1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 (22) yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi.Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinəçatmışdır. Artıq çarizm ilə sazişə girməyəçalışan burjua dairələri də çarın və onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar.
Dövlət Dumasının sədri M.V.Rodzyankonun Dumanın səlahiyyətini uzatmaq və hökumətin heyətində dəyişikliklər etmək barədəki 1917-ci il fevralın 10-dakı xahişinə cavab olaraq fevralın 13-də çar II Nikolay Dövlət Dumasının buraxılması haqqında fərman imzaladı (Fərman fevralın 26-da elan edilmişdi).
Fevralın 14-də Petroqradda "Rədd olsun müharibə!", "Rədd olsun çar hökuməti", "Yaşasın ikinci rus inqilabı"şüarları altında böyük tətil keçirildi. Bundan on gün sonra, fevralın 24-də tətil kütləvi xarakter aldı.