Maddə 60. Özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin verilməsinin xüsusiyyətləri
1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər.
2. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.
3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir.
Maddə 61. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələri
1. Dövlət və bələdiyyə mülkiyyətində olan (yaxud qismən özəlləşdirilmiş) çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələri dövlət və ya bələdiyyə mülkiyyətində qalmaqla, həmin evləri idarə edən müvafiq təşkilatların daimi istifadəsinə verilir.
2. Tam olaraq özəlləşdirilmiş çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış binalarının torpaq sahələri həmin evlərin idarə edilməsi üçün onların sakinləri tərəfindən təsis edilmiş özünüidarəetmə təşkilatlarının daimi istifadəsinə verilir.
3. Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün istifadəsinə, habelə xüsusi mülkiyyətə və icarəyə verilməsinə yol verilmir. (10)
Dostları ilə paylaş: |