir və xərclərinin strukturunun regionların inkişafı ilə bağlı olan və digər dövlət proqramlarının icrası aspektindən təhlili göstərir ki, büdcə gəlirlərinin formalaşmasında hələ də yerli gəlirlər əhəmiyyətli rola malik deyildir. Belə ki, regionların 2011-ci ilin dövlət büdcəsinin cəmi 2,7 %-ni verəcəyi gözlənilir. Eyni zamanda, MBQ ekspertləri dövlət büdcəsinin proqramlar üzrə maliyyələşdirilməsini tətqiq etmiş və bu qənaətə gəlmişdir ki, bir sıra proqramların icrası ilə əlaqədar yeni maliyyələşmə mexanizminin tətbiqi vəsaitlərin bir paraqrafda proqnozlaşdırılmasını və bölüşdürülmə mexanizminin təkmilləşdirilməsini tələb edir. MBQ Azərbaycan Respublikasında həyata keçirilən dövlət proqramları icrası ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqənin zəifliyini qeyd edərək, onların icrası vəziyyətinin dövlət büdcəsi ilə optimal əlaqələndirilməsinin və büdcə siyasətinə mümkün təsirlərinin araşdırılmasını tövsiyyə edir.

2011-ci ilin büdəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların dövlət büdcəsinin vergi gəlirlərinin formalaşmasında əhəmiyyətli mövqeyini itirməsi, xüsusilə də iri vergi ödəyicilərinin üzərindəki kreditor və debitor borclarının tənzimlənməsi və onun ödənilməsi sahəsində mövcud olan problemlərin nəticəsi kimi qiymətləndirilir. Odur ki, MBQ büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmilləşdirmək, vergi borclarının yaranma mənbələrini araşdırmağı, fiskal və inzibati idarəetmə sahəsində mərkəzsizləşdirmə siyasətinin genişləndirilməsini tövsiyyə edir.

MBQ höküməti dövlət büdcəsi daxilində məqsədli fondlar yaradılarkən onların təyinatını büdcə sənədlərində dəqiq ifadə etməyə və onların büdcə daxilində əlavə yükə çevrilməməsi üçün tədbirlər görməyə çağırır. Habelə hesab edir ki, “Məqsədli büdcə fondları” haqqında əlavə tənzimləyici qanun layihəsi və təlimatların işlənib hazırlanması zərurəti vardır. MBQ məqsədli büdcə proqramları vasitəsilə təhsil və səhiyyə sahəsində xərclərin bölüşdürülməsi istiqamətində təşəbbüsləri alqışlayır və eyni zamanda mövcud proqram təsnifatının daha detallı tədimatını və onun digər xərc maddələri üzrə də tətbqini məqsəduyğun hesab edir.

2011-ci ilin dövlət büdcəsi kəsirinin örtülməsi mənbələri ənənəvidir və onların iqtisadi əsaslandırılmasında bəzi problemlər qalmaqdadır. Dövlət büdcəsinin bütün fiskal parametrləri kimi büdcə kəsirinin də proqnozlaşdırılmasında problem var. Bu həm büdcənin icrasındakı qüsurlar, həm də hökümətin iqtisadi blokundakı ümumi proqnozlaşdırma bazasının zəif olması ilə əlaqədardır. Eyni zamanda, hökümətin büdcə kəsirini orta müddətli dövrdə necə idarə etmək, onu illik və ya iqtisadi tsikllərə uyğun balanslaşdırmaq siyasəti demək olar ki, yoxdur. MBQ hesab edir ki, hökümət borclanma siyasəti ilə ümumi fiskal siyasəti mütləq uzlaşdırmalıdır.

Hesablama Palatasının rəylərinin ekspertizası və büdcə müzakirəsi zamanı prosedur tələblərin müşahidəsi göstərir ki, dövlət büdcəsinə ali nəzarət orqanı hələ də büdcə rəqəmlərinin «quru» təhlili ilə məşğuldur. Bu isə büdcənin icrası üzərində real nəzarətə imkan vermir. Nəhayət 2011-ci ilin dövlət büdcəsinin parlament müzakirəsi əvvəlki çağırış parlamentarilərin fəaliyyət dövründə ən qısa müddətdə müzakirəyə məruz qalıb. Cəmisi 2 gün ərzində nəzərdən keçirilən büdcənin parlament müzakirəsi göstərir ki, Azərbaycan Respublikasında büdcə prosesinin reqlamentləşdirilməsi ehtiyacı getdikcə artır.

MBQ parlamentdə büdcə prosesinin reqalementləşdirilməsi baxımından təkmilləşdiril- məyə ehtiyacın artdığını qeyd edir və yaranmış hüquqi boşluğu doldurmağa və bu prosesi daha dəqiq tənzimləmək üçün Milli Məclisi “Büdcə Məcəlləsi”nin qəbuluna və bu sahədə MBQ ekspertləri ilə əməkdaşlığa dəvət edir.



2011-ci ilin dövlət büdcəsi və mövcud büdcə siyasəti, büdcə şəffaflığı kontekstində də qiymətləndirilmişdir. Nəticələr göstərmişdir ki, “Açıq Büdcə İndeksi 2010” üzrə Azərbaycan 100 mümkün baldan 43 bal toplayaraq 94 ölkə arasında 52-ci olmuşdur. MBQ 2010-cu ilin oktyabrında nəticələri açıqlanan “Açıq Büdcə İndeksi 2010” hesabatına əsaslanaraq hesab edir ki, Hesablama Palatasının rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməli, Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə dair rəylər hazırlamalı və açıqlamalıdır. MBQ hesab edir ki, büdcə prosesində ictimai iştirakşılığı genişləndirmək məqsədilə hər il “Vətəndaş büdcəsi” (citizens budget) və “Büdcə öncəsi bəyanat” (pre-budget statement) hazırlanmalı və yayılmalıdır. Dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir.





Yüklə 21,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin