IX fəsil. Torpaq fondunun istifadəsi və mühafizəsinin dövlət tənzimlənməsi
Maddə 38. Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri
Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət aşağıdakı vəzifələri həyata keçirir:
torpaqlardan səmərəli istifadə edilməsinin təşkili və onların mühafizəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi;
torpaqlardan istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi;
dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə əlaqədar işlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi, torpaq balansının tərtibi;
bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət ehtiyacları və ictimaiehtiyaclar üçün torpaqların geri alınması və verilməsi, torpaqların əsas məqsədli təyinatının dəyişdirilməsi və digər yerquruluşu məsələlərinin həlli ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, onların müvafiq icra hakimiyyəti orqanlarının təsdiqinə təqdim edilməsi;
müəyyən olunmuş qaydada, müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinə uyğun gəlməyən qərarlarının(müqavilələrinin) ləğv edilməsi barədə məsələlərin qaldırılması;
torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət edilməsi, iddialar qaldırılması;
torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsi;
torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin dayandırılması, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qadağan edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına, bələdiyyələrə müraciət edilməsi;
torpaqların münbitliyinin bərpası və yaxşılaşdırılması, onların istifadəsi və mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsi;
torpaq qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslərin müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilməsi;
qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi. (16, 20)