«Düşmənlər islamın məhv olması üçün tədbir gördülər. Allah-təala da buna qarşı tədbir gördü. Allah-təala tədbir görənlərin ən yaxşısıdır». Həmçinin buyurur:
«Onlar istəyirlər ki, öz ağızları ilə Allah nurunu söndürsünlər. Lakin Allah-təala istəyir ki, öz nurunu kamil etsin. Hərçənd kafirlər istəməsələr də».
Ey Abbasın oğlu, Peyğəmbər(s) sağlığında onları Allahın vəhyinə (nazil etdiyinə) dəvət edib tapşırdı ki, mənimlə dostluq etsinlər, amma
şeytan onları yollarından azdırdı. Necə ki şeytan babamız həzrəti-Adəm(ə.s) ilə düşmənçilik edib, həsəd apardı, Allah vəlisinə etdiyi həmin bu həsəd də onu Allah dərgahından qovdurub əbədi olaraq Allahın lənətinə düçar etdi. Qüreyşin mənə olan paxıllığından Allahın köməkliyi ilə mənə heç bir ziyan yetməyəcəkdir.
Ey Abbasın oğlu, bu şəxslərdən hər biri istədi ki, hakim və hökmdar olsun, dünya onlara və qohumlarına üz çevirsin. Onların nəfs və dünya ləzzətlərinə bağlılıqları, xalqın bu dünyapərəstlərin arxasınca getməsi onları məcbur etdi ki, mənim ilahi hüququmu qəsb etsinlər. Əgər Siqli-Əsğəri (Peyğəmbər(s)-in Əhli-beyti, itrəti) kənara atmaq, elm ağacını kəsmək və dünyanın çiçəyi, Allahın möhkəm ipi, əmin qalası və Peyğəmbər övladını məhv etmək qorxusu olmasaydı, mənim üçün Tanrıya qovuşmaq susuz üçün su, yuxusuz üçün yuxu qədər əhəmiyyətli idi, baxmayaraq ki sinəm dərd-qəmlə və zehnim vəsvəsələrlə dolmuşdu, səbir etdim.
Dostları ilə paylaş: |