Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi.
Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hökumət böhrandan çıxmaq üçün hələ ciddi sosial-iqtisadi tədbirlər görə bilmirdi.
Fevral inqilabı demokratiyanı inkişaf etdirsə də, dövlət quruculuğu, iqtisadi dirçəliş, müharibəyə və sülh məsələləri, sosial məsələlər və s. vacib problemlər həll edilməmiş qalırdı: Xalq təsərrüfatı dağılır, sənaye müəssisələri bağlanır, işsizlik artır. Siyasi partiyalar və təşkilatlar, sosial qruplar arasında konsensusun olmaması da ölkədəki bu vəziyyəti daha kəskinləşdirirdi.
Fevral inqilabından sonra da Rusiyada ictimai-siyasi qüvvələr üç cəbhədə qruplaşmışdı: burjuaziya və mülkədarlar, xırda burjuaziya (kəndlilər, şəhərin orta təbəqələri) və fəhlə sinfi və kəndin yoxsul təbəqələri.
Bu dövrdə Rusiyada 90-a qədər siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlardan ən fəalları kadetlər, eserlər və menşeviklər,Bolşeviklər idi.
1917-ci ilin yayında "Xalq azadlığı (kadetlər) partiyasının sıralarında 80 minə qədər, eserlərin sıralarında 500 mindən çox, menşeviklərin sıralarında 200 minə qədər, bolşeviklərin sıralarında 220 mindən çox adam birləşmişdi (Fevral inqilabı üçün bolşeviklərin sıralarında 23.6 min adam var idi).
Burjua-mülkədar partiyaları qrupuna daxil olan Oktyabristlər (liberal respublikaçılar) Fevral inqilabından əvvəl olduğu kimi hakimiyyəti mülkədarların və iri burjuaziyanın əlində saxlanmasını, konstitusiyalı monarxiya yaradılmasını, sonralar respublika qurulmasını, müharibənin son qələbəyə qədər davam etdirilməsini, torpaq üzərində xüsusi mülkiyyətin saxlanılmasını, mülkədar torpaq sahibliyinin toxunulmazlığını təklif edirdilər.
Kadetlər ("xalq azadlığı") Fevral inqilabından sonra konstitusiyalı monarxiya ideyasından əl çəkərək respublika strukturlu quruluş yaratmağı müdafiə edirdilər. Bu partiyanın proqramında 8 saatlıq iş günü, kilsə və dövlət torpaqlarının paylanması, azad həmkarlar ittifaqlarının yaradılması tələbləri irəli sürülürdü. Bu partiya inqilabın burjua mərhələsində saxlanılmasına, Müvəqqəti hökumət timsalında təkhakimiyyətliliyin yaradılmasına çalışır, müharibənin davam etdirilməsinə tərəfdar çıxır, bölünməz Rusiya uğrunda mübarizə edirdi. Onların fikrincə, Fevral inqilabı ölkənin uzunmüddətli, sabit kapitalizm inkişaf mərhələsinin başlanğıcıdır.
Ölkə əhalisinin əksəriyyətini təmsil edən xırda burjua partiyaları (bu zaman Rusiyada 30-a yaxın belə partiya var idi), o cümlədən eserlər və menşeviklər ölkəni islahatlar yolu ilə burjua demokratik respublikasına çevirmək niyyətində idilər. Onlar milli burjuaziya ilə ingilis-fransız kapitalistləri arasında saziş əsasında müharibəyə son qoymağı, təsərrüfatı bərpa etmək, fəhlə, torpaq və milli münasibət problemlərini həll etmək üçün Müəssislər Məclisini çağırmağı, ölkədə burjua-demokratik qaydaları bərqərar etməyi təklif edirdilər. Onların siyasi-strateji xəttinin mahiyyəti "orta yol" olan sazişçilikdən, Sovetlərin köməyinə arxalanan burjua-demokratik respublikası yaratmaqdan ibarət idi.
Dostları ilə paylaş: |