İmamətin dörd dövrü
İmamət Peyğəmbərin (s) vəfatından - yəni hicri tarixi ilə 11-ci ilin səfər ayından İmam Həsən Əsgərinin (ə) vəfatına - yəni 260-cı ilin rəbiüləvvəl ayına qədər davam etdi. Bu müddətdə imamət təxminən dörd dövrü yaşadı və imamların hakim siyasi qüvvələr qarşısında mövqeyi baxımından hər dövr bəzi xüsusiyyətlərlə yadda qaldı.
Birinci dövr sükut, yaxud imamın hakimiyyətlə əməkdaşlıq dövrüdür. İslamdan zərbə görmüş güclü xarici düşmənlərin və etiqadı möhkəmlənməmiş yeni müsəlmanların olduğuna görə, körpə İslam cəmiyyətində ixtilafa və ikitirəliyə əsla taqət yox idi. Bu cəmiyyətdə ən kiçik parçalanma onun bünövrəsini təhdid edə bilərdi. Digər tərəfdən, haqdan yayınma İslam məktəbinə, İslam cəmiyyətinə ən xeyirxah və məsuliyyətli insan olan Əmirəlmöminin (ə) kimi bir şəxsin dözməyəcəyi həddə deyildi. Bəlkə də məhz buna görə Peyğəmbər (s) özünün bu nümunəvi şagirdinə qabaqcadan belə hadisələr zamanı səbirli olmağı tapşırmışdı.
Bu dövr əziz Peyğəmbərin (s) hicrətin 11-ci ilindəki vəfatı ilə Əmirəlmömininin (ə) 35-ci ildəki xilafəti arasındakı 25 ili əhatə edir. O həzrət misirlilərə ünvanladığı məktubda bu fasilə dövrünün əvvəlində öz vəziyyətini izah edərək yazır ki, əvvəlcə bütün cinahlardan kənara çəkildim, sonra isə bəzi qrupların İslamdan dönərək onu məhv etmək çağırışı etdiklərini gördüm. Qorxdum ki, İslama və müsəlmanlara kömək etməsəm, bunun ziyanları xilafəti itirməkdən də böyük olsun. Buna görə ayağa qalxdım və fəaliyyətə başladım.1
Əlinin bu 25 illik həyatı İslama və müsəlmanlara qarşı xeyirxahlıqdan irəli gələn fəaliyyət, yardım və dəstəkdən ibarətdir. O həzrətin dövrün xəlifələrinə verdiyi, Nəhcül-bəlağədə və digər hədis və tarix kitablarında qeyd olunan siyasi, hərbi, ictimai və digər tövsiyələri bu amilə inkaredilməz faktlar sayılır.
İkinci dövr imam hakimiyyəti dövrüdür. Bu dövr Əmirəlmömininin (ə) dörd il doqquz aylıq və Həsən ibn Əlinin (ə) bir neçə aylıq xəlifəlik dövründən ibarətdir. Bu dövr inqilabçı bir hökumət üçün qaçılmaz olan bütün qüsurlara, çoxlu məşəqqət və problemlərə rəğmən, İslam hakimiyyətinin ən parlaq illəri sayılır. Bu dövrdə insani üsulların, mütləq ədalətin və cəmiyyətin həyatında İslamın müxtəlif cəhətlərinə riayət olunmasının, həmçinin qətiyyətin, çəkinməzliyin və cəsarətin tarixin bütün dönəmlərindən artıq olduğu danılmaz məsələdir.
İmamların həyatının bu dövrü ondan sonrakı ik əsrdə Şiə imamlarının həmişə dəvət etdiyi və uğrunda çalışdığı hökumət və ictimai quruluş üçün örnək idi. Şiələr bu dövrü əziz xatirə kimi yad etmiş, onun həsrətini çəkmiş, sonrakı rejimləri onunla müqayisə edərək qınamışlar. Bu dövr eyni zamanda yetkinləşməmiş, yaxud haqdan uzaqlaşdırılmış cəmiyyət və xalq arasında tam islami və inqilabi bir hökumətin vəziyyətini göstərən və o zamandan etibarən imamları uzunmüddətli metodlara, çevrədaxili ağır və tələbkar kadr hazırlığına vadar edən ibrətamiz bir dərs və təcrübə idi.
Üçüncü dövr İmam Həsənin (ə) 41-ci ildəki sülhü ilə İmam Hüseynin (ə) 61-ci ildəki şəhadəti arasındakı dövrdür. Sülh bağlanandan sonra Şiənin yarımgizli fəaliyyəti başlandı və münasib zamanda hakimiyyəti Peyğəmbər (s) ailəsinə qaytarmağı məqsəd seçən proqramlara start verildi. Adi proqnozlara görə bu çox da qeyri-mümkün görünmürdü, Müaviyənin şər dolu həyatı bitəndən sonra ona ümid bəslənirdi. Buna əsasən, üçüncü dövrü İslam hökuməti və İslam rejimi qurmaq üçün qısamüddətli quruculuq dövrü adlandırmaq olar.
Nəhayət dördüncü dövr təqiblər dövrü və həmin məqsəd üçün uzunmüddətli proqramlar zamanıdır. İki əsrə yaxın sürən bu dövrdə müxtəlif mərhələlərdə qələbə və məğlubiyyətlər olmuş, ideoloji sahədə qəti zəfər çalınmış, dövrə uyğun yüzlərlə taktika işlədilmiş, ideal İslam adamının ixlasına, fədakarlığına və üstünlük göstəricilərinə minlərlə nümunə təqdim olunmuşdur. (Sadiq rəhbər, səh: 16-19)
İmamların həyatında yetərincə diqqət yetirilməyən ən mühüm məsələ gərgin siyasi mübarizə amilidir. İslam xilafətinin açıq şəkildə şahlıq əlamətləri ilə qarışdığı və despotizmə çevrildiyi birinci əsrin ikinci yarısından Əhli-beyt imamları öz siyasi mübarizələrini şəraitə uyğun üsullarla gücləndirdilər. Bu mübarizənin ən böyük məqsədi İslam quruluşu və imamətə əsaslanan hakimiyyət qurmaq idi. Şübhəsiz ki, dinin vəhy ailəsinə xas görüşlərlə təfsiri, eləcə də İslam təlimlərindən və din hökmlərindən təhrifləri aradan qaldırmaq da Əhli-beytin mübarizəsi üçün mühüm məqsəd sayılırdı. Lakin qəti faktlara əsasən, Əhli-beytin mübarizəsi bu işlərlə məhdud olmurdu və onda ən böyük məqsəd Əli (ə) hökuməti qurmaqdan və ədalətli İslam quruluşu yaratmaqdan başqa bir şey deyildi. İmamların və onların tərəfdarlarının məşəqqət və fədakarlıq dolu həyatlarının ən böyük səbəbi bu məqsəd idi. İmamlar həzrət Səccadın (ə) dövründən və Aşura hadisəsindən sonra bu məqsəd üçün uzunmüddətli işlərə başladılar.
Aşura hadisəsi ilə İmam Rzanın (ə) vəliəhdliyi arasındakı 140 illik dövrün hamısında Əhli-beyt imamlarına bağlı olan Şiə cərəyanı həmişə xilafətin ən böyük və ən təhlükəli düşməni sayılmışdır. Bu müddətdə dəfələrlə münasib şəraitlər yarandı, Əli (ə) hərəkatı adlandırmalı olduğumuz Şiə mübarizəsi böyük qələbələrə yaxınlaşdı, amma hər dəfə son qələbə qarşısında maneələr yarandı, çox zaman bu hərəkatın əsas mərkəzi və mənbəyi olan imama düşmən tərəfindən ən böyük zərbə vuruldu; onlar həbs olundular, yaxud şəhadətə yetirildilər. Növbə sonrakı imama çatanda da təzyiq və repressiya elə bir həddə idi ki, uyğun şərait yaratmaq üçün yenidən uzun zamana ehtiyac yaranırdı.
İmamlar bu hadisələrin güclü fırtınası arasında ağıl və şücaətlə şiəliyi kiçik, lakin dərin və möhkəm cərəyan kimi ağır və təhlükəli keçidlərdən keçirdilər. Əməvi və Abbasi xəlifələri heç zaman imamı məhv etməklə imamət cərəyanını bitirə bilmədilər. Bu kəsərli xəncər həmişə xilafət aparatının kənarında sancılmış qaldı və daimi təhdid kimi onların rahatlığını pozdu. (1984)
Dostları ilə paylaş: |