Kadetlər partiyasının başçılıq etdiyi liberal burjuaziya cəbhəsi hakimiyyətə can atan qüvvələrdən idi. O, çarizmi ləğv etmədən, konstitusiyalı monarxiyaya keçmək yolu ilə mülkədar burjua quruluşunu möhkəmləndirmək fikrində idi. Onlar 1915-ci ilin yay-payız böhranı gedişində öz konstitusiya proqramından müəyyən dərəcə geri çəkilmişdilər: Duma qarşısında məsuliyyət daşıyan hökumət yaratmaq tələbindən əl çəkib onu "ictimai etimad hökuməti" tələbi ilə əvəz etmişdilər. Bununla kadetlər mütləqiyyətə güzəştə getmişdilər. Belə ki, "ictimai etimad hökuməti" Duma tərəfindən deyil, çar tərəfindən təyin edilməli idi. Kadetlərin fikrincə, mütləqiyyətə bu güzəşt çar II Nikolayı real hakimiyyətdən əl çəkməyə və onu burjuaziyaya verməyə şirnikləndirməli idi.
Lakin Çarın ətrafındakı bəzi şəxslərin Almaniya ilə birtərəfli sülh bağlamaq cəhdləri və inqilab təhlükəsi liberal burjuaziyanı saray çevrilişi ilə məsələni həll etməyə yönəltdi. Bu işdə ona birtərəfli sülh bağlanmasından ehtiyat edən İngilis-fransız imperialistləri də kömək edirdilər. İri burjua dairələri II Nikolayın yerinə onun azyaşlı oğlu Alekseyi taxt-taca oturtmaq, çarın qardaşı Mixaili isə onun qəyyumu təyin etmək fikrinə düşmüşdülər. Lakin 1917-ci il fevral inqilabı nə saray çevrilişinə imkan vermədi. Xırda burjua mövqeyindən çıxış edən eser-menşeviklər də əsasən iri burjuaziyanın siyasətini, "ictimai etimad hökuməti" yaratmaq xəttini müdafiə edirdilər.
Demokratik cəbhədən olan qüvvələr öz qarşılarında tamamilə başqa vəzifələr qoymuşdular. Onlar demokratik respublika, 8 saatlıq iş günü, mülkədar torpaqlarının müsadirə edilməsi və s, tələblər irəli sürürdülər. Bu cəbhəyə proletariat, kəndlilər, şəhərin orta təbəqələri və tələbələr də daxil olmaqla demokratik ziyalılar daxil idi, Bu cəbhədə eser və menşeviklərin sol cinahından olan hissələri, "mejrayonçular" adlanan qrup və bolşeviklər böyük fəallıq göstərirdilər.
Dostları ilə paylaş: |