250 yaşlı İnsan Böyük Rəhbərin on dörd məsumun siyasi həyat və mübarizələrinə dair çıxışlarından seçmələr



Yüklə 1,25 Mb.
səhifə3/19
tarix26.08.2018
ölçüsü1,25 Mb.
#74622
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

İkinci fəsil: İmamət


İmamət - cəmiyyətin insani ehtiraslardan, nöqsanlardan, qürur və təkəbbürdən irəli gələn müxtəlif üsul-idarələrinə qarşı çıxan ideal idarəetmə üsuludur. İslam bəşəriyyətə imamət üsulunu təqdim edir. Bu həm qəlbi ilahi hidayət işığı ilə dolan, həm din təlimlərini bilən, anlayan, düzgün yolu təyin edən, həm güclü idarəçilik qabiliyyətinə sahib olan, həm də öz canına, istəyinə və həyatına çox da əhəmiyyət verməyən, insanların canını, həyatını və xoşbəxtliyini isə hər şey sayan bir insanın rəhbərliyi deməkdir. Əmirəlmöminin (ə) özünün beş ildən az sürən hakimiyyətində bunu əməli surətdə göstərdi. Görürsünüz ki, bəşəriyyət bu qısa hakimiyyət dövrünü heç zaman unutmamış, o, nümunə və örnək kimi əsrlər boyu yaşamışdır. Bu, Qədir-Xum hadisəsinin dərs və mənasının nəticəsidir. (2002)

Rəhbərlik mənasını ifadə edən imamət sözü İslam ədəbiyyatında daha çox xüsusi mənada, düşüncə və siyasi baxımdan ictimai rəhbərlik kimi başa düşülür. Quranda işlənmiş imam və imamət sözləri bu mənada ümmətin rəhbərliyi deməkdir - düşüncə rəhbərliyi, siyasi rəhbərlik, yaxud hər ikisi. Peyğəmbərin (s) vəfatından sonra İslam inanclılarının bir neçə firqəyə bölünməsi ilə nəticələnən etiqadi və siyasi parçalanmalarda əsas amil ümmətin siyasi rəhbərliyi olduğundan, imamət və imam sözləri xüsusi əhəmiyyət kəsb etdi və daha çox siyasi rəhbərlik mənasında işlənib digər mənaları kölgədə qoydu. Belə ki, hicrətin ikinci əsrində biri o birindən sonra kəlam məktəbləri yarananda və müxtəlif İslam təmayülləri müəyyən ideologiya və məktəblər formasına düşəndə siyasi rəhbərlik mənasında olan imamət bütün bu məktəblərin mühüm məsələlərindən birini təşkil etdi. Bu məsələdə adətən imamın - yəni cəmiyyətin hakiminin və başçısının şərait və xüsusiyyətlərindən söhbət açılırdı və bu haqda hər bir qrupun öz sözü və etiqadı vardı.

Şiələr tərəfindən İslamın ən ortodoks düşüncə cərəyanı hesab edilən Şiə məktəbində imamət bu mənada başa düşülürdü. Bu məktəbin imam haqda görüşü belə xülasə olunurdu: İslam cəmiyyətinin imamı və siyasi başçısı Allah tərəfindən təyin və Peyğəmbər (s) tərəfindən təqdim olunmalı, düşüncə rəhbəri, Quran təfsirçisi, dinin bütün sirr və incəliklərindən xəbərdar, pak, məsum, fiziki cəhətdən qüsursuz, hər bir əxlaqi nöqsandan uzaq, pak və iffətli ailədə doğulmuş olmalıdır və sair. Beləliklə, birinci və ikinci əsrin müsəlmanlarına görə siyasi rəhbərlik kimi başa düşülən imamət şiələrə xas baxışda siyasi rəhbərlikdən əlavə, həm də düşüncə və əxlaq rəhbərliyinə şamil olurdu.

Şiələr imam bildikləri şəxsdən yalnız ictimai deyil, həm də düşüncə idarəçiliyini, dini təlimdə, mənəvi və əxlaqi saflıqda bələdçiliyi gözləyirdilər. Onlar bu vəzifələrin öhdəsindən gələ bilməyən şəxsi həqiqi imam saymır və başqalarına görə yetərli meyarlar sayılan yaxşı siyasi idarəçilik, hərbi güc və qəhrəmanlıq xüsusiyyətləri ilə qane olmurdular.

Şiənin imamətə dair baxışına əsasən, bir cəmiyyətin imamı insanların fərdi rəftarını və ictimai hərəkətini tənzim və idarə edən, eyni zamanda əxlaq müəllimi, onların həyat və fəaliyyətinin hakimi olan üstün qüvvədir. Bu baxışa görə, əsasını qoyduğu cəmiyyətin düşüncə və siyasi rəhbərliyini icra etdiyi üçün Peyğəmbər (s) də imamdır. Peyğəmbərdən (s) sonra onun vəzifələrini, o cümlədən siyasi rəhbərlik işini yerinə yetirmək üçün ümmətin yenə də imama ehtiyacı var. Şiələr inanırlar ki, bu canişinlik Peyğəmbərin sözlərinə əsasən, Əli ibn Əbu Talibə (ə) və sonra həmin ailədən olan məsum imamlara məxsusdur.

Dövrümüzün bəzi görkəmli mütəfəkkirləri İslam imaməti və hökuməti üçün üç cəhət qeyd etmişlər: siyasi rəhbərlik, dini təlim və mənəvi paklıq. İslam xilafətində bu üç məsələ bir-birindən ayrılmamış və bir proqram kimi insanlara təqdim olunmuşdur. Deməli, ümmət rəhbərliyi də bu üç sahədə rəhbərlik deməkdir. İmamətin bu məna genişliyinə görə şiələr imamın Allah tərəfindən təyin edilməli olduğuna inanırlar.

İmaməti xilafət və hökumət qarşısında sırf mənəvi, psixoloji və elmi mənsəb hesab edənlərin dayaz baxışının əksinə olaraq, Şiə mədəniyyətində imam ümmətin rəhbəridir; həm dünyəvi işlərdə, cəmiyyətin siyasi və ictimai idarəsində və nizama salınmasında (hökumət başçısı), həm də mənəvi və psixoloji təlimdə, hidayətdə, düşüncə problemlərinin həllində və İslam ideologiyasının izahında (ideoloq).

Bu aydın məsələ imamətə etiqad bəsləyənlərin çoxunun düşüncəsinə o qədər yaddır ki, Quran və hədisdə buna dair yüzlərlə dəlildən bir neçə nümunəni qeyd etmək pis olmaz:

Kafi kitabının Höccət bölməsində həzrət Əli ibn Musa Rzadan (ə) imamətə və imama dair böyük bir hədis nəql olunmuşdur. Bu hədis mənalı və maraqlı xüsusiyyətləri ehtiva edir, imaməti dinin sükanı, müsəlmanın nizam-intizamı, dünyanın abadlığı, möminlərin başucalığı, peyğəmbərlərin mənsəbi, canişinlərin mirası, Allah və Peyğəmbərin (s) canişinliyi, imamı isə ümumi sərvəti artıran, ilahi qanun və cəzaları icra edən, sərhədləri qoruyan, xalq arasında Allahın əmanətdarı, yüksək yerdə işıqlı məşəl, Allahın yolunu bərpa və müdafiə edən, münafiqləri qəzəbləndirən, (İslamla vuruşan) kafirlərin kökünü kəsən, möminlərə şərəf bəxş edən, idarəçilikdə mahir və peşəkar, siyasət işinə vaqif, Allahın fərmanına hazırlıqlı, Allahın bəndələri üçün xeyirxah qüvvə və Allahın dininin gözətçisi adlandırır.1

Başqa bir hədisdə İmam Sadiq (ə) açıq şəkildə söyləyir ki, Əli (ə) və digər imamlar Peyğəmbərin (s) bütün üstünlüklərinə və öhdəliklərinə sahibdirlər.2

İmam Sadiq (ə) başqa bir hədisdə canişinlərə itaətin vacibliyini vurğulayaraq qeyd edir ki, canişinlər Quranın "əmr sahibləri"3 adlandırdığı şəxslərdir.4

Müxtəlif kitabların müxtəlif bölmələrində qeyd olunmuş yüzlərlə rəvayət şiəlikdə mövcud olan imam və imamət anlayışını açıq-aşkar şəkildə müsəlman ümmətinin idarəsi və başçılığı kimi göstərmiş və Əhli-beyt (ə) imamlarını hakimiyyətin həqiqi sahibləri adlandırmışdır. İnsaflı tədqiqatçı üçün heç bir şübhə qalmır ki, Əhli-beyt (ə) imamlarının imamət iddiası elmi və mənəvi müstəvidən geniş, həm də dəqiqliklə hakimiyyət iddiasıdır və onların hərtərəfli dəvəti əslində hakimiyyətə gəlmək üçün siyasi-hərbi mübarizəyə çağırışdır. (Sadiq rəhbər, səh: 69-74)

İmam Səccaddan (ə) İmam Əsgəriyə (ə) qədərki səkkiz imamın yalnız din hökmləri, din təlimləri ilə məşğul olduqlarını və dövrlərinə uyğun siyasi mübarizə aparmadıqlarını düşünən adam Kafi kitabının onların həyatına dair rəvayətlərini yəqin ki, araşdırmamışdır. Onların həyatlarında mübarizə amili aydın görünür. Ümumiyyətlə İslamda imamətin mənası və Şiənin imamətə dair fəlsəfəsi bundan qeyrisi ilə əsla uyğun gəlmir. Bizdə imamların mübarizəsinə dair aydın dəlil olmasaydı belə, ən azı bundan xəbərimizin olmadığını, uyğun məlumatların bizə çatmadığını, onların isə mübarizə apardıqlarını düşünməli idik. Biz məhz Şiə ədəbiyyatında yox, ümumi İslam ədəbiyyatında imamətin həqiqi mənasını bildikdən, qəbul etdikdən sonra imamlarımızın yüz əlli il, yaxud daha artıq müddətdə əllərini əllərinin üzərinə qoyub evlərində oturduqlarını, yalnız Quran hökmlərini və İslam təlimlərini bəyan etdiklərini və siyasi mübarizə aparmadıqlarını söyləyə bilmərik. Belə bir fikir əsla düzgün deyil. Əlbəttə, mübarizənin hər dövrdə müəyyən formada olduğunu yaddan çıxarmamalıyıq. Mübarizə bəzən mədəni, elmi, siyasi işlərlə, təşkilatlanma, partiya işləri ilə, bəzən də qanlı əməliyyatlarla, açıq döyüşlə və hərbi fəaliyyətlərlə olur. Mübarizə hər zaman bir formada həyata keçir. (1987)

Kimsə etiraz edə bilər ki, imamlar ilahi elmlə hakimiyyətə gəlməyəcəklərini bilə-bilə onun uğrunda necə mübarizə apara bilərdilər?! Bəli, imamların həyatı göstərdi ki, onlar hakimiyyətə gəlib istədikləri və üzərlərinə düşən şəkildə İslam cəmiyyəti və İslam quruluşu qurmaq imkanı əldə etmədilər. Bəs onlar bunu bildikləri və ilahi ilhamla bundan xəbərdar olduqları halda necə bu işi görmək istəyirdilər?! Cavabda deməliyik ki, məqsədə çatmayacağını bilmək vəzifəni yerinə yetirməyə mane olmur. Siz Peyğəmbərin həyatına baxın. Əziz Peyğəmbər (s) Ühud döyüşündə məğlub olacağını, dağ keçidini tapşırdığı döyüşçülərin orada dayanmayacağını və qənimət tamahından oradan enəcəklərini bilirdi. Peyğəmbər (s) Bəni-Səqif qəbiləsini hidayət etmək və məkkəlilərin təhlükəsindən uzaqlaşmaq üçün Taifə gedəndə onların onu daş parçaları ilə qarşılayacaqlarını bilirdi, ayağını qanadacaq qədər daş vuracaqlarından və qayıtmağa məcbur olacağından xəbərdar idi. İmamlar bütün bunları bilirdilər. Əmirəlmöminin (ə) bilirdi ki, ramazan ayının 21-də şəhadətə qovuşacaq, amma eyni zamanda ramazan ayından bir qədər qabaq Müaviyəyə qarşı döyüşü davam etdirmək üçün Kufənin kənarında böyük bir düşərgə saldı. Əmirəlmömininin (ə) bilməsi onun adi gedişata uyğun çalışmamasına bais olsaydı, düşərgə salmaz, qoşun toplamazdı. İnsanları Kufədən kənarda bir araya gətirdi və orada saxladı. Nə üçün? Nə faydası vardı? İmamların hakimiyyətə gəlməyəcəklərini bilmələri onların fəaliyyətinə mane olmamalı, çalışmalı, mübarizə aparmalı, nə baş verəcəyini bilməyən adam kimi bütün işləri görməlidirlər. (1985)


İmamətin dörd dövrü

İmamət Peyğəmbərin (s) vəfatından - yəni hicri tarixi ilə 11-ci ilin səfər ayından İmam Həsən Əsgərinin (ə) vəfatına - yəni 260-cı ilin rəbiüləvvəl ayına qədər davam etdi. Bu müddətdə imamət təxminən dörd dövrü yaşadı və imamların hakim siyasi qüvvələr qarşısında mövqeyi baxımından hər dövr bəzi xüsusiyyətlərlə yadda qaldı.

Birinci dövr sükut, yaxud imamın hakimiyyətlə əməkdaşlıq dövrüdür. İslamdan zərbə görmüş güclü xarici düşmənlərin və etiqadı möhkəmlənməmiş yeni müsəlmanların olduğuna görə, körpə İslam cəmiyyətində ixtilafa və ikitirəliyə əsla taqət yox idi. Bu cəmiyyətdə ən kiçik parçalanma onun bünövrəsini təhdid edə bilərdi. Digər tərəfdən, haqdan yayınma İslam məktəbinə, İslam cəmiyyətinə ən xeyirxah və məsuliyyətli insan olan Əmirəlmöminin (ə) kimi bir şəxsin dözməyəcəyi həddə deyildi. Bəlkə də məhz buna görə Peyğəmbər (s) özünün bu nümunəvi şagirdinə qabaqcadan belə hadisələr zamanı səbirli olmağı tapşırmışdı.

Bu dövr əziz Peyğəmbərin (s) hicrətin 11-ci ilindəki vəfatı ilə Əmirəlmömininin (ə) 35-ci ildəki xilafəti arasındakı 25 ili əhatə edir. O həzrət misirlilərə ünvanladığı məktubda bu fasilə dövrünün əvvəlində öz vəziyyətini izah edərək yazır ki, əvvəlcə bütün cinahlardan kənara çəkildim, sonra isə bəzi qrupların İslamdan dönərək onu məhv etmək çağırışı etdiklərini gördüm. Qorxdum ki, İslama və müsəlmanlara kömək etməsəm, bunun ziyanları xilafəti itirməkdən də böyük olsun. Buna görə ayağa qalxdım və fəaliyyətə başladım.1

Əlinin bu 25 illik həyatı İslama və müsəlmanlara qarşı xeyirxahlıqdan irəli gələn fəaliyyət, yardım və dəstəkdən ibarətdir. O həzrətin dövrün xəlifələrinə verdiyi, Nəhcül-bəlağədə və digər hədis və tarix kitablarında qeyd olunan siyasi, hərbi, ictimai və digər tövsiyələri bu amilə inkaredilməz faktlar sayılır.

İkinci dövr imam hakimiyyəti dövrüdür. Bu dövr Əmirəlmömininin (ə) dörd il doqquz aylıq və Həsən ibn Əlinin (ə) bir neçə aylıq xəlifəlik dövründən ibarətdir. Bu dövr inqilabçı bir hökumət üçün qaçılmaz olan bütün qüsurlara, çoxlu məşəqqət və problemlərə rəğmən, İslam hakimiyyətinin ən parlaq illəri sayılır. Bu dövrdə insani üsulların, mütləq ədalətin və cəmiyyətin həyatında İslamın müxtəlif cəhətlərinə riayət olunmasının, həmçinin qətiyyətin, çəkinməzliyin və cəsarətin tarixin bütün dönəmlərindən artıq olduğu danılmaz məsələdir.

İmamların həyatının bu dövrü ondan sonrakı ik əsrdə Şiə imamlarının həmişə dəvət etdiyi və uğrunda çalışdığı hökumət və ictimai quruluş üçün örnək idi. Şiələr bu dövrü əziz xatirə kimi yad etmiş, onun həsrətini çəkmiş, sonrakı rejimləri onunla müqayisə edərək qınamışlar. Bu dövr eyni zamanda yetkinləşməmiş, yaxud haqdan uzaqlaşdırılmış cəmiyyət və xalq arasında tam islami və inqilabi bir hökumətin vəziyyətini göstərən və o zamandan etibarən imamları uzunmüddətli metodlara, çevrədaxili ağır və tələbkar kadr hazırlığına vadar edən ibrətamiz bir dərs və təcrübə idi.

Üçüncü dövr İmam Həsənin (ə) 41-ci ildəki sülhü ilə İmam Hüseynin (ə) 61-ci ildəki şəhadəti arasındakı dövrdür. Sülh bağlanandan sonra Şiənin yarımgizli fəaliyyəti başlandı və münasib zamanda hakimiyyəti Peyğəmbər (s) ailəsinə qaytarmağı məqsəd seçən proqramlara start verildi. Adi proqnozlara görə bu çox da qeyri-mümkün görünmürdü, Müaviyənin şər dolu həyatı bitəndən sonra ona ümid bəslənirdi. Buna əsasən, üçüncü dövrü İslam hökuməti və İslam rejimi qurmaq üçün qısamüddətli quruculuq dövrü adlandırmaq olar.

Nəhayət dördüncü dövr təqiblər dövrü və həmin məqsəd üçün uzunmüddətli proqramlar zamanıdır. İki əsrə yaxın sürən bu dövrdə müxtəlif mərhələlərdə qələbə və məğlubiyyətlər olmuş, ideoloji sahədə qəti zəfər çalınmış, dövrə uyğun yüzlərlə taktika işlədilmiş, ideal İslam adamının ixlasına, fədakarlığına və üstünlük göstəricilərinə minlərlə nümunə təqdim olunmuşdur. (Sadiq rəhbər, səh: 16-19)

İmamların həyatında yetərincə diqqət yetirilməyən ən mühüm məsələ gərgin siyasi mübarizə amilidir. İslam xilafətinin açıq şəkildə şahlıq əlamətləri ilə qarışdığı və despotizmə çevrildiyi birinci əsrin ikinci yarısından Əhli-beyt imamları öz siyasi mübarizələrini şəraitə uyğun üsullarla gücləndirdilər. Bu mübarizənin ən böyük məqsədi İslam quruluşu və imamətə əsaslanan hakimiyyət qurmaq idi. Şübhəsiz ki, dinin vəhy ailəsinə xas görüşlərlə təfsiri, eləcə də İslam təlimlərindən və din hökmlərindən təhrifləri aradan qaldırmaq da Əhli-beytin mübarizəsi üçün mühüm məqsəd sayılırdı. Lakin qəti faktlara əsasən, Əhli-beytin mübarizəsi bu işlərlə məhdud olmurdu və onda ən böyük məqsəd Əli (ə) hökuməti qurmaqdan və ədalətli İslam quruluşu yaratmaqdan başqa bir şey deyildi. İmamların və onların tərəfdarlarının məşəqqət və fədakarlıq dolu həyatlarının ən böyük səbəbi bu məqsəd idi. İmamlar həzrət Səccadın (ə) dövründən və Aşura hadisəsindən sonra bu məqsəd üçün uzunmüddətli işlərə başladılar.

Aşura hadisəsi ilə İmam Rzanın (ə) vəliəhdliyi arasındakı 140 illik dövrün hamısında Əhli-beyt imamlarına bağlı olan Şiə cərəyanı həmişə xilafətin ən böyük və ən təhlükəli düşməni sayılmışdır. Bu müddətdə dəfələrlə münasib şəraitlər yarandı, Əli (ə) hərəkatı adlandırmalı olduğumuz Şiə mübarizəsi böyük qələbələrə yaxınlaşdı, amma hər dəfə son qələbə qarşısında maneələr yarandı, çox zaman bu hərəkatın əsas mərkəzi və mənbəyi olan imama düşmən tərəfindən ən böyük zərbə vuruldu; onlar həbs olundular, yaxud şəhadətə yetirildilər. Növbə sonrakı imama çatanda da təzyiq və repressiya elə bir həddə idi ki, uyğun şərait yaratmaq üçün yenidən uzun zamana ehtiyac yaranırdı.

İmamlar bu hadisələrin güclü fırtınası arasında ağıl və şücaətlə şiəliyi kiçik, lakin dərin və möhkəm cərəyan kimi ağır və təhlükəli keçidlərdən keçirdilər. Əməvi və Abbasi xəlifələri heç zaman imamı məhv etməklə imamət cərəyanını bitirə bilmədilər. Bu kəsərli xəncər həmişə xilafət aparatının kənarında sancılmış qaldı və daimi təhdid kimi onların rahatlığını pozdu. (1984)




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin