21-ci əsr bacarıqları nədir? Biz yeni əsrdə nəyisə bilməyin artıq üstünlük yaratmadığını da bilirik. Davamlı və sürətli dəyişikliklərin baş verdiyi bu əsrdə, üstünlük yaradacaq amillərin nəzəri biliklərdən çox bacarıqlar olduğu artıq mötəbər qurumlar tərəfindən də təsdiqlənir. Biz bunu nəzərə alaraq şagirlərin bacarıqlarını, xüsusilə “21-ci əsr bacarıqları” adlandırılan bacarıqlarını inkişaf etdirir və onların gələcək rəqabətə hazırlayırıq.
21-ci əsr bacarıqları nədir? Dünya İqtisadi Forumu tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilmişdir:
Təməl savadlar, şagirdlərin əsas bacarıqlarını gündəlik fəaliyyətlərində necə tətbiq edəcəklərini əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu oynayaraq daha təkmil və əhəmiyyətli kompetensiya və şəxsi keyfiyyətləri formalaşdırmağa imkan verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq yox, elmi savadlılıq, İKT savadlılığı, maliyyə savadlılığı, mədəniyyət və vətəndaşlıqla bağlı savadlılıq daxildir. Ənənəvi təhsil əsasən bu bacarıqların əldə edilməsinə fokuslanır, lakin hal-hazırda bu bacarıqlar 21-ci əsr bacarıqlarını inkişaf etdirmək üçün baza hesab edilir.
Kompetensiyalar, şagirdlərin qarşılaşdıqları mürəkkəb çətinliklərə necə yanaşacağını açıqlayır. Məsələn, tənqidi düşünmə, qarşılaşılan problemləri həll etmək üçün vəziyyəti, ideyaları və məlumatları aydınlaşdırma, təhlil etmə və qiymətləndirmə bacarığıdır. Kreativlik, problemlərə yanaşmada, sualları cavablandırmada və ya biliyin fərqli yöndə istifadə olunmasında innovativ yollar xəyal etmə və tapma bacarığıdır. Kommunikasiya və əməkdaşlıq, məlumatın ötürülməsi və problemlərin həllində digər şəxslərlə əməkdaşlıq halında işləməyi ehtiva edir. Bu kompetensiyalar 21-ci əsr işçi qüvvəsi üçün çox vacib hesab olunur. Belə ki, gələcək işçi qüvvəsi üçün tənqidi təhlil, biliyin ötürülməsi və komandada işləmək bir standart halına gələcəkdir.
Şəxsi keyfiyyətlər, şagirdlərin dəyişən mühitə qarşı necə yanaşdıqlarını ifadə edir. Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq, uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr qarşısında çeviklik və müvəffəqiyyəti təmin edir.
Maraq və təşəbbüs yeni konseptsiya və ideyaların kəşf edilməsi üçün başlanğıc nöqtəsi kimi çıxış edir. Liderlik və sosial-mədəni məlumatlılıq digər şəxslərlə konstruktiv formada sosial, etik və mədəni ünsiyyət yolları qurmağı əhatə edir.
Bu bacarıqlar 21-ci əsrdə insanların ömür boyu uğur qazanmaları üçün əsas hesab edilir. Bizim də məqəsdimiz bu bacarıqları məktəb illərindən uşaqlara aşılamaq və onlara uğurlu fərdlər olmalarına kömək olacaq bilik və bacarıqlar qazandırmaqdır.