3.Başqa bir əshabın söhbəti
Əbu Bəkrin nitqindən sonra Mədinə müsəlmanlarından Hübab ibn Munzir ibn Cumuh ayağa qalxıb dedi:
__ Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm dayanın, çünki xalq sizin sayənizdə başını dolandırır. Heç kimin sizinlə müxalifətçilik etməyə haqqı yoxdur. Sizin icazəniz olmadan bir nəfər də rəhbəriyyətə sahib çıxa bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, güclü və möhtərəm olanlar sizlərsiniz. Xalq sizin qərarınızla ayaqlaşır. Buna görə də bir-birinə qarşı etiraz etməyin ki, bütün işləriniz korlanar. Əgər onlar (mühacirlər) dediyim sözləri qəbul etməsələr, onda bizim qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən rəhbər seçilsin.
Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:
__ Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz. Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri olasınız. Ona görə ki, Peyğəmbər(s) sizin qəbilənizdən deyildir, ancaq ərəblər həzrəti-Mühəmməd(s)-in mənsub olduğu qəbilənin rəhbərliyinə etiraz etməz. Peyğəmbər(s)-ə məxsus olan rəhbərlik məqamını ələ keçirmək üçün bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-in dostlarından və onun qohumlarındanıq.
Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:
-Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram.
Ömər ibn Xəttab dedi:
__ Onda Allah səni öldürsün.
Hübab cavab verdi:
__ Allah səni öldürər.22.
Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:
__ Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə (Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.
Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb: «Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha yaxındır. Məni xilafət məsələsində onlarla müxalif bilməyin», __ deyə söylədi.
Dostları ilə paylaş: |