Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə



Yüklə 3,63 Mb.
səhifə3/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   2   3   4   5   6   7   8   9   ...   169
Fatimə(s.ə)-nin adları.

Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir:

«Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı1

Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq, elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar.

Yenə də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın «Fatir» adından götürülmüşdür. O Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. «Zəhra» adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi.

Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə «Zəhra» deyirlər?»

Buyurdu: «Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi».

Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət əsnasında buyurdu: «Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu».

İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır:

Behiştdə onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər: «Bu parlaq imarət Fatimə(s.ə.)-nindir».

Başqa bir rəvayətdə belə gəlmişdir ki, Allah-təala mələkləri yoxlamaq məqsədilə onlara tərəf qara bulud göndərdi. Bu zaman elə bir qaranlıq çökdü ki, mələklər bir-birini belə görmədilər. Allahdan bu qaranlığın onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını qəbul edib Fatimə(s.ə)-nin nurunu göndərdi.Məhz bu xanımın nuru ərşin ətrafında asılı halda günəş kimi göyün və yerin yeddi qatını işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala onlara buyurdu: «And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin savabını qiyamətə qədər həzrəti-Zəhra(s.ə)-nın Atasının, Ərinin və Övladlarının dostlarına verəcəyəm».

Həzrəti-Zəhra(s.ə)-nın adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən «Bətul» adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr Aşub «Mənaqib» adlı kitabında yazır:

«Səhih rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından hər biri onun fəzilətlərini özündə əks etdirmişdir. İbn Babəveyh bu adları « Müvəllid Fatimə» kitabında sadalamışdır».

O Xanımın künyələri: «Ümmülhəsən», «Ümmülhüseyn», «Ümmülmöhsin», «Ümmuləimmə», «Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. Bu künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir.

«Mənaqib» adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə «Nuriyyə», «Səmaviyyə», «Haniyyə» də deyirlər.

«Haniyyə» adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-ya verilmişdi.


Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı olan münasibəti.


Bu barədə təkcə bunu xatırlamaq kifayət edər ki, həzrəti-Zəhra(s.ə)-ya dəyən zərbə, vurulan töhmət, sümüyünün sınması, qırmancın qolunda iz salması kimi müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət bəslədiyi əri Əli(ə.s)-yə görə olmuşdu. Bütün bu əzab və əziyyətlərə bu yolda şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı ağlayan görən həzrəti-Əli(ə.s) ondan ağlamağının səbəbini soruşduqda xanım Fatimə(ə.s.): «Məndən sonra sənə üz verəcək müsibətlərə görə ağlayıram»,-deyə cavab verdikdə İmam Əli(ə.s) buyurmuşdu: «Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə asan və kiçik görünür».

Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır:

«Peyğəmbər(s) hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə həzrəti-Əli(ə.s)-ni düşməni məhv etmək üçün Yabis2 adlı qumlu səhraya göndərmişdi. Belə nəql edirlər ki, həzrəti-Əli(ə.s)-nin xüsusi bir yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına gəlib həmin yaylığı istəyəndə xanım Fatimə(s.ə) Həzrətdən sual edib soruşdu: «Hara gedirsən? Atam səni hara göndərir?» O zaman həzrəti-Əli(ə.s) buyurmuşdu: «Qumlu səhraya gedirəm».

Həzrəti-Zəhra(s.ə)-nın övladına olan məhəbbəti.

Bu barədə məncə, Şeyx Səduqun Həmmad və İmam Sadiq(ə.s)-dən nəql etdiyi rəvayətini xatırlatsaq, kifayət edər.

İmam Sadiq(ə.s) buyurmuşdur ki, iki seyyidə xanımla bir zamanda evlənmək olmaz. Əgər bu xəbər həzrəti-Zəhra(s.ə)-ya çatsa, ona ağır gəlib qəlbinə toxunar.

Həmmad soruşdu: «Məgər bu, həzrəti-Zəhra(s.ə)-ya yetişirmi?»

İmam Sadiq (ə) buyurdu: «Bəli, And olsun Allaha ki, bu xəbər xanım Zəhra(s.ə)-ya yetişir».


Yeddinci əsrin məşhur şairlərindən biri olan İbn Üneynin yuxusu.

«Ümdətüt Talib» adlı kitabda nəsəbşünas3 alimlər arasında məşhur olan Bəni Davud ibn Musa Əlhəsəninin əhvalatlarında qəribə bir rəvayət vardır ki, çox etibarlı mənbəyə əsaslanır. Bu rəvayət İbn Üneynin3 divanında da yer almışdır.

İbn Üneyn bir dəfə Məkkəyə yola düşdüyü zaman özü ilə çoxlu qiymətli əşyalar da götürmüşdü. Qəflətən yolda Bəni-Davud nəslindən olan seyyidlərdən bəzisi onu tutub bütün mal-dövlətini əlindən alır, hətta əynindəki paltarlarını da çıxararaq özünü möhkəm döyür, döydükdən sonra onu orada qoyub tez gözdən itirlər.

İbn Üneyn Yəmən Sultanı olan Əziz ibn Əyyuba şikayət məktubu yazaraq ondan yardım istəyir. Həmin vaxtda da Yəmən hökmdarının qardaşı Məlik Nasir də qardaşından dəniz kənarında bir müddət qalması üçün icazə istəmişdi.

İbn Üneyn öz naməsində qəsidə ilə hökmdarı onu qarət edən seyyidlərdən intiqam almağa təhrik edirdi. Həmin qəsidənin ilk bəndlərinin məzmunu təqribən belədir:

«Sənin yaxşılıq və səxavətin fəsahət və bəlağət alimlərini onları bəyan etməkdə aciz qoyubdur. Sən yaxşılıq və səxavətdə elə bir dərəcəyə yetişmisən ki, yaxşılar və xeyirxahlar sərhəddindən çox-çox yuxarılara qalxmısan. «Mən xaçpərəst müstəmləkəçilərin əsarəti altında olan sahili fəth etmişəm»,-deyib çox da öyünmə. Çünki bu əsarət altında olmuş sahillə Ədən arasında çox böyük fərq vardır (sahil hara, Ədən hara?). Sən əgər cihad etmək istəyirsənsə, qılıncını Allahın vacibat və sünnəsini tapdayan tayfaya qarşı çək. Öz qılıncınla Allah evini (Məkkəni) murdar və Bəni-Davud tayfası kimi alçaq qəbilələrdən təmizlə. Demə ki, onlar Fatimə(s.ə)-nin övladlarıdır və onlarla döyüşmürəm. Çünki bu oğru və quldur seyyidlər Əbu Süfyan ailəsi ilə əlaqə yaratsalar, İmam Həsən(ə.s)-i öldürmək üçün belə əlbir olarlar.»

Elə ki İbn Üneyn bu qəsidəni yazıb, Yəmən hökmdarına göndərdi, yuxuda görıdü ki, Kəbənin kənarındadır. Həzrəti-Fatimə(s.ə) də ordadır və Kəbəni təvaf edir, yəni Kəbə ətrafına dövrə vurur. Qabağa gəlib salam verdi. Lakin həzrəti Fatimə(s.ə) onun cavabını almadı. Ağlayıb acizanə o Həzrətə ərz etdi ki, mənim günahım nədir ki, salamımı almadın? Həzrəti-Zəhra(s.ə) ibn Üneynə şerlə cavab verdi. Həmin şerin məzmunu təqribən belədir:

«Fatimə(s.ə)-nin bütün övladlarının alçaq və ləyaqətsiz olması qeyri-mümkündür. Lakin ruzigar məkr, hiylə ilə bizə zülm və pislik etdi. Əgər övladlarımdan biri ləyaqətsizlik edərsə, sən qəsdən onların hamısına nalayiq sözlər deməməlisən. Get, öz əməlindən tövbə et. Çünki hər kim bizə pislik edib sonra qayıdıb tövbə etsə, Allah-təala onu bağışlayar. Babaları həzrəti-Mustafa(s)-nın xatirinə onları əzizlə. Onun ailəsindən olan şəxsi incidib təhqir etmə. Həzrəti-Rəsul(s)-un ailəsindən sənə hər nə yetişsə, qiyamət günü onun mükafatını bizimlə görüşəndə alacaqsan».

İbn Üneyn deyir ki, bu halda ağlaya-ağlaya vahimə içində yuxudan ayıldım, başa düşdüm ki, həzrəti-Siddiqeyi-Tahirə(s.ə)-nin bərəkəti sayəsində bədənimin bütün yaraları sağalmışdır. Dərhal tövbə etdim. Dediyim sözlərdən peşman oldum. Sonra üzrxahlıq əvəzi olaraq bu şeri yazdım. Şerin məzmunu belədir:

«Bəşəri haqqa hidayət etmək üçün gəlmiş Peyğəmbər(s)-in qızının hüzurunda üzr istəyirəm ki, cinayət edən günahkarın günahından keçsin. Öz dediklərimi geri götürərək danışdığım sözlərdən tövbə edirəm. Bundan sonra Allaha and olsun ki, əgər onlardan biri (Fatimə(s.ə.)-nin övladlarından) məni qılıncla tikə-tikə doğrasa belə, onun bu hərəkətini nalayiq bilmərəm. Əksinə, bunu ləyaqətli bir əməl təki qəbul edərəm».

İkinci hissə



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin