İnsanların vəfasızlığı barədə.
«Ey müsəlmanlar! Allah-təala öz Peyğəmbər(s)-ini bu fani dünyadan ənbiya və seçilmişlərin son məskəni olan əbədi dünyaya apardı. Ürəklərinizdə olan kin aşkar oldu. Üzünüzə çəkdiyiniz şəriət və din libasını cırıb yırtdınız. Künc-bucaqda gizlənən müxaliflər qol-qanad açdılar. Batil cəbhənin havadarlarının səsi qalxdı. Şeytanın avazı ucaldı. Nəticədə, münafiqlər də onun səsinə səs verdilər. Dünyapərəst və azğın adamlar zəlalət, fitnəkarlıq yolunu tutub şeytanın ardınca getdilər.
Şeytan sizi aldanmış tapdı. Siz onun axarına düşdünüz. Onun azca işarəsi ilə acıqlanıb əsəbləşərək özünüzü itirdiniz. Öz əməllərinizin düzgünlük və ədalətini əldən verərək başqalarının hüququna təcavüz etdiniz. Sahibi olmadığınız dəvənin yüyənindən yapışaraq içməyə haqqınız olmayan bulaqdan su içdiniz.
Doğrusu, nə tez öz vəfanızı itirdiniz, nə tez sizin hərislik və tamahınız baş qaldırdı. Hələ ürəklərimizin yarası sağalmamışdı. Hələ Rəsuli-əkrəm(s)-in cənazəsi yerdə qalmışdı. O müqəddəs Vücud bizim gözlərimizin qarşısından yox olmamış öz çirkin işlərinizə başladınız. Tələsərək layiq olmadığınız yerləri tutdunuz.. Təəccüblü budur ki, elə zənn etdiniz ki, guya bu tələskənlik fitnənin qarşısını almaqdan ötrüdür.
Bilin ki, bu adamlar fitnə və qarışıqlıqda süqut etdilər. Cəhənnəm kafirləri udandır.
Belə hərəkətlər sizdən uzaqdır. Necə də yalan danışırsınız?! Məgər «Quran» sizin aranızda deyilmi? Bütün əmrləri aydın, həqiqətləri aşkar, halal və haramı açıq-aydın söyləyən Allah kəlamını kənaramı qoydunuz? Tanrı hökmünün əksinəmi fitva verirsiniz? Allah kəlamına etiraz edirsiniz? Zülmkarlar necə də pis uçuruma yuvarlanıblar?!!!
Dostları ilə paylaş: |