3-cü tapşırığın nəticələri barədə hesabat
Seçilmiş iqlim dəyişikliyi və sugötürmə ssenarilərinə əsasən yeraltı su hövzəsinin gələcək davranışının qiymətləndirilməsi
Şimal-qərbi Azərbaycanın Böyük Qafqaz regionunun
üç pilot yeraltı su hövzəsinin hidro-geoloji tədqiqi
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP Azərbaycan nümayəndəliyinə təqdim edilir
10 dekabr 2013-cü il
Hans M. Ewoldsen, Ph.D., P.E.
Layihənin hidrogeologiya üzrə beynəlxalq məsləhətçisi
“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi
3-cü hidrogeoloji tapşırığın nəticəsi/məhsulu
“Müxtəlif alternativ tələbatlar şəraitində yeraltı su rejiminin gğzlənilən gələcək davranışı”
-
Tapşırığın məqsədi haqqında məlumat
Yeraltı sular üzrə bu tapşırığın məqsədi “müxtəlif alternativ tələbatlar şəraitində yeraltı su rejimlərinin gələcək davranışını təxmin etmək”dir. Bu alt-tapşırıq hövzələrin iqlim dəyişikliyi ssenarilərinə və yeraltı sulardan istifadə edənlərin (tək istifadə və ya birgə istifadə) yeraltı su hövzələrinə olan tələbatına reaksiyasına yönlənir. Məqsəd hövzədən götürülə biləcək yeraltı suların potensial həcmini təxmin etmək və hövzənin və onun istifadə edilən sahələrinin xarakteristikasında (qruntun çökməsi, səthaltı su saxlayan zonaların sıxılması, aşağı səviyyədəki torpaqların bataqlaşması, suvarma zonalarında duzluluğun artması və s.) faydalı və ya mənfi dəyişiklikləri proqnozlaşdırmaqdır. Üç pilot hövzə xarakteristika baxımından müqayisə edilə bildiyinə görə yeraltı su hövzələrinin reaksiyaları oxşar olmalıdır.
Alt-tapşırıq həm də ssenarilərin yaratdığı mənfi təsirlər üçün potensial təsir azaltma tədbirləri və ya faydalı təsirlərin genişlənməsi üçün tədbirlər müəyyən edəcəkdir.
-
İqlim və sugötürmə ssenarilərinin seçilməsi
Böyük Qafqaz regionunda iqlim dəyişiklikləri , 1985-2005(1)-ci illərin meteoroloji qeydlərinə əsaslanan son araşdırmaların mövzusu olmuşdur. Bu araşdırmalar göstərir ki, Azərbaycanın Böyük Qafqaz regionunda temperatur son 100 ildə orta hesabla 1.0C-1.3 C artmışdır. Meteoroloji qeydlər göstərir ki, yağıntı 1995-2005-ci illər ərzində 2-12 mm azalmışdır. Məlumatlara görə, Böyük Qafqazda buzların əriməsi son onillikdə və daha uzun müddətdə müşahidə edilməkdədir, bu həm də qlobal buzlaqların əriməsi ilə üst-üstə düşür. Pilot regionun çaylarında illik axım yeraltı sularla bağlı məlumatların təhlilində müəyyən edilməmişdir, lakin Azərbaycanda Kür çayının ümumi axınının son 60 il ərzində 20% azaldığı bildirilir (2).
Pilot regionlarda iqlim dəyişikliyi təsirlərinin ümumi mənzərəsi aşağıdakı kimidir:
-
Tədricən artan temperaturlar
-
Buzlaqların davamlı əriməsi
-
İllik çay axınlarının azalması
BMT-nin İqlim Dəyişiklikləri üzr Çərçivə Konvensiyasının məlumatlarına əsasən, iqlim dəyişikliklərinin proqnozlaşdırılması göstərir ki, Azərbaycanda ümumilikdə 2030-2049-cu illərdə aşağıdakılar baş verəcək:
-
Orta illik temperatur 2 dərəcə C qalxacaq. İstisna olaraq Mingəçevir ərazisində artım 1 dərəcə C olacaq.
-
Böyük Qafqaz regionunda illik yağıntı 5-8 faiz azalacaq.
-
Yağıntının intensivliyinin Azərbaycanda ən azı 4 faiz artması proqnozlaşdırılır.
-
Ardıcıl quru günlərin Azərbaycanda 2-3 gün artacağı gözlənilir.
Çay axınlarının (xüsusilə qəfil daşqınların) intensivliyi, müddəti və dövriliyi bü günədək müəyyən edilməmişdir.
Pilot hövzələr üçün müəyyən edilmiş alternativ ssenarilərə aşağıdakılar daxildir:
-
İqlim və meteoroloji ssenarilər
-
İllik yağışın və çayların orta illik axınının azalması
-
İllik yağışın və çayların orta illik axınının azalması, lakin yüksək intensivliyə malik qəfil daşqınlar
-
Illik temperaturların yüksəlməsi
-
Yeraltı sulardan istifadə
-
Kənd təsərrüfatının genişlənməsi
-
Içməli sudan istifadənin artması
-
Yeraltı suların hövzədən çıxarılması
-
İstismar ehtiyatı
-
İntensiv boşalma
-
Digər amillər
-
Yeraltı suların çirklənməsi
-
Kənd təsərrüfatında çirklənmə
-
Əhalinin su təchizatı /sənayedə çirklənmə
-
Çökmə / sıxılma
-
Keçiriciliyin və məsaməliliyin azalması
-
Müxtəlif ssenarilər əsasında davranışın təxmin edilməsi
Aşağıda müxtəlif ssenarilər əsasında pilot hövzələrin davranışının qiymətləndirilməsinin xülasələri təqdim edilir:
-
Yerüstü suların hövzəyə axımında artım – intensivlik, axım həcmi və dövriliyi
Yerüstü suların hövzələrə axımının artması yeraltı sulu horizontların təbi qidalanması üçün daha çox su təmin edə bilər, həmçinin, suvarma və əhalinin su təchizatında istifadə məqsədləri üçün saxlanacaq və istifadə ediləcək əlavə yerüstü sular təmin edəcək. Əgər axım həcmlərinin artması yüksək həcm, lakin qısa müddətlə səciyyələnirsə, o zaman suyun təzyiqsiz sulu horizontlara dolmasında artım minimum-orta ola bilər, çünki artan axım sürətlə kanalda aşağı axara doğru keçəcək və dolmaq üçün az vaxtı qalacaq. Yüksək həcmli, lakin qısamüddətli artımlar (daşqınlar) təzyiqli sulu horizontlara az təsir göstərəcək, çünki təzyiqli sulu horizonta çatmaq üçün uzun süzülmə vaxtı lazımdır.
Bu ssenari aşağıdakılarla nəticələnə bilər:
-
Yeraltı su hövzələrinin, xüsusən təzyiqsiz sulu horizontların əlavə təbii qidalanması
-
Təzyiqli sulu horizontlarda artezian təzyiqin potensial artması
-
Sızmanın artması və hövzənin aşağı sərhəddində bataqlıqların əmələ gəlməsi nəticəsində potensial neqativ təsir
Yerüstü su axınının artmasının faydasının artması üçün aşağıdakı struktur yönümlü tədbirlər həyata keçirilə bilər:
-
Yerüstü suların təzyiqsiz sulu horizontlara daxil olmasını artırmaq üçün yerüstü qidalanma hövzələrinin qurulması
-
Təzyiqli sulu horizontlara təzyiqlə əlavə su vurmaq üçün dərin quyuların qurulması
-
Yararlı əkin sahələrinin itkisini azaltmaq üçün gətirmə konuslarının aşağı hissələrində sızma və bataqlıq sahələrində əlavə drenajlar qurmaq
-
Yerüstü suların hövzəyə axımında artım – intensivlik, axım həcmi və dövrilik
Yerüstü suların hövzələrə axımının azalması yeraltı sulu horizontların təbii qidalanması üçün daha az su təmin edəcək, eyni zamanda suvarma və əhalinin su təchizatı üçün saxlana və istifadə edilə biləcək yerüstü suların miqdarını azaldacaq.
Əgər hövzələrə axımın həcmində azalma normaya çevrilsə, təzyiqli və təzyiqsiz horizontlarda qrunt su səviyyəsinin qalxması aşağı düşər və sulu horizontların istismar ehtiyatı azalardı. Hərdənbir xarakter daşıyan yüksək həcmli, qısa müddətli axınlar (daşqınlar) sulu horizontlara az təsir göstərər, çünki təzyiqli sulu horizonta çatmaq üçün uzun süzülmə vaxtı tələb olunur.
Bu ssenari aşağıdakılarla nəticələnə bilər:
-
Yeraltı su hövzələrində, xüsusən təzyiqsiz sulu horizontda təbii qidalanmanın azalması
-
Təzyiqli sulu horizontlarda artezian təzyiqin mümkün azalması
-
Hövzənin aşağı sərhəddində sızmanın və bataqlıq əmələgəlməsinin azalması (biomüxtəlifliyə mənfi təsir; kənd təsərrüfatı üçün yararlı torpaq sahəsinin artması)
Yerüstü su axınlarının azalmasının təsirlərini azaltmaq üçün aşağıdakı struktur yönümlü tədbirlər həyata keçirilə bilər:
-
Yerüstü suların təzyiqsiz sulu horizontlara daxil olmasını artırmaq üçün yerüstü qidalanma hövzələri qurmaq
-
Təzyiqli sulu horizontlara təzyiqlə əlavə su vurmaq üçün dərin quyuların qurulması
-
Qonşu hövzələrdəki az istifadə olunan ehtiyatlardan yerüstü suların yeraltı su ehtiyatlarının qidalanması üçün cəlb edilməsi
-
Hövzələrə axımın azalması və ya artması şəraitində intensiv boşalma
Yeraltı su hövzəsinin intensiv boşalması o zaman baş verir ki, yeraltı suların götürülməsi hövzədəki sulu horizontun və ya horizontların istismar ehtiyatlarını ötür. Intensiv boşalmanın önlənməsi vacibdir, çünki bunun mənfi təsirləri torpağın yatmasına (bu suvarma kanalının effektivliyinə təsir edə bilər), sulu horizontun məsaməliliyinin azalmasına (sıxılma ilə əlaqədar) və digər daha az önəmli təsirlərə səbəb ola bilər.
Intensiv boşalma ssenarisinə suvarma suyu üçün tələbatın ifrat olması səbəb ola bilər və aşağıdakı nəticələr ortaya çıxa bilər:
-
Təzyiqsiz sulu layların aynasının qalxmasının aşağı düşməsi
Bu aşağıdakı arzuolunmayan təsirlərə səbəb ola bilər:
-
Səthəyaxın su təchizatı quyularının dərinliyinin artırılması ehtiyacı
-
Qaz və ya elektrik enerjisi ilə işləyən nasoslardan asılı olaraq quyuların gücünün artması ehtiyacı və bunun xərcləri
-
Ənənəvi istifadə olunan səth bulaqlarının potensial quruması
-
Təzyiqli sulu laylarda mövcud ola biləcək artezian təzyiqin azalması
Bu aşağıdakı arzuolunmayan təsirlərə səbəb ola bilər:
-
Səthdəki artezian axından səthdən aşağıda olan artezian səviyyələrindən nasosla sugötürməyə keçid
-
Bəzi hallarda artezian təzyiqin itkisi və daha dərin quyular qazmaq və ya hazırkı dərin quyuların dərinliyini artırmaq tələbi
-
Qaz və ya elektrik enerjisi ilə işləyən nasoslardan asılı olaraq quyuların gücünün artması ehtiyacı və bunun xərcləri
-
Hövzələr daxilində bulaqlarda və sızmalarda axınların azalması və ya kəsilməsi
Hövzələr daxilində bulaqlar və sızmaların azalması fermerlərə və ucqar fermalara daha çox təsir göstərə bilər, çünki onlar öz sürülərini saxlamaq üçün və onları suvarmaq üçün başlıca olaraq bu su mənbələrindən asılı ola bilərlər. Təbii axımda baş verən bu azalma aşağıdakıları şərtləndirir:
-
Sürü və fermada istifadə üçün dayaz quyuların qurulması
-
Nasoslardan istifadəyə ehtiyac ehtimalı (ferma sahibi üçün artıq xərclərlə başa gəlir)
-
Ənənəvi olaraq səthdə qravitasiya əsaslı su mənbələrinin xidmət göstərdiyi kiçik suvarma sistemlərinin inkişafı
-
Qidalanma üçün sudan istifadəyə tələbatın artması
Cari su aynalarını saxlamaq və intensiv boşalma vəziyyətin azaltmaq üçün süni qidalanma vasitəsilə yeraltı suların qidalanmasını yaxşılaşdırmaq və artırmaq üçün ictimai təzyiq artacaq. Bu, əksər hallarda aşağıdakıları şərtləndirəcək:
-
Hövzəyə axan çayların və axarların məcralarında və ya məcralardan kənarda qidalanma hövzələrinin qurulması
-
Qravitasiya əsaslı dayaz və ya dərin quyularla potensial qidalanma
-
Təzyiqli dərin qidalanma quyuları vasitəsilə potensial qidalanma
-
Torpağın sıxılmasının artması ilə əlaqədar olaraq hövzənin müəyyən hissələrinin potensial çökməsi
Sulu horizontda intensiv boşalma vəziyyəti sulu horizontdakı qum, lil və gil süxurları üzərində dənələrarası təzyiqi artırır. Bu təzyiq qum və lilin sıxılmasına və gil qatlarının bərkiməsinə səbəb olur. Əgər intensiv boşalma vəziyyəti bir neçə ilə davam edərsə, sıxılma/bərkimə zonalarının üstündəki yer səthinin sıxılması bir neçə metrə qədər ola bilər. Bu isə kənd təsərrüfatı müəssisələrində istifadə edilə biləcək qravitasiya əsaslı suvarma kanalı sistemlərinin effektivliyinə təsir göstərə bilər.
-
Ənənəvi iş (cari istinad vəziyyəti)
Hövzəyə gələn və çıxan axınların, tələbatla bağlı cari vəziyyətin davam etməsi
-
Transpirasiya və ya buxarlanmada artım
İqlim dəyişikliyinin təsirləri (orta mövsümi temperaturların artması) və/ya hövzədə bitki və ya meşə örtüyündən transpirasiyanın artımı təzyiqsiz sulu horizontlarda qrunt suların səviyyəsinin düşməsinə xidmət edəcək. Bunun təzyiqli sulu horizontlarda artezian təzyiqlərə təsiri yəqin ki az olacaq. Təzyiqsiz sulu horizontun qrunt sularının aşağı düşməsi əvvəlki (b) bölməsində qeyd edilən təsirlərə malik olacaqdır (eyni dərəcədə olmasa da).
Transpirasiyanın artımının azalması üçün bitki örtüyü və ya öz kökləri vasitəsilə transpirasiya üçün yüksək miqdarda su götürən ağacların çıxarılması həyata keçirilə bilər. Buxarlanmanın azalmasına xidmət edən effektiv tədbir yoxdur.
-
Əhalinin su təchizatı və ya sənayenin, pestisidlərdən/gübrələrdən istifadənin səbəb olduğu çirklənmə
Əhalinin su təchizatı, sənaye və ya kənd təsərrüfatı tullantıları və çirklənmiş maddələri yeraltı su aynalarına çatdıqda həmin yerin ətrafında yeraltı suyun keyfiyyətini aşağı salacaqdır. Əgər dərin quyuya inyeksiya vasitəsilə daxil olarsa, çirklənmə təzyiqli sulu layların hissələrini çirkləndirəcək, səth vasitələri ilə daxil olarsa (gölməçələr, çıxar axınlar, kənd təsərrüfatının genişlənməsi), çirklənmə və suyun keyfiyyətinin azalması təzyiqsiz sulu horizonta köklənəcək.
Hövzədə yeraltı suların əhalinin su təchizatı, şəhər və kənd təsərrüfatı tərəfindən çirklənməsinin azaldılması birləşdirilmiş maarifləndirici və tənzimləyici proseslə əldə olunur. Bu prosesə aşağıdakılar daxildir:
-
Əhalini və bələdiyyə orqanlarını tullantıların ətraf mühit baxımından sağlam şəkildə idarə edilməsi və atılması zərurəti barədə maarifləndirmək
-
Sənaye müəssisələrinə tullantıların çirkləndirici maddələrə çevrilməyəcək şəkildə təmizlənməsi və ya yeraltı su hövzələrindən kənarlaşdırılması ilə bağlı normativ tələblər qoymaq
-
Kənd təsərrüfatı sektorunu herbisid və pestisidlərdən həddən artıq istifadənin potensial təsirləri barədə maarifləndirmək. Yeraltı sulardakı zərərli kimyəvi maddələrin monitorinqi və zəruri olduqda kənd təsərrüfatında istifadəyə məhdudiyyətlər qoymaq
-
Yeraltı hövzələrin reaksiyası ilə bağlı məlumat ehtiyacları
Yeraltı su hövzələrinin müxtəlif iqlim və hidroloji ssenarilərə reaksiyasını adekvat şəkildə müəyyən etmək üçün yeraltı su hövzəsi ilə bağlı aşağıdakı məlumatlar haqqında ən azı orta səviyyəli biliklər lazımdır.
-
Yeraltı hövzələrin təbii və süni qidalanma səviyyəsi
-
Hövzənin səthaltı geologiyası
-
Təzyiqli artezian su səviyyələri və təzyiqlərinin, eləcə də təzyiqsiz qrunt sularının səviyyəsinin qaxlması
-
Lil/gil qatlarının mövcudluğu
-
Yeraltı su hövzələrinin reaksiyasının qiymətləndirilməsinə yanaşma
Hövzə daxilində cari geoloji, hidroloji və sudan istifadə, hövzədə potensial sudan istifadə, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək müxtəlif hidroloji ssenarilər və iqlim dəyişikliyi müddətlərində mövcud ola biləcək temperatur amilləri ilə bağlı məlumatların səviyyəsindən asılı olaraq, yeraltı su hövzələrinin müxtəlif hidroloji və iqlim ssenarilərinə reaksiyasının qiymətləndirilməsi üçün bir neçə metod vardır. Bu qiymətləndirmə metodlarına aşağıdakılar daxildir:
Qiymətləndiricinin əvvəlki təcrübəsi və hövzəyə dair məhdud məlumatlar əsasında empirik yanaşma hövzənin reaksiyasına dair ağlabatan təxmin təmin edə bilər və eyni dərəcədə sonrakı məlumat toplama işləri üçün istiqamət kimi istifadə edilə bilər. Empirik yanaşma hövzənin reaksiyasının ən vacib aspektlərini müəyyən edə bilər və beləliklə əlavə işlər bu vacib sahələrə köklənə bilər.
-
Yaxınlıqdakı digər regional hövzələrdəki əvvəlki təcrübəyə əsaslanan qiymətləndirmələr
Əgər yaxınlıqdakı yeraltı su hövzələrinin pilot hövzələr üçün təklif olunan ssenarilərə reaksiyası müəyyən səviyyədə tədqiq edilibsə, bu nəticələr pilot hövzələr üçün qiymətləndirmənin başlanğıc nöqtəsi kimi istifadə edilə bilər. Pilot hövzənin fərqli xüsusiyyətlərindən asılı olaraq regional nəticələrə düzəlişlər və dəyişikliklər edilə bilər. Nəticədə hövzənin ortaya çıxan davranışı hər hansı müstəqil empirik nəticədən daha yaxşı olacaqdır.
Hövzənin məhdud bir hissəsində müfəssəl qiymətləndirmə ssenariləri aparılmış olsa idi, o zaman yeraltı su hövzəsinin ssenarilərə reaksiyasını daha yüksək keyfiyyətlə müəyyən etmək üçün nəticələr empirik və ya yaxınlıqdakı hövzələrdə aparılmış əvvəlki qiymətləndirmələrlə birləşdirilə bilər.
-
Kəmiyyət qiymətləndirməsi
Yeraltı su hövzəsi üçün yetərli məlumatlar mövcuddursa, müxtəlif yeraltı su götürmə ssenariləri əsasında hövzənin reaksiyasının kəmiyyət qiymətləndirməsini aparmaq mümkündür. Bunun üçün hövzə boyunca geologiya, sulu horizontlar, su səviyyələri, sugötürmə templəri, ssenari əsasında qiymətləndirmə və s. fərqləndirən çoxsaylı məlumat nöqtələri tələb olunur. Hal-hazırda üç hövzədən heç birində kəmiyyət qiymətləndirməsini aparmaq üçün yetərli dərəcədə belə məlumatlar mövcud deyil. Buna görə də natamam keyfiyyət qiymətləndirmələri aparılır.
-
Hövzənin reaksiyası üçün təsir azaltma tədbirləri
İqlim dəyişikliklərinin, yeraltı suların intensiv boşalmasının və ya yeraltı suların çirklənməsinin mənfi təsirlərini idarə etmək və ya azaltmaq üçün məlumatların toplanması və təhlili, yeraltı su istifadəçilərinin maarifləndirilməsi, qidalanmanın artırılması, çirkləndirici maddələrə nəzarət və hövzə boyu əlaqələndirmə və əməkdaşlığın əlaqəli şəkildə tətbiqi həyata keçirilməldiir.
-
Sugötürmənin monitorinqi və nəzarət
Yeraltı hövzələrdən yeraltı su götürülməyə başladıqda, bunun hövzədəki təzyiqli və təzyiqsiz sulu horizontlar üzərindəki təsirlərini müəyyən etmək üçün monitorinq proqramı icra edilməlidir. Monitorinq proqramı götürülən suyun, qrunt suların səviyyəsinin enməsinin, artezian suyun qalxmasının və quyuların yerlərinin müşahidəsindən ibarət olmalıdır. Su səthlərinin davranışını müşahidə/monitorinq etməklə, istismar ehtiyatı saxlana və qoruna bilər.
Mümkün olduqda təzyiqli və təzyiqsiz sulu horizontlarda yeraltı suların qidalanmasından istifadə iqlim dəyişikliklərinin və ya intensiv boşalmaya səbəb olan amillərin təsirlərinin azaldılması üçün çox effektiv yoldur. Qidalanma daimi və dövri ola bilər, hövzədəki yerüstü sulardan və ya gətirilən sulardan istifadə edə bilər və ya yerüstü qidalanma hövzələri və ya qidalanma quyuları vasitəsilə baş verə bilər.
Yeraltı sulara keçən çirkləndirici maddələr içməli suyun miqdarını azalda və bəzi hallarda suvarma sularının keyfiyyətini azaldaraq onların məhsul üçün tətbiqini məhdudlaşdıra bilər. Çirkləndirici maddələrin (əhalinin su təchizatı, sənaye və kənd təsərrüfatı) müəyyən edilməsi və nəzarət edilməsi üzrə proqram yerüstü və yeraltı su ehtiyatlarının qorunması üçün vacibdir.
-
Operatorlar və istifadəçilər tərəfindən potensial mənfi təsirlərin anlaşılması
Yeraltı suların istifadəçilərinin və operatorlarının hövzə daxilində yeraltı suların kəmiyyət və keyfiyyətinin saxlanmasının vacibliyi barədə maarifləndirilməsi əhali, bələdiyyə orqanları və sənaye/kənd təsərrüfatı operatorları üçün yüksək prioritet olmalıdır. Yeraltı suların düzgün idarə edilməməsinin təsirlərinin qəbul edilməsi yeraltı suların idarə edilməsi üzrə sağlam proqramların qəbul edilməsi üçün vacibdir.
-
Hövzə boyu əlaqələndirmə və əməkdaşlıq
Yeraltı su hövzəsi yerüstü suları, yeraltı suları, qidalanmanı və sugötürməni özündə birləşdirən vahid sistemdir. Bunun hövzə sahəsi boyunca istifadəçilər tərəfindən qəbul edilməsi və hövzə boyu əlaqələndirmə və əməkdaşlıq proqramlarının icrası hövzə daxilində yerüstü və yeraltı sulardan effektiv birgə istifadənin həyata keçirilməsinə nail olmağa kömək edəcək.
-
Azərbaycanda yeraltı su hövzələrinin reaksiyasının paralel tədbirlərlə inteqrasiyası
Azərbaycanda oxşar xüsusiyyətlərə malik yeraltı su hövzələrinə dair mövcud ədəbiyyat gözdən keçirilmişdir. Böyük Qafqaz dağlarının cənub sərhədinin yeraltı su hövzələri üzrə məhdud regional tədqiqatlar aparılmışdır. Oxşar regional tədqiqatlar Kiçik Qafqaz dağlarının şimal sərhədi üçün tamamlanmışdır. Dəyişən iqlim və hidroloji ssenarilərə əsasən hövzənin davranışına dair heç bir hesabat tapılmamış, yalnız təsirlərin baş verəcəyinə dair ümumi təsdiq məlumatları mövcuddur (əsasən qidalanmanın azalması, istismar ehtiyatı üzərində məhdudiyyətlər və yəqin ki daha intensiv və qısa müddətli sellər).
Üç pilot hövzəyə dair məlumatlar, eləcə də pilot tədqiqatlar və ya quyulardan və hər hansı oxşar yeraltı su hövzələrindəki quyu sahələrindən əldə olunmuş məlumatlar işlənib hazırlandıqca, məlumatlar əlçatımlı məlumatlar bazasında saxlanması və iqlim dəyişikliyi ssenariləri əsasında yeraltı su hövzələrinin davranışının proqnozlaşdırılmasının təkmilləşdirilməsi üçün istifadə olunmalıdır.
Hövzələrin işlənməsindən öyrənilmiş dərslər (yeni suvarma və bələdiyyə quyuları və quyu sahələri üçün istiqamətlər formasında) Azərbaycanda gələcəkdə yeraltı suların işlənməsi üçün böyük önəm daşıya bilər.
H. Ewoldsen Nəticə 3 – Hidrogeoloji tapşırıq 10 dekabr, 2013
Dostları ilə paylaş: |